FACEBOOK: Bəşəriyyəti məhv edəcək yeni silah!

FACEBOOK: Bəşəriyyəti məhv edəcək yeni silah!

Ana Sayfa » Yazılar » FACEBOOK: Bəşəriyyəti məhv edəcək yeni silah!

facebookAlimlərin xəbərdarlıqlarına görə, Twitter və Facebook kimi sosial şəbəkələr insanlarda mənəvi dəyərləri məhv edir, humanizm hisslərinin formalaşmasına əngəl olur
FACEBOOK – bu ad bizə çox tanışdır. Bugün dünyada 400 milyon insan Facebook sosial şəbəkəsində qeydiyyatdan keçmiş və gündəlik olaraq bu portalın imkanlarından yararlanır. Bu, çox böyük rəqəmdir. Bu siyahıda ən müxtəlif insanları – prezidentləri, nazirləri, məşhur pop ulduzları, idmançı və alimləri tapmaq mümkündür. Əvvəlcə, Facebook və Twitter kimi sosial şəbəkələrin insanlara gətirdiyi xeyirdən bəhs edək.
Ünsiyyət! Bu, Facebook vasitəsilə asanlıqla mümkün olan bir anlayışdır. İnsanlar istədikləri, axtardıqları, pərəstiş etdikləri insanlarla asanlıqla ünsiyyət qura bilir, onlara öz sevgi və arzularını çatdıra bilirlər.
İnformasiya! Məhz Facebook sosial şəbəkəsi vasitəsilə ən müxtəlif informasiyanı tez və operativ şəkildə tapmaq mümkündür.
Təbliğat! Müasir dövrdə Facebook portalının imkanlarından istifadə edib öz biznesini quran, ən müxtəlif əşyaları reklam edib satan, öz siyasi, dini və fəlsəfi fikirlərini təbliğ edən milyonlarla insan var.
Məhəbbət! Qəribə də olsa, müasir dövrümüzdə Facebook və Twitter sosial şəbəkələrində öz məhəbbətini axtaran, tapan və sonradan ailə quran çoxlu sayda cütlüklər var. Facebook və Twitter portallarının bu tip xeyirini çox sadalamaq olar. Amma bir şeyin ki, ziyanı onun xeyrindən qat-qat çox və təhlükəlidir, onda məntiqi olaraq, həmin şey cəmiyyət üçün təhlükəli hesab olunur.
Keçək, Facebook və Twitter sosial şəbəkələrinin bəşəriyyətə mənfi təsirlərinə. Bu sahədə öz fikrimi ifadə etməmişdən əvvəl qısa bir araşdırma aparmaq qərarına gəldim. Mənim düşündüklərimin təsdiqi olaraq, bir sıra tanınmış alimlərin, hətta institutların gəldiyi qənaəti sizlərlə bölüşmək istəyirəm. Dünya alimləri hesab edirlər ki, Facebook və Twitter – bəşəriyyəti məhvə aparan yeni bir silah növüdür. Onlar iddia edir ki, bu tip sosial şəbəkələr insanları müasir həyatdan uzaqlaşdırır, onların beynini yuyur və robot kimi sanki özünə tabe etdirir. Ən başlıcası insanlarda mənəvi dəyərləri məhv edir.
Gəlin görək mənəvi dəyərlər nədir və onlar insanda necə formalaşır? İnsanlar kitab oxuyur, dostları ilə görüşür, deyir-gülür və əylənirlər, bir-birinin xeyr və şərində iştirak edir, ağrı-acını bölüşür, sevinci isə paylaşırlar, birgə tədbirlərdə iştirak edir və özlərinin də iştirakçısı olduğu real mənəvi dünyanı formalaşdırmış olurlar. Buna biz insanlar saatlarla, hətta günlərlə vaxt sərf etmiş oluruq. Nəticədə mədəni, etik və humanist bir insana çevrilirik. Təbii, meşədə, dağ başında, kənarda yaşayan insandan bucür dəyərləri gözləmək düzgün olmazdı, çünki həmin insan ömrünü bu tip tədbirlərə sərf etmir. Elə Facebookda vaxtını keçirən insan da eynidir. Həmin insanların dağ başında yaşayan və vəhşi həyat tərzi sürən insandan fərqi çox da deyil. Çünki, Facebook və Twitter insanın vaxtını və ömrünü real olmayan, virtual bir “həyata” sərf etməyə təhkim edir. Bu, bir növ xəstəlikdir. Ən savadlı, ən ağıllı və müdrik insanlar da bu xəstəlikdən yaxa qurtula bilmirlər. Facebook və Twitter sosial şəbəkəsində qeydiyyatdan keçmiş və gündəlik müzakirələrdə iştirak edən insanın şəxsi həyatı tədricən ikinci plana keçir. Onu artıq real dostları, ailəsi, sevgilisi, qohum-əqrabası maraqlandırmır. Çünki, həmin insanın yeni “dostları”, “sevgilisi” və “həyatı” artıq Facebook şəbəkəsində mövcuddur. Az yaşlı uşaqların, o cümlədən yeniyetmə gənclərin Facebookda çox vaxt keçirmələri daha təhlükəli hesab oluna bilər. Çünki, onsuz da həyata yenicə qədəm qoyan bu insanlar artıq əsl həyatın məhz virtual dünya olduğuna inanırlar və tədricən virtual dünyanın sakinlərinə çevrilirlər.
Cənubi Kaliforniya Universitetinin tədqiqatçısı Mary Helen İmmordino-Yanq hesab edir ki, “əgər hər şey çox sürətlə baş verirsə, onda siz başqa insanların fiziki durumu barədə kifayət qədər dolğun təəssürata malik ola bilmirsiz və nəticədə sizin mənəvi dünyanız daralmağa başlayır”. ABŞ Milli Elmlər Akademiyasının bir qrup professoru Facebook və Twitter kimi sosial şəbəkələrin insanlara hansı təsirlər etdiyini müəyyən etmək üçün geniş miqyaslı araşdırma aparmaq qərarına gəldi və bunun üçün minlərlə könüllü həmin bu araşdırmaya cəlb olundu. Məqsəd Facebook və Twitter istifadəçisi olan həmin insanların real həyata münasibətlərini təyin etmək idi. Bunun üçün onlar həmin insanların beyinlərinin şəklini çəkdilər. Alimlər bildirirlər ki, insanlar digər şəxslər haqqındakı informasiyaları çox tez qavraya bilər və başqalarının fiziki ağrı-acılarına bir saniyədə reaksiya verə bilərlər. Lakin qısa zaman ərzində əldə olunmuş informasiya humanizmin əsas düsturunu təşkil edən – valeh olma və yazığı gəlmə hisslərini məhv edir. Araşdırma zamanı Facebook və Twitter kimi sosial şəbəkələrin istifadəçilərinə müxtəlif insanların faciəli həyatı və üzləşdiyi dərdlər barədə, o cümlədən əldə etdikləri uğurlar və fəth etdikləri zirvələr barədə informasiyalar çatdırılır. Sosial şəbəkələrdə uzun müddət vaxt keçirən insanların əksəriyyətində həmin insanlara qarşı heç bir emosiya hiss olunmadı. Həmin insanlar sanki ətrafda baş verən hadisələrə, digər insanların həyatına soyuq laqeydlik nümayiş etdirmiş oldular. Araşdırmaçı İmmordino-Yanq bunu bucür analiz edir: “Bunun səbəbi odur ki, bir insan digər bir insanın faciə və ya uğuruna o zaman müvafiq reaksiya verər ki, həmin insanla uzun müddət canlı ünsiyyəti və ortaq maraqları olsun. Əks təqdirdə insanlar başqalarının həyat tarixçəsinə laqeydliklə yanaşırlar.” Onun sözlərinə görə, insanlar televiziya, elektron media, o cümlədən Facebook və Twitter kimi sosial şəbəkələrdən əldə etdikləri informasiyaları ani olaraq qəbul edir və bu zaman insana xas olan ənənəvi reaksiya nümayiş etdirmirlər. Bu tip ünsiyyət insanları bəşəri dəyərlərdən uzaqlaşdırır və heç bir halda ədəbiyyat oxuyarkən və canlı ünsiyyət qurarkən əks olunan hissləri əvəz edə bilmir. Çünki, insanlarda mənəvi dəyərlərin formalaşması üçün zaman və davamlı ünsiyyət tələb olunur.
Adi bir müqayisəyə diqqət yetirək. Hər gün televiziyalarda, o cümlədən internet şəbəkəsində öldürülən insanları, yandırılan evləri, başı kəsilən insanları görürük. Amma bu hadisələri elektron mediadan tamaşa etdikdə, kiçik bir qisim insanda duyğulu anlar yaşanır. Çoxumuz laqeyd yanaşırıq həmin insanlara. Çünki, ilk növbədə onları tanımırıq, həm də onları virtual olaraq görürük. Amma küçədə gedərkən kimisə gözümüzün qarşısında bıçaqlasalar və hətta öldürsələr, dərhal həyəcandan şoka düşər, bəzilərimiz ağlayar və hətta qışqırıb-bağırıb huşumuzu da itirərik. Çünki, bu faciəni görürük və biz də yaşayırıq sanki. Eyni şey Facebook və Twitter kimi sosial şəbəkələrində də baş verir. Oradakı “dostlarımızın”, “sevgililərimizin” özəl həyatı ilə maraqlanırıq, amma onların halına acımırıq, onların uğuruna sevinmirik. Çünki, onlarla canlı ünsiyyətimiz yoxdur, sadəcə ekran vasitəsilə virtual ünsiyyət qururuq. Bucür ünsiyyət sutkada 1-2 saat davam etsə, o qədər də problem olmaz. Amma Facebook və Twitter kimi sosial şəbəkələrdə saatlarla, hətta günlərlə oturan və bunu bir növ həyat tərzinə çevirən insanlarda tədricən humanizm hissləri yoxa çıxır, onlar real həyatdan uzaqlaşır və “əsl həyat” hesab etdikləri virtual dünyanın robotlarına çevrilirlər. Bəli, robotlara. Duyğusuz, hisslərsiz, mənəviyyatsız bi dəmir parçasına çevrilirik. Hətta ABŞ prezidenti Barak Obama da Facebook və Twitter kimi sosial şəbəkələrindən istifadə edib seçkilərdə qalib gəlsə də, sonradan bunun zərəri barədə Amerika gənclərinə məsləhət də vermişdir: “Mən həyatda uğurlara imza atmaqda doğma atamdan ilham almışam, onunla ünsiyyətdən həvəslənib gələcəyimi qurmuşam. Çünki, həvəs, ilham, vale olmaq, acımaq kimi hisslər – humanizmin əsas ünsürləridir. Bu hissləri yaşamaqla biz həyatda pisi yaxşıdan seçə bilirik. Lakin real həyatdan nə qədər uzalaşırıqsa, tədricən də humanizmdən uzaqlaşırıq. Facebook və Twitter də real həyatdan uzaqlaşmağımıza əsas səbəbkardır.”
Odur ki, indiki nəsil müəyyən mənada internet sosial şəbəkələrindən asılı olduğu halda, gələcək nəsillər tamamilə bu şəbəkələrin qurbanına çevriləcək ki, bu da bəşəriyyətin gələcəyini indidən təhlükə altına salır. Belə ki, indiki nəsillərin keçmişi real həyatla əlaqəli olub, odur ki, onları tamamilə real həyatdan qoparmaq mümkün deyil. Lakin həyata gözünü açan andan Facebook və Twitter kimi sosial şəbəkələrin istifadəçisi olan yeniyetmənin gələcəkdə real həyatda hansı dəyərlərin sahibi olacağını təsəvvür etmək çətindir.
Sosial şəbəkələrin başqa bir zərəri də məxfiliyin qorunması ilə bağlıdır. Belə ki, özümüz haqda bütün informasiyaları milyonlarla insana aşkar etdikdə biz öz müdafiəmizi laxlatmış oluruq. Elə istifadəçilər var ki, onlar nəinki özləri barədə informasiyaları, hətta ailə üzvləri, həyat yoldaşı və uşaqları barədə məlumatları, fotoları, ev ünvanlarını və telefon nömrələrini də internetdə yerləşdirirlər. Bu, gələcəkdə həmin insanın şəxsi təhlükəsizliyi üçün zərərli ola bilər.
Son illər Azərbaycanda da Facebook və Twitter kimi sosial şəbəkələrinin istifadəçiləri xeyli artıb. Bu, ilk növbədə sevindirici olsa da, bunun mənfi fəsadlarını cəmiyyətimiz artıq duymaqdadır. Belə ki, Facebook vasitəsilə sərhədsiz imkanlar əldə edən gənclər bütün dünya ilə ünsiyyət qurur, əlaqələr yaradır və bütün dünyada tanınırlar. Lakin bu sosial şəbəkəyə aludə olan bəzi gənclərimiz artıq özlərini unutmuş, özəl həyatlarını, ailələrini, iş və təhsillərini bir kənara atmış, sanki Facebook ilə yaşayır, nəfəs alır, real həyatda əldə etməli olduqları uğurları məhz Facebookda axtarırlar. Sanki Yer planeti deyil, virtual dünya olan Facebookun sakininə çevrilirlər. Bəzi dayaz dünyagörüşlü gənclərimiz Facebook və Twitter kimi sosial şəbəkələrində malik olduqları “dost” siyahısının genişliyi ilə qürur duyur, bunu müəyyən mənada uğur, intellekt və uzun illərin zəhməti kimi görürlər. Facebookda tapdıqları “sevgini” itirəndə, həmin “dost” siyahısının bir günün içində yoxa çıxdığı zaman və ya Facebook şifrələrini unutduqları zaman həmin gənclərin hansı hissləri və duyğuları yaşadıqlarını təsəvvür etmək çətin deyil. Sanki, illərdir xəyallarda qurulan həyat sona çatdı, dostlar atıb getdi, sevgi yoxa çıxdı. Bunun nəticəsidir ki, Facebook kimi portalların müntəzəm istifadəçiləri arasında intihar hallarının artması artıq hər gün eşitdiyimiz xəbərlərdən biridir. İnsanlar internetdə tapdıqları sevgidən bir anlıq yox cavabı alanda, bu cavabın real insan və ya manyak tərəfindən yazıldığını, ümumiyyətlə bu cavabın hansı vəziyyətdə verildiyini, zarafat və ya ciddi şəkildə ifadə olunduğunu ayırd etmədən özlərini depressiyaya soxur, bəzi cavan qızlarımız isə intihar kimi ən son varianta da əl atırlar.
Bütün bu danışdıqlarımızın real olduğunu sübut etmək istəyənlər özləri də bunu təcrübədən keçirə bilərlər. Gününün çox hissəsini Facebook və Twitter kimi sosial şəbəkələrində keçirən gənclər, çox yox, 1 həftə bu saytlara daxil olmadan dayana bilərsinizmi?! Xeyr, əsla! Darıxacaqsınız, həsrətdən içiniz yanacaq. Mərak edəcəksiniz, görəsən mənim Facebookdakı “dostlarım”, “sevgilim” nə edir, mənə nə yazıb indi. Düzdürmü?! Əlbəttə, düzdür! Bunun bir səbəbi də odur ki, siz artıq real həyatdan uzaqlaşmısınız, siz canlı həyatda yaşamırsınız. Sizin bu real dünyada nə dostunuz var, nə yoldaşınız, nə də ki, sizi ürəkdən sevən, hər gün sizi əzizləyən sevgiliniz. Odur ki, bu real həyatda sizlər darıxırsız və öz dünyanıza – Facebooka can atırsız. Yaddan çıxarmayın ki, milyard yaşı olan bu dünyada yaşamaq lazımdır, sözün əsl mənasında yaşamaq. Hər an dağılma ehtimalı olan yalançı dünyalara – Facebook və Twitter kimi sosial şəbəkələrinə isə çox da bel bağlamayın. Yoxsa, peşman olarsız!

PhD Əhməd Şahidov

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb