DƏDƏ QORQUDUN İZİ İLƏ…

DƏDƏ QORQUDUN İZİ İLƏ…

Ana Sayfa » Yazılar » DƏDƏ QORQUDUN İZİ İLƏ…
Bu iz bizi tariximizdən qoparıb gələcəyə aparır…
Kamal Abdulla – bu ad mənə çox yaxındır. Bir vətəndaş kimi sevirəm bu adı, bir tələbə kimi dinləyirəm, bir oxucu kimi oxuyuram bu adı, bir dost kimi dəstəkləyirəm bu adı. Bəli, bir dost kimi. Çünki, Kamal Abdulla mənim ən yaxın dostumdur. Onu mənə dost etdirən onun ziyalılığı, onun sadəliyi və səmimiyyətidir.
Kamal Abdulla ilk növbədə bir azərbaycanlıdır. Vətənini, xalqını, dövlətini və dilini sevən bir vətəndaşdır. Ömrünün böyük bir hissəsini Azərbaycan dilinə, ümumiyyətlə dilçiliyə sərf etmiş bir alimdir. Uzun müddət Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri, professoru olmuş, Türkiyənin Uludağ Universitetinin “Türk dili və ədəbiyyatı” bölümünün professoru olaraq çalışmışdır. Bu insanın nüvəsində Azərbaycan dili durur. O dil ki, insanına əsl vətəndaş olmağı, Vətənini sevməyi, tarixini unutmamağı, ədəbiyyatını öyrənməyi, ümumiyyətlə həyatda yaxşı olan hər şeyi sevməyi öyrədir həyatda. Kamal müəllim ömrü boyu məhz bu missiyaları təbliğ edib tələbələrinə.
Dahilərdən birinin gözəl bir sözü var: “Elm qurban tələb edəndə, mədəniyyətə çevrilir”. Bu kəlamı Kamal Abdulla yaradıcılığında açıq şəkildə duymaq olur. Çünki, Kamal müəllim elmi ilə həm də mədəniyyət yarada bilmişdir. Onun həyat və yaradıclığı sanki zəncirvari bir ardıcıllıqdır. Azərbaycan dilini mükəmməl bilən alim bu dilin incəliklərindən məharətlə istifadə edərək, ədəbiyyata atılır. Onun bütün əsərlərində, istər roman, pyes, esse olsun, istərsə də şeir və hekayələrində Azərbaycan dilinin zənginliyini sezmək mümkündür. Və həmin əsərləri oxuculara sevdirən də məhz bu cəhətdir. Kamal Abdulla qələmə aldığı əsərləriylə təkcə ədəbiyyat deyil, eyni zamanda dilçilik missiyasını da öz üzərinə götürmüş olur. Çünki, Azərbaycan dilindən xəbəri olmayan hər hansı ədibin şedevr əsər yaratması heç də inandırıcı görünmür. Gərək, Azərbaycan dilinin xüsusiyyətlərini, dialektləri, ləhcələri, bənzətmələri və dilin digər incə məqamlarını səlist biləsən. Və bunlardan məharətlə istifadə edib oxucunun qəlbinə yol tapasan.
Bu yolun sorağıyla yola çıxan Kamal Abdulla “Dilçiliyə səyahət” kitabını yazdı. Bu kitabda müəllif sözlə həmsöhbət oldu. Gah özü sözə danışdı, gah da söz danışdı, özü susdu. Ümumiyyətlə, dillə bağlı sıx-sıx eşitdiyimiz bir ifadə var: “Dil canlı varlıqdır”. Bu, bir qayda olaraq dilin zəngin təbiətini, əsrarəngiz dil dünyasının həyatımızdakı önəmli rolunu göstərmək naminə işlədilən yalnız metaforik bir deyim kimi qəbul edilir. “Dilçiliyə səyahət” kitabını oxuduqdan sonra isə dilin bizimlə iç-içə yaşayan gerçək canlı olduğuna məndə zərrə qədər də şübhə yeri qalmadı… Kamal Abdulla bu kitabı «Dilçi olmayanlar üçün dilçilik» adlandırır. Amma mən onu tam ciddiyyətlə, həm də dilçilər üçün stolüstü kitab adlandırardım. Oxuculara təqdim olunan bu kitab ali məktəblərin bakalavr və magistr pillələrində 6 il müddətində tədris olunan dilçilik kursunu tam əhatə edir – anlaşıqlı, sadə, aydın və cəlbedici bir üslubda, orijinal maneralarda, yerində olan haşiyələrlə.
Bir-birindən maraqlı əsərləriylə təkcə Azərbaycanda deyil, hətta ölkəmizdən kənarda da böyük coşqu ilə sevilən Kamal Abdulla təkcə “Gizli Dədə Qorqud” əsəriylə öz adını tarixə qızıl hərflərlə yazdırmağı bacarır. Bu əsər sanki bizi qəflət yuxusundan ayıldır və tarixin əsiri olmaqdan qurtarır, gələcəyə, daha xoşbəxt illərə səsləyir. Ədibin digər kitabları da – “Sirr içində dastan”, “Əvvəl axır yazılanlar”, “Ruh”, “Yarımçıq əlyazma“, “Tarixsiz gündəlik”, “Sehrbazlar dərəsi”, “Dilçiliyə səyahət”, “Mifdən yazıya”, “Unutmağa kimsə yox…” böyük marağa və oxucu sevgisinə şahidlik etmişdir.
Mən Kamal Abdulla yaradıcılığında ən çox onun şeirlərini sevirəm və yaxından izləyirəm. Çünki, mənə elə gəlir ki, şeir yeganə ədəbi vasitədir ki, burada müəllif maksimum səmimi olur. Əgər yazıçı hər hansı roman və ya povest yazanda yenidən əvvəlki məqama qayıdıb, öz düzəlişlərini edə bilirsə, məncə şeirdə bunu etmək qeyri-mümkün olur. Məncə, şeir müəllifin səmimilik simvoludur. Şair öz şeirində yalan danışa, maskalana bilmir. Odur ki, Kamal Abdullanı olduğu kimi görmək, duymaq istəyən hər bir oxucu ilk növbədə onun şeirlərinə müraciət etsin:
Yolla gedən olmasa, bilinməz,
Bilinməz gəlir bu yol, ya gedir.
Yol var bütün ömür boyu gəlinməz,
Yol var gəlir çatır, yanında itir.
Biləmmədim gəlir, gedir izlərin?
Biləmmədim hansındasan yolların…
…Səni necə gizlədir gözlərin,
Səni necə qoruyur qolların…
“Yol” mövzusu mənim həyatda ən çox sevdiyim bir mövzudur və bunu Kamal Abdullanın da yaradıcılığında özümə daha yaxın hiss edirəm. Çünki, yol bir fəlsəfədir, yol bir dindir, yol Allahdır, aparır bizi, bilmirik hara gedirik, amma yenə yola qoşulub gedirik.
Mən də öz müəllimimdən, ustadımdan ilhamlanıb şeirlər yazmağa başladım. Çalışdım onun yolu ilə gedim, bilmirəm nə dərəcədə bacardım, amma yola çıxdım… şeir yazdım, adını da “Yol” qoydum:
Uzun bir yol gedirəm, yolu yoxdu bu yolun,
Yoxdu nə başlanğıcı, yoxdu sonu bu yolun.
Yol məndən yol soruşur, özü də çaşıb qalıb.
İkimiz də azmışıq, yolda tənha qalmışıq,
Uzanıb dərdimiz də yollar qədər uzanıb,
Yol yol üstdə uzanıb, mən ayaqda, qalmışıq.
Yollar var ki, insanı düz ölümə aparır,
Yol da var ki, insanı ölümündən qurtarır.
Yol dalınca yol gəlir, bizi yola aparır,
Yollar bizə dar gəlir, yenə yola gəlmirik,
Yollar yola şərikdir, biz də yolla əlbirik.
Yol bizi özümüzdən, başlanğıcdan qoparır,
Aparır sona bizi, ölümə pay aparır.
Kamal Abdullanın həyat və yaradıcılığı o qədər çoxşaxəli və zəngindir ki, birini qoyub, digərinə keçmək məcburiyyətində qalıram. Kamal müəllim həm də teatr xadimidir. Onun əsərləri nəinki Azərbaycanda, hətta Rusiya və Türkiyənin ayrı-ayrı teatrlarında səhnələşdirilir. Kamal müəllim həm də görkəmli mədəniyyət xadimidir. Azərbaycan Yaradıcılıq Fondunun sədri kimi ölkə mədəniyyətində misilsiz xidmətləri olan bu insan bir çox atyor və aktrisaların, teatr işçilərinin mənəvi atası kimi sevilir.
Kamal Abdulla həm də bir rəhbərdir. Rektoru olduğu Bakı Slavyan Universitetinin yenidən qurulmasında, inkişaf edib dünya universitetləri sırasında layiqli yer tutmasında, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsində məhz Kamal Abdullanın danılmaz xidmətləri olmuşdur. Yadımdadır ki, 1999-cu ildə ilk dəfə Filologiya fakültəsinə daxil olanda universitetimiz hələ M.F.Axundov adına Rus dili və ədəbiyaytı institutu adlanırdı. 2000-ci ildə ölkə rəhbərliyinin qərarı ilə rektor təyin olunan Kamal Abdulla sanki ölkənin təhsil sistemində yeni səhifənin başlanğıcını qoydu. BSU sürətlə inkişaf etməyə başladı, yeni-yeni fakültələr, mədəniyyət mərkəzləri açıldı. Artıq universitetimiz təhsil müəssisəsi deyil, eyni zamanda Azərbaycanın strateji məkanına çevrilmişdi. Kimlər gəlməyib bu universitetə?! – Vladimiz Putin, Viktor Yuşenko, İvan Plyuş, II Aleksiy, Sergey Mironov, Jelyu Jelyev, Konstantinos Stefanopulos, Giorgiy Pirvanov, Lex Kaçinski. Bütün bu insanlar Azərbaycana rəsmi səfərləri zamanı ilk növbədə Bakı Slavyan Universitetinə gəlməyi özləri üçün prioritet hesab edirlər.
Kamal Abdulla barədə nəinki bir məqalə, hətta kitablar da yazıla bilər. Onun həyat və yaradıcılığı 60 ilə sığmadığı kimi onun barəsində deyilən fikirlər də bir məqaləyə sığışmaz. Hələ çox deyiləcək, müzakirə olunacaq müsbət cəhətləri var Kamal müəllimin. Bütün cəhətlərdən ən yüksəkdə duranı isə onun insanlığıdır. Məncə onun bu cəhətini məndən yaxşı bilən, məndən yaxşı hiss edən kimsə yoxdur. Çünki, mən ömrümün son 10 ilini məhz bu insanla birlikdə keçirmişəm. Onun hər gününü, hər anını xatırlayıram. Onun nələrə sevindiyini, nələrə kədərləndiyini yaxşı bilirəm. Bu günlərdə Kamal müəllimin 60 yaşı tamam olur. Bu, bir ömürdür, həm də örnək götürüləsi bir ömür. Bu, bir fəlsəfədir, ömür fəlsəfəsi. Bu, bir tarixdir, qorunulası, seviləsi və gələcək nəsillərə ötürüləsi bir tarix, həm də şərəfli bir tarix. Bizə bu tarixi bəxş etdiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk, Kamal müəllim. Çünki, bu tarix sizin həyatınız bahasına başa gəlib. Nə yaxşı ki, Siz varsınız, nə yaxşı ki, bu tarix var!
Hörmətlə,
Fəlsəfə doktoru Əhməd Şahidov

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb