AZƏRBAYCANDAN AVROPAYA…

AZƏRBAYCANDAN AVROPAYA…

Ana Sayfa » Yazılar » AZƏRBAYCANDAN AVROPAYA…

… zəngin tarixi-mədəni irsimiz yüzilliklər boyu Avropanın maraq dairəsində olub
Hal-hazırda bütün dünyada etalon kimi qəbul edilən Avropa ölkələri öz iqtisadiyyatı, sənayesi, ordusu və digər cəhətləri ilə irəlidə olsa da, mədəni irsi baxımından Şərq ölkələrini, xüsusən də müsəlman ölkələrini üstələyə bilməyib. Məhz bu sahələrdə avropalılar tarix boyu bizlərdən öyrənməyə, nəyisə təqlid eləməyə, hətta bəzi vaxtlarda bizim tarixi abidələrimizi, əşyalarımızı pulla satın alıb Avropaya aparmaqla mədəniyyətimizi oğurlamağa da çalışıblar. Bununla bağlı kifayət qədər sübutlar var və Avropanın ən məşhur muzeylərində hələ də saxlanılan tarixi-mədəni irsimiz bunu deməyə əsas verir. Lakin bu dəfə mən tamam başqa nümunədən, çox uzaq tarixə bağlı olan, lakin yenicə kəşf etdiyimiz mədəni abidəmiz barədə danışmaq və bu abidəmizə avropalıların tarixi marağını ortaya qoymaq niyyətindəyəm.

Bir neçə gün bundan əvvəl Ağsu rayonuna işgüzar səfərimiz baş tutdu. Hörmətli müəlliməm, millət vəkili Gülər Əhmədova bu səfərimizin əsas təşəbbüsçüsü və təşkilatçısı idi. Çox böyük marağıma səbəb olan isə Ağsu rayonunda yerləşən qədim Ağsu şəhəri oldu. Ümumiyyətlə, Azərbayacanın son orta əsr şəhərləri içərisində əhalisinin sayına və tutduğu ərazinin böyüklüyünə görə fərqlənən Ağsu şəhəri 1735-ci ildən 1806-cı ilədək Şirvanın baş şəhəri olmuşdur. Ağsunun adı tarixi mənbələrdə ilkin olaraq XVI əsrdən etibarən ticarət-sənətkarlıq məntəqəsi kimi xatırlanır. Özü də təkcə Azərbaycanda deyil, həm də bütün Avropada tanınan Ağsu şəhərinə xaricdən çoxlu sayda qonaqlar – tacirlər, rəssamlar, turistlər gəlirdi. Bunu sübut edən dəlillər isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə layihəsi əsasında 2010-cu ilin mart ayından Ağsu orta əsr şəhər yerində başlanmış arxeoloji tədqiqatlar zamanı əldə olunmuşdur. Məhz Azərbaycan arxeoloqları iki ay ərzində 600 kvadrat metrlik sahədə qazıntı işləri aparmış, onun planını işləmiş, aşkar olunmuş tikinti və istehsalat ocaqlarını öyrənmiş, qeydə alınmış 1000-dən artıq müxtəlif çeşidli maddi mədəniyyət nümunələrini, o cümlədən 400-dən artıq sikkə nümunəsini təmizləmiş, fotosunu çəkmiş və onları sözün əsl mənasında elmi süzgəcdən keçirmişlər.

Ağsu şəhərinin bu tarixi yerində aparılmış arxeoloji tədqiqatlar nəticəsində Azərbaycan elmi, tarixi və mədəniyyəti üçün mühüm əhəmiyət kəsb edən çox maraqlı tapıntılar əldə olunmuşdur. Bu ərazidə misgərlik, dəmirçilik, boyakarlıq və sümükişləmə sənəti ilə məşğul olan ustalara məxsus bir neçə sənətkarlıq emalatxanası aşkar edilmişdir. Oradan çox nadir daş və metal qəliblər, sikkə zərbi məqsədilə doğranaraq hazırlanmış çoxsaylı mis lövhələr, Avropa şəhərlərində, o cümlədən Londonda istehsal olunmuş şüşə və çini qab nümunələri tapılmışdır. Azərbaycan ərazisində ilk dəfə olaraq “Lahıc” zərbi olan sikkələr də məhz Ağsuda tapılmışdır.

Tədqiqat yerindən tapılmış müxtəlif tip tarixi-mədəni qalıqlar hazırda Azərbaycan Respublikası adlanan bu ərazidə bir zamanlar hansı sivilizasiyanın mövcudluğundan xəbər verməkdədir. Belə ki, yazılı qaynaqlarda Ağsu və ya Yeni Şamaxı kimi xatırlanan, xalq arasında Ağsu qalası və ya Xaraba şəhər kimi tanınan orta əsr Ağsu şəhərinin xarabalıqları indiki Ağsu rayonu ərazisində, Ağsu şəhərindən 4-5 kilometr cənub-şərqdə, Ülgüc, Ərəbuşağı, Ağarx və Curuqlu kəndlərinin əhatəsində yerləşir. Şəhər ərazisi plan etibarı ilə düzbucaqlı formada olmaqla təqribən 34 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və val şəklində olan çox möhtəşəm qala divarları ilə möhkəmləndirilib. Şəhərin cənub divarlarının uzunluğu 585, şimal divarlarının uzunluğu 580, şərq divarlarının uzunluğu 580, qərb divarlarının uzunluğu isə 600 metrdir. Qala divarlarının xaric tərəfdən hündürlüyü (xəndək də nəzərə alınmaqla) 6 metrdən çoxdur. Şəhər ətrafı müdafiə divarlarının etibarlığını təmin etmək məqsədilə qala boyunca 3 metr dərinliyi və 17 metr eni olan xəndək qazılıb. Xəndəyin içərisinin torpağı bütünlüklə qala divarlarının döşünə verilməklə çox möhtəşəm val ucaldılıb. Val-divarın üstündə və kənarlarında çay daşından hörgü qalıqları olduğu müşahidə edilir. Abidənin ətrafında 4 qəbristan var. Onlardan daha yaxşı qalanı şimal istiqamətindədir. Oradakı qəbir daşlarının bir qisminin XVIII əsrin sonlarına aid olduğu bildirilir. Xatirə daşlarının möhtəşəmliyi və onlar üzərindəki qeydlərə əsasən düşünmək olar ki, qəbristanda əsasən Şirvan hökmdarları nəslindən olan tanınmış insanlar dəfn olunub.

Orta əsrlər Ağsu şəhəri ilə tanışlığımız zamanı həmin ərazidə tədqiqat aparan arxeoloq qrupu ilə də tanış ola bildik. Çox savadlı və peşəkar mütəxəssislərdən – Qafar Cəbiyev, Fariz Xəlili, Akif Quliyev, Ceyhun Eminli, Elmira Abbasova, Süleyman Allahverdiyev və digər şəxslərdən ibarət bu heyətin gərgin əməyi nəticəsində Azərbaycanın tarixi-mədəni irsi yenidən kəşf olunmaqdadır. Həqiqətən də bu insanların apardığı gərgin tədqiqatlar nəticəsində orta əsrlər tariximiz və mədəniyyətimiz barədə bir sıra fikirlər irəli sürmək mümkündür:

1. Qazıntı nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri, o cümlədən zəngin keramika məmulatı və sikkə nümunələri orada XVIII əsrdə xüsusilə intensiv şəhər həyatı olduğundan xəbər verir. Bununla belə tapıntılar orada XVIII əsrə qədər və XVIII əsrdən sonra da həyat olduğunu təsdiq edir;

2. İlkin tədqiqatlar zamanı aşkar olunmuş rəngarəng çeşidli maddi mədəniyyət nümunələri bir çox xüsusiyyətləri, o cümlədən bədii, bədii-texniki və texnoloji xüsusiyyətləri baxımından Azərbaycanın digər şəhərlərinin materiallarından nəzərəçarpacaq dərəcədə fərqlənir. Bu baxımdan həmin abidənin və oradan aşkar edilmiş maddi mədəniyyət nümunələrinin daha geniş çərçivədə öyrənilməsi bütövlükdə Azərbaycanda son orta əsr şəhər mədəniyyətinin dərindən və əhatəli tədqiqi baxımından xüsusi aktuallıq kəsb edir;

3. Ağsu son orta əsr şəhər yeri Azərbaycanda nadir arxeoloji abidələrdəndir ki, şəhər süqut edəndən sonra onun ərazisində heç bir tikinti, qazıntı və bu qəbildən olan təsərrüfat işləri aparılmayıb. Bu isə o deməkdir ki, orada şəhərin tikintiləri, istehsalat ocaqları, küçə və meydanları digər abidələrlə müqayisədə daha yaxşı qalmışdır. Bütün bunlar isə bəhs edilən dövrdə Azərbaycan şəhərlərinin daxili plan quruluşunu, memarlıq xüsusiyyətlərini, abadlıq, sanitariya və su təchizatı məsələlərini, şəhər sənətkarlığının inkişaf səviyyəsini, ayrı-ayrı sənət sahələrində müşahidə olunan inkişaf və tənəzzül meyllərini öyrənmək baxımından son dərəcə mühüm elmi əhəmiyyət kəsb edir. Başqa sözlə, Ağsu (Xaraba şəhər) abidəsi nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin öyrənilməsi baxımından bir növ etalon ola biləcək abidədir. Bu mənada orada geniş miqyaslı arxeoloji tədqiqatlar aparılmasının vacibliyi hər zaman aktual olaraq qalmaqdadır. Bütün bunlar isə «Miras» İctimai Birliyinin təşəbbüsü ilə 2010-cu ilin mart ayından etibarən orada genişmiqyaslı arxeoloji tədqiqatlara başlanılması üçün əsas oldu.

Abidəni gəzməkdə bizə yaxından yardımçı olan qrup üzvləri tədqiqatın gedişi barədə də bizləri məlumatlandırırdılar. Məlum olmuşdur ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya «Miras» İctimai Birliyinin müraciəti əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun 04 mart 2010-cu il tarixli əmri ilə təşkil olunub. Ekspedisiya üzvləri 05 mart 2010-cu il tarixdə tam tərkiblə Ağsu rayonuna ezam edilib. Bir gün təşkilati-hazırlıq işləri ilə məşğul olduqdan sonra martın 7-də Ağsu (Xaraba şəhər) son orta əsr şəhər yerində çöl tədqiqat işlərinə başlanılıb.

Orta əsr Ağsu şəhər (Xaraba şəhər) yerində tikintilər əsasən çay daşından inşa olunub. Tikintidə birləşdirici material kimi palçıqdan istifadə olunub. Binaların divarlarının bünövrə hissəsi yonulmamış, bünövrədən yuxarı hissəsi isə yonulmuş çay daşından hörülüb. Divarlarda hələ ki, Şirvan memarlıq məktəbi üçün xarakterik olan və antiseysimik funksiya daşıyan ağac kətillərə təsadüf olunmayıb. Görünür, hələlik aşkar edilən bina qalıqları fundamental tikintilərə aid deyil. Adətən, yardımçı binalarda antiseysimik kəmərlərdən istifadə olunmurdu. Qazıntı sahəsində az miqdar bişmiş kərpic nümunələrinə təsadüf olunmuşdur. Şəhər xarabalıqlarını gəzərkən də bişmiş kərpic qırıqlarına az-az hallarda təsadüf olunur. Rast gəlinən bişmiş kərpiclərdən də əsasən ocaq kənarlarının hörülməsində və döşəmə yerlərində istifadə olunmuşdur. Aşkar edilmiş divarlarda hələlik kərpicdən istifadə olunduğunu təsdiqləyən qalıqlara təsadüf olunmayıb.

Tikintilərdə ağac materiallarından geniş istifadə olunub. Aşkar edilən dirək yerləri, agac çürüntüləri, kömür qalıqları, xüsusən də müxtəlif formalı və müxtəlif ölçülü dəmir mismarlar bunu bir daha təsdiq edir.

Qədim Ağsu şəhər abidəsini gəzərkən xüsusilə diqqətimi çəkən məqamlardan biri də burada aşkar olunan əşyalarda həm tarixi, həm də mənəvi dəyərlərimiz baxımından çox nadir nişanələrin yer almasıdır. Əsas marağıma səbəb olan pul sikkələr oldu. Məhz həmin sikkələrin üzərindəki görüntü və yazılar xüsusi araşdırmaya cəlb olunmalıdır. Belə ki, Ağsu qazıntıları zamanı eyni sahədən 20-yə qədər gümüş sikkə aşkar edilmişdir. Həmin sikkələr Şamaxı və Gəncə zərbxanalarında, Nadir şah, Kərim xan Zənd və anonim buraxılımış abbası və şahılardan ibarətdir. Şamaxıda zərb edilmiş sikkələrin aversində “Ya, sahib zaman”, reversində “Şamaxı zərbi ” və buraxılış ili verilib (1774-1775) – (1777-1778). Gəncədə zərb edilmiş sikkələrin aversində “Zamanın sahibi imamın sikkəsi günəşi və ayı qızıla və gümüşə çevirirdi” və ya “Ya sahib əz-Zaman imamın sikkəsi günəşi və ayı qızıla və gümüşə çevirirdi” sözləri yazılıb. Bu sikkələr hicri tarixi ilə 1180, 1190, 1195-ci illərdə (1766-1767, 1776-1777, 1780-1781-ci illər) zərb edilmişdir. Aşkar edilmiş abbasıların yuxarı çəkisi 4,1 qr, aşağı çəkisi 1,85 qr təşkil edir. Şahıların yuxarı çəkisi 1,5 qr, aşağı çəkisi 1,1 qr təşkil edir. 1187-ci ildə (1773-1774) Gəncədə zərb edilən və çəkisi 3,8 qr olan abbasının aversində “Nadir/əs-Sultan” sözü zərb edilib. Sikkənin reversində “1187 /Gəncə/ zərbi”sözü zərb edilib.
XVIII əsrin 60-cı illərinin sonlarında zərb ili və yeri pozulmuş anonim abbasının aversində “Ya Kərim/əs-Sultan” sözü verilib. Sikkənin reversində “Ləilahəilləllah, Məhəmmədən Rasulallah, Əliyyən Vəliyullah” kəlamı zərb edilib.
Qazıntı sahəsindən 400-dən artıq mis sikkə də aşkar edilmişdir. Bu sikkələr tək və dəfinə şəklində aşkara çıxarılmışdır. Aşkar edilimiş mis sikkələr arasında ən qədiminin XIII əsrin ortalarına aid olan Şivanşah II Axsitanın (1243-1260-cı illər) Şamaxıda zərb etdirdiyi mis fulusdur (çəkisi 1,6 qr). Sikkənin aversində iki sətirdə «Kaan əl-Adəl» sözü verilib. Sətirlərin arasında iki tərəfli üç diş zərb edilib. Sikkənin reversində müsəlman simvolikası “Ləilahəilləllah, Məhəmmədən Rasulallah” sözləri verilib. Sikkənin üzərində “Kaan əl-Adəl” kəlməsi Şirvanşahlar dövlətinin Çingiz xanın imperiyasına tabe olduğunu göstərir.

Ümumiyyətlə, bir gün ərzində gəzdiyimiz Ağsu orta əsr şəhər abidəsi barədə saatlarla yazmaq və danışmaq olar. Çünki, Azərbaycan tarixinin gizli qalmış bu incilərinin meydana çıxması hər bir azərbaycanlı kimi, məni də yaxşı mənada təəccübləndirmiş və həyəcanlandırmışdır. Zəngin tarixi-mədəni irsə malik Vətənimizi təbliğ etmək və dünya sivilizasiyasının mərkəzlərindən olmasını sübut etmək baxımından bucür tədqiqatlar davam etdirilməli və daha da intensivləşdirilməlidir. Bizim üzərimizə düşən vəzifə isə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda bu faktları yaymaq və Azərbaycanı tanıtmaqdır. Odur ki, məhz Ağsu orta əsr şəhər abidəsi barədə daha geniş elmi çıxış hazırlayıb növbəti elmi konfranslarda çıxış etməyi qarşıma məqsəd kimi qoymuşam.

Sonda bu tədqiqatları təşkil edən, yerində araşdırmalar aparan insanlara dərin təşəkkürümü bildirir və qəlbi Azərbaycanla döyünən hər bir şəxsin qarşısında baş əyirəm.

Fəlsəfə doktoru Əhməd Şahidov
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı


Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb