SƏNİ

Sən atlı ol, mən piyada,
Həmişə axtarım səni.
Sevirəm həddən ziyada
İcazə ver tapım səni.

*****

Səni tapmaq çox çətindir,
Gah var olub, yox olursan.
Həyatımda bircə dəfə
Tapsam, buraxmaram səni.

*****

Sən qəlbimin baş tacısan,
Baş tacı neynirəm sənsiz.
Var-dövlət başımdan aşsa,
Yenə mən istərəm səni.

*****

Səhər erkən uzaqlardan
Səslənən xarı bülbülsən.
Hər sözün xoş bir nəğmədir
Dinləmək istərəm səni.

*****

Sənə dərdimi söylədim,
Şəfa tapdım gözlərindən.
Dərdimi ərşə çəkməkçün
Dərd qalası sandım səni.

*****

Nədir gözəlliyin sirri?
Soruşsalar məndən bir gün.
Deyərəm, sözdür, duyğudur
Saf, incə göstərən səni.

*****

Çox gözəllər sevib qəlbim,
Səndən nə gizlədim indi?!
Hamısı yığışıb gəlsə,
Yenə dəyişmərəm səni.

Əhməd ŞAHİDOV
20 Mart 2010-cu il saat 01:58, Moskva, Rusiya

Bu yazını Facebookda şərh et