Hansı dövlət istəyər ki, onun ölkəsindəki uşaqlar dilənsinlər?!

Əhməd Şahidov: “Məni Zəlimxan Yaqubun şeirləri sakitləşdirir”
Tanınmış jurnalist Arzu Abdullanın gənc alim Əhməd Şahidovla müsahibə və söhbəti
Müsahibim Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” fakültəsinin tələbəsi, filologiya elmləri namizədi Əhməd Şahidovdur.
-Əhməd bəy, niyə Azərbaycanda deyil, məhz Rusiyada təhsilinizi davam etdirdiniz?
-Bu sualı mənə tez-tez verirlər. Azərbaycanda 10 il universitetdə təhsil almışam. Bakı Slavyan Universitetinin məzunuyam. Bakalavr, magistratura və aspiranturanı bitirib 2009-cu ildə elmlər namizədi olmuşam. Potensialımı daha güclü elm ocaqlarında sınamaq qərarına gəldiyim üçün Rusiya təhsilinə üz tutdum. Həm indiyə kimi əldə etdiyim biliklərin Rusiya ilə bağlı olması, həm də Rusiya təhsil sisteminin çox güclü olması məhz bu seçimi etməyimə səbəb oldu.

-Bir sözlə, Azərbaycan təhsilinin bu günü gənc alim kimi size qane etmədi?

-Bilirsiz, Azərbaycan hələ gənc bir ölkədir. Bütün sahələrdə olduğu kimi təhsil sistemində də müəyyən çatışmazlıqların olması təbiidir. Hamılıqla çalışaq ki, xoşbəxt gələcəyimiz üçün bu çatışmazlıqları dolduraq. Heç vaxt mənsub olduğum ölkə və xalq barədə mənfi fikirlər söyləməyin tərəfdarı olmamışam. Amma təhsilimizin ideal səviyyədə olduğunu da deyə bilmərəm . Lakin Azərbaycan təhsilinin gələcəyinə inanıram.

-Təhsil naziri Misir Mərdanov deyir ki, Azərbaycan təhsili Azərbaycan xalqının ilə eyni səviyyədədir. Bu bənzətməyə münasibətin? Mənə elə gəlir ki, nazir düz deyir. Bu günki təhsilimizin durumu daha çox toyxanalarmıza bənzəyir.

-Çox təhlükəli suallar verirsiz. (Gülür.) Mən, açığı bilmirəm hörmətli professor Misir Mərdanov bu ifadəni hansı şəraitdə və nə məqsədlə işlədib. Amma onu deyə bilərəm ki, hər bir xalq öz milli adət-ənənələrinə, dəyərlərinə uyğun olaraq özünə yaşayış tərzi seçir. Bura həm təhsil, həm mədəniyyət, həm siyasət və digər sahələr də daxildir. Amma təhsilimizi toyxana ilə müqayisə etməzdim. Ən azından Azərbaycanı xaricdə layiqincə təmsil edən gənclərimiz var. Axı onlar da indiki Azərbaycanın təhsil sistemindən çıxıblar. Düzdür, inkişaf etmiş ölkələrin təhsilinə çatmaq üçün hələ çox çalışmalıyıq. Bu isə biz gənc nəslin üzərinə düşən ən birinci vəzifə olmalıdır. O insanlar bacardıqlarını ediblər, onlardan daha artığını gözləmək düzgün olmazdı. İndi növbə gənc nəslindir.

-Rusiya və dünyanın bir çox ölkələrinə tez-tez səyahət edirsən. Bu zaman Azərbaycanla o ölkələri müqayisə edirsənmi? Üstünlüyü kimə verirsən?

Əlbəttə, gəzdiyim hər bir ölkənin təkcə görməli yerləri ilə deyil, eyni zamanda təhsili, elmi, mədəniyyəti, lap elə siyasəti ilə də maraqlanıram. Bilirsiz, hər bir ölkənin özünəməxsus cəhətləri var. Deməzdim ki, Azərbaycan onların hamısından geridə qalır. Amma öyrənməli olduğumuz hələ çox məqamlar var. Həm ABŞ-dan, həm Avropadan, həm də Rusiyadan. Amma bununla yanaşı öz milli-mənəvi dəyərlərimizi möhkəm qoruyub saxlamalıyıq. Qurban olum Azərbaycan xalqına. Bəzi incə məqamlar var ki, heç bir dünya ölkəsi bizə çata bilməz. O ki, qaldı hansına üstünlük verməyimə. Bilirsiz, mən ilk növbədə azərbaycanlıyam və bununla da fəxr edirəm. Hansısa ölkədə xoşa gələn bir cəhət görəndə dərhal o ölkənin vətəndaşı olub, öz kimliyimdən imtina edə bilmərəm. Bu, sözün əsl mənasında xəyanətin bir növüdür. Mən çalışıram ki, xarici ölkələrdə gördüyüm hansısa müsbət cəhəti mənimsəyim, onu öz Vətənimdə, öz ailəmdə, dostlarımın əhatəsində tətbiq edim. Qoy bundan bizim xalqımız da yararlansın. Çünki, bütün müsbət və mənfi cəhətləri ilə Azərbaycan mənim Vətənimdir. Ondan əsla vaz keçmərəm!

-Amma mən hər gün özüm-özümə sual verirəm ki, görəsən hansı günahımın cəzasıdır ki, Azərbaycanda doğulmaq bədbəxtliyi mənə nəsib olub?! Görürəm sən taleyindən razısan?

-Bilirsiz, hansısa ölkədə doğulmağın xoşbəxtlik və ya bədbəxtlik olmasını demək məsələyə çox səthi yanaşmadır. Hər bir insan öz həyatını  özü qurur. Əvvəlcə, arzular qurur, onlara can atır, yaşayır və həmin arzulara çatanda xoşbəxt olur, çatmayanda isə pessimistliyə qapılır və özünü xoşbəxt hiss edə bilmir. Bəxdəxt sözündən heç xoşum gəlmir, ona görə də bu sözü işlətmirəm heç vaxt.

Mən həyatda həmişə arzularıma çatmışam. Ola bilsin ki, bacardığım şeyləri arzulayıram, ona görədir. Ya da Allahın sevimli quluyam. Bəzən pessimizmə qapılan anlarım da olub. Amma Allaha hədsiz inamım məni alıb bu pessimizmin caynağından. Həmişə inanın. Yalan, ya doğru, fərqi yoxdur. Əsas inanmaqdır. Deməzdim ki, taleyimdən razıyam. Hələ çox planlarım var. Ailəmin, valideynlərimin, dostlarımın, məni sevənlərin və özümün çox istəkləri var ki, onları həyata keçirməliyəm. Amma yenə tam xoşbəxt ola bilmərəm. Çünki, mən torpaqları işğal altında olan bir millətin nümayəndəsiyəm. Necə xoşbəxt ola bilərəm ki?! Əgər xaricə gedəndə, digər millətlərin nümayəndələri ilə ünsiyyət quranda Azərbaycan barədə söhbət düşürsə, Şuşamız, Qarabağımız xatırlanırsa, Rusiyada böyük marketlərdə “Şuşa” adı altında erməni şərabı satılırsa, Azərbaycanın milli yeməyi olan lavaş mağazalarda “Armyanskiy lavaş” adı altında satışa çıxarılırsa, təhsil aldığım akademiyada digər erməni tələbələr özündən razı şəkildə gülərək söhbət edirlərsə, bunlar mənə çox pis təsir edir və mən bir azərbaycanlı kimi özümü xoşbəxt hiss edə bilmirəm. Artıq şəxsi həyat arxa plana keçir, bir millətin adından düşünürsən, hərəkət edirsən, sənə edilən tərif də millətin adına yazılır, sənə yönəlmiş kinayəli gülüş də millətə tuşlanır.

-Rusiyada olanda, həmyerlilərimizin qara işlərdə çalışmaqlarını görəndə ürəyin ağrıyırmı və bu zaman kimi qınayırsan?

-Vallah, mən birinci dəfə eşidirəm ki, azərbaycanlılar Rusiyada qara işlərlə məşğul olsun. Qara iş deyəndə küçə süpürmək, zibil daşımaq, maşın təkəri qaraltmaq, nə bilim digər bu kimi işlər nəzərdə tutulur. Bunların heç birində azərbaycanlı işləmir. Belə ağır işlərdə əsasən taciklər, özbəklər və qırğızlar çalışırlar. Onların əməyindən qul kimi istifadə edirlər. Azərbaycanlılar isə əksinə çox imkanlıdırlar. Ən məşhur restoranlar, bazarlar, dükanlar məhz bizimkilərə məxsusdur. Hələ azərbaycanlıların əlinin altında ruslar da işləyir. Azərbaycanlıların çalışdığı ən adi iş taksi sürücüsü ola bilər ki, bu da heç qara iş sayılmır. İmkanım olsa, mən də taksi sürücüsü işləyərəm. (Gülür.)

-Əhməd, sən ekstrasens Zirəddin Rzayevin ən yaxın dostusan və şair Zəlimxan Yaqubun da şeirlərini çox sevirsən. Amma bu istəkləri anlamaq bir qədər çətindir. Bəlkə Zirəddin Rzayevlə Zəlimxan Yaqub arasında hansısa oxşarlıq var? Əslində sizi birləşdirən dəyər nədir?

-Bəli, Zirəddinlə çox yaxın dostuq. Onun mənim həyatımda çox önəmli yeri var. Onu özüm kimi çox istəyirəm. Ona görə yox ki, o, çox güclü ekstrasensdir və çox məşhurdur. Əsla! Biz sadəcə dostuq. Zəlimxan Yaqubu isə yaradıclığına görə xoşlayıram. Onun siyasi baxışlarını bölüşməsəm də, yenə sevirəm. Məhz şeirlərinə görə. Ən ağır və gərgin günlərimdə onun 2-3 kuplet şeirini oxusam, sanki bütün ağrı-acım çıxıb gedir. Vallah, səmimi deyirəm. Onun ruhunda sanki həyat eşqi, yaşamağa, yaratmağa ilham verən adrenalin var. Amma qəribə də olsa, Zəlimxan Yaqubu, Zirəddin Rzayevi və məni birləşdirən bir cəhət var. Bu, Yunus Əmrə yaradıclığıdır. Hər üçümüz Yunus Əmrənin vurğunuyuq. Onun şeirlərini yüksək qiymətləndiririk.

-Ümumiyyətlə, bizim gənclərin boş vaxtını səmərəli keçirmək imkanları da çox məhduddur. Ya qocalar kimi çayxanada boş-boş danışmalı, ya da pis yola düşüb QİÇS-ə yoluxmalıdırlar. Başqa çıxış  yolu varmı? Başdan-ayağa idman kompleksləri ilə doludur ölkə, amma kimə, hansı gəncə burada pulsuz nə öyrədirlər ki?! Bəzi rayonlarda isə idman komplekslərindən fahişəxana kimi istifadə edirlər.

-Ağrılı da olsa, deməliyəm ki, fikirlərinizdə həqiqət var. İndiki gənclik bu halı ilə çox uzağa gedə bilməz. Hətta dostlarım mənə hərdən təəccüb edirlər ki, Əhməd, necə ola bilər ki, sənin 27 yaşın var, amma sən hələ indiyə kimi heç vaxt araq, pivə, konyak içməmisən, siqaret çəkməmisən və digər zərərli işlərlə məşğul olmamısan. Mənim cavabım həmişə eynidir. Mənim nə həvəsim var belə şeylərə, nə da ki vaxtım. Həyatda aludəsi olmağa daha gözəl dəyərlər var. Gəlin, gözəl məqsədlərin aludəçisi olaq.

Amma idman komplekslərinin qeyri-təyinatı üzrə istifadə edilməsi barədə heç nə deyə bilmərəm. Çünki, bu haqda heç bir məlumatım yoxdur. Yəni ki, indiyə qədər belə bir faktla rastlaşmamışam. Özüm keçmiş idmançıyam. Boks və üzgüçülüklə məşğul olmuşam. Elə indi də həvəskar kimi evdə məşq edirəm, tez-tez olimpiya idman komplekslərində üzürəm. Düzdür, orada çoxlu sayda gənc görməsəm də, gələnlər olur. İndi hamının imkanı çatmır. İnşallah, hər şey yaxşı olar!

-Ötən il Azərbaycanda “Uşaq ili” elan olundu, amma bəlkə də Azərbaycanda ötən ilki qədər uşaq öldürülməmişdi. Bu uşaqları bəzən öz doğma ataları doğrayırdı. Bax, insanları bu qədər vəhşiləşdirən cəmiyyət və hakimiyyətə münasibətin necədir?

-Bəli, ölkədə “Uşaq ili” elan olunmuşdu. Və bu kampaniya çərçivəsində müxtəlif tədbirlər də keçirildi, uşaq evlərinə, bağçalara yardımlar edildi. Cəmiyyətdə maarifləndirici aksiyalar keçirildi. Amma təəsüflər olsun ki, cəmiyyətimizdə hələ də uşağa, körpələrə münasibət tam ürəkaçan deyil. Bilirsiz, bunun günahını birmənalı şəkildə hakimiyyətdə və ya hökumətdə görmək düzgün olmazdı. Hansı dövlət istəyər ki, onun ölkəsindəki uşaqlar dilənsinlər?! Heç kim istəməz bunu. Hər bir siyasi hakimiyyət də çalışar ki, ölkədə vəziyyət ürəkaçan olsun ki, növbəti seçkilərdə yenə də qalib gələ bilsin. Bu, bütün cəmiyyəti, hətta mən deyərdim, təkcə Azərbaycan cəmiyyətini deyil, bütün bəşəriyyəti maraqlandıran bir problemdir. Bununla nüfuzlu beynəlxalq təşkilatlar, institutlar intensiv məşğul olur. Biz sıravi vətəndaşlar da bu işdə öz töhfəmizi əsirgəməməliyik. Əgər dünyaca ünlü Madonna kimsəsiz uşaqları öz balası kimi böyüdürsə, deməli bizim də cəmiyyətimizdə bu tendensiyanın əsasını qoymaq lazımdır. Bizim müğənnilərimiz toylarda 1-2 saat oxuyub külli miqdarda pul qazanmaqdan başqa heç nə bilmirlər. Pis olarmı, əgər müğənnilər uşaq evlərindən, lap elə küçələrdən kimsəsiz uşaq götürüb böyütsünlər.

-Əhməd, sənin eyni zamanda ölkədə tanınmış bir məmurun yeznəsi olmağın barədə danışılır və bu yaşında alimlik dərəcəsi almağının və digər uğurlarının arxasında məhz həmin məmurun dayandığını iddia edirlər. Bu barədə nə deyə bilərsən?

-Mən bu haqda heç nə deyə bilmərəm. Çünki, bu söz-söhbətin heç bir əsası yoxdur. Amma onu əminliklə qeyd etməliyəm ki, həyatda əldə etdiyim bütün uğurlar, o cümlədən alimlik dərəcəsini qazanmağım özümün halal zəhməti və ailəmin dəstəyi sayəsində mümkün olub.

-Sən həm də türkçüsən, amma bu sahədə də rüsvayçı vəziyyət yaranıb. Çünki, türkçülüyün ən böyük ideoloqu Əlibəy Hüseynzadə irsi hələ də araşdırmaçı yolunu gözləyir. Azər Turanın müəllifi olduğu Əlibəy Hüseynzadə” kitabı isə hətta keçmiş qaz emalı zavodunun direktoru Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” romanı qədər də təbliğ olunmur.

Hə. Çox ağrılı faktları qabardırsız. Sizinlə razıyam. Elə illərdir arzusunda olduğumuz kapitalizmin mənfi cəhətlərindən biri də budur. Kimin pulu varsa, onun kitabını oxuyurlar. (Gülür). Düşünürəm ki, dövlət də öz daxili imkanları çərçivəsində azərbaycançılıqla bağlı, ümumən türkçülüklə bağlı silsilə ədəbiyyatlar nəşr etməlidir. O ki qaldı Hüseynbala Mirələmovun o kitabına. Nə deyim, vallah. Pulu var, yayır kitabını. Kim durub deyə bilər ki, yayma kitabını.

-Əhməd, səni şair, jurnalist, tükçü və alim kimi tanıyırıq. Nə əcəb meyxana yazmırsan?

– Mənim bir xalam oğlu var, adı Ehtiramdır. Moskvada ticarətlə məşğul olur. O mənə deyir ki, sənin həyatda bircə yolun qalıb, əlinə mikrofon alıb, mahnı oxumaq. Onu da eləsən, daha məni danışdırma. (Gülür.)

Sizin bu sualınız da lap ona oxşadı. Əlimdən gələni edirəm. Meyxana demək isə əlimdən gəlmir. Amma meyxanaya, bədahətən söz demək sənətinə çox dəyər verirəm.

-Çünki bu ölkədə nə jurnalistə, nə də şairə dəyər verən yoxdur. Bu ölkədə ancaq meyxanaçıları, bir də Röya ilə Aygünü sevirlər. Bəziləri isə hesab edir ki, ən saf sevgi də elə Aygünlə Namiqin sevgisidir. Hətta bu sevgi prezidentimizi də təsirləndirdiyindəndir ki, Aygünə dərhal bir ev bağışladı.

Vallah, mən ən böyük dəyəri və qiyməti Allahımdan, ailəmdən və məni sevənlərdən gözləyirəm. Sizin fikirlərinizi isə bölüşməsəm də, hörmətlə yanaşıram. Suallarınız çox ağır və çətin idi. Yəqin ki, bu sınaqdan da alnıaçıq çıxa bildim. Təşəkkürlər!

Arzu Abdulla

Bu yazını Facebookda şərh et