BİR İNSAN!

Bir insan var uzaqlarda, çox uzaqda,
Hər bir sözü, hər kəlməsi Vətən deyir.
Bir insan var qürbət eldə, yad diyarda,
Həsrət onu günü-gündən içdən yeyir.

*****

Bir insan var öz ağlıyla, zəkasıyla,
Milyonların ümid yeri, çırağıdır.
İnsan da var əldə silah səhər-axşam,
Doqquz milyon məmləkətin dayağıdır.

*****

Bir insan var təkcə adı bizə bəsdir,
O ad bizim üçün vizit kartıdır.
Onunla tanınır Azərbaycanım,
O ad xalqımızın el atasıdır.

*****

Bir alim var uzaqlarda, çox uzaqda,
Öz kəşfiylə o, dünyada ad qazanıb.
Çox səmimi, alicənab bir ziyalı,
İnsanlığı o hər şeydən öndə sanıb.

*****

Bir insan var, onun gözü xalqımızın
Faciə və soyqırımına şahid olub.
O günləri saniyə və dəqiqəsiylə,
Lentə yazıb, özü isə şəhid olub.

*****

Bir insan var, onun səsi, musiqisi,
Xalqın milli sərvətinə çevrilibdir.
Çox qocalıb, səsi isə hələ cavan,
Bütün dünya qarşısında baş əyibdir.

*****

Bu insanlar, şəxsiyyətlər tarix yazıb,
Azərbaycan onlar ilə qürur duyur.
İndi isə yeni nəsil, yeni insan
Hər sözüylə, əməliylə tarix qurur.

*****

Bir insan var, yaxınlarda, uzaqlarda,
O da mənəm, adi insan, vətənpərvər.
Hər kəlməmlə, əməlimlə xalqım üçün
Həm yaşayan, həm vuruşan məğrur əsgər!

Əhməd ŞAHİDOV
17 Mart 2010-cu il saat 00:37, Moskva, Rusiya

Bu yazını Facebookda şərh et