Əhməd Şahidov Pamukkale Universitetində keçirilən “Xocalı soyqırımı və Qarabağ məsələsi” konfransında Türk gəncliyinə səslənib

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı Fevralın 27-də Dənizli şəhərində Pamukkale Universitetində təşkil olunan “Xocalı soyqırımı və Qarabağ məsələsi” konfransına qatılıb. Pamukkale Universiteti və Türk Ocaqları Dərnəyi Dənizli şöbəsi tərəfindən təşkil olunan konfransda hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Konfransa Rafet Kılınçarslan, Ədəbiyyat fakültəsi dekanı, professor Ertuğrul İşler, Texnologiya fakültəsinin dekanı, professor Ali Aydın, Mühəndislik fakültəsinin dekanı, professor Yahya Tülek, Hüquq fakültəsinin dekanı, professor İbrahim Organ, PAÜ məsul katibi, dosent Mehmet Ali Sarı, Türk Ocaqları Başqanı Ünal Bahadır Baylan, Denizli Ülkü Ocaqları Başqanı Yaşar Hisarlıoğlu, Türk Eğitim – Sen Denizli şöbəsi başqanı Emre Erdoğan, Türk Eğitim – Sen Pamukkala Üniversiteti şöbə başqanı Ferhat Ağırman, Türk Sağlık-Sen ilə Türkiyə Kamu Sen Dənizli il başqanı Raif Kurşunoğlu, TÜRKAV Denizli şöbə başqanı Ahmet Aykol, Denizli Böyükşəhər Bələdiyyəsi Mədəniyyət, Turizm və Tanıtım dairəsi başqanı Hüdaverdi Otaklı qatılıblar.

Konfransın ilk məruzəsini İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı edib. O, məruzəsində Qarabağ probleminin səbəblərinə toxunaraq Xocalı facisəinə yol açan hadisələrdən bəhs edib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov məruzəsində 1992-ci ildə törədilən Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu vurğulayaraq bir gecədə 613 nəfərin öldürüldüyünü xatırladıb. Qərb dünyasında və Avropada mövcud ikili standartlara toxunan hüquq müdafiəçisi Xocalı soyqırımına yetərincə hüquqi və siyasi qiymət verilmədiyini bildirib və dünyada güclü olanın həm də haqlı sayıldığını acı bir reallıq olaraq səsləndirib. Azərbaycan və Türkiyə gəncliyinin birlikdə fəaliyyət göstərməli olduğunu vurğulayan Əhməd Şahidov ortaq maraqlarımız naminə bütün beynəlxalq platformalarda birgə çalışmağı və Türk dünyasının birliyi üçün fəaliyyət göstərməyi əsas hədəf olaraq göstərib.

Sonda Türk gəncliyinə səslənən Əhməd Şahidov Türklüyün bir Allah lütfü olduğunu deyərək, “Ben Türküm” şeirini səsləndirib və zaldakı millətçi gənclərin coşqu dolu alqışları ilə müşayiət olunub.

Bu yazını Facebookda şərh et