BƏRİ GƏL!

Dözmür ürək səni sənsiz sevməyə,
Səni sənlə sevəcəyəm, bəri gəl!
Ətrini qoxluyub, sinəmin üstə
Bənövşə tək sərəcəyəm, bəri gəl!

*****

Sən dağlardan axan gur şəlaləsən
Dağıdır, od qoyur  sevgin hər yanı.
Qəlblərə süzülən xoş xəyaləsən
Xəyalım axtarır səni, bəri gəl!

*****

Kim nə deyir, desin, sevirəm səni
Dodağın bal dadır, yanağın şəkər.
Dünya parçalansa, dağılsa əgər
Yenə sevəcəyəm səni, bəri gəl!

*****

Həsrətinə dözmək ölümdən betər
Bir insafın olsun, öldürmə məni.
Sənsiz yaşadığım o illər yetər
Daha sənsiz bacarmıram, bəri gəl!

*****

Sənin hər bir sözün muğamdır mənə,
Dərdi unutduran dərmandır mənə.
Səni sevdiyimi demişdim sənə,
Sevgimə cavab ver, nə olar, bəri gəl!

*****

Sən gələn yollara gül səpəcəyəm,
Qoymaram telindən tel əksik olsun.
Sənin gözlərindən mən öpəcəyəm,
Gözlərin mənimdir, özün bəri gəl!

*****

Səni incitmərəm, sözüm söz olsun,
Hər şeyə razıyam, sən deyən olsun.
Səndən üz döndərsəm, gözüm kor olsun,
Sən mənim gözümsən. Gözüm, bəri gəl!

Əhməd ŞAHİDOV
08 Mart 2010-cu il saat 17:10, Moskva, Rusiya

Bu yazını Facebookda şərh et