YAXIN ON İLDƏ RUSİYA İQTİSADİ CƏHƏTDƏN DÜNYA LİDERİ OLACAQ

Rusiya Federasiyası dünya iqtisadiyyatını enerji daşıyıcıları, xüsusilə neft və qazla təmin edən super dövlətə çevrilməkdədir.
Beynəlxalq Valyuta Fondunun rəsmi statistikasına görə, Rusiya iqtisadiyyatı Ümumi Daxili Məhsulun həcminə görə dünyada səkkizinci yerdədir. 2008-ci ildə Rusiyanın dünya ÜDM-ə verdiyi töhfə 3,3 % həcmində hesablanır.

Nüfuzlu beynəlxalq təşkilatların hesablamalarına görə, 2030-cu ildə Rusiya Avropada ən güclü iqtisadiyyata malik super bir dövlət olacaq. Bütün dünyada isə bir qədər irəliləyərək 5-ci yerdə duracaq. Bu qənaətə dünyanın aparıcı auditor və konsaltinq şirkəti olan PricewaterhouseCoopers LLP kompaniyasının analitikləri gəliblər. Onların hesablamalarına görə, Avropada güclü iqtisadiyyata malik ikinci ölkə Almaniya, ondan sonra isə Fransa olacaq.

Ümumiyyətlə, PwC analitikləri hesab edir ki, yaxın illərdə dünya iqtisadiyyatında “geosiyasi inqilab” baş verəcək ki, nəticədə ənənəvi dünya iqtisadi nəhəngləri sayılan böyük yeddilik (G-7) üzvləri – ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Kanadanın əvəzində yeni iqtisadi güc mərkəzi sayılacaq E-7 yaranacaq. Bu yeddilik isə öz sıralarında Çin, Rusiya, Hindistan, Braziliya, Meksika, İndoneziya və Türkiyəni birləşdirəcək. 2019-cu ildə E-7 özünün ÜDM həcminə görə yeddiliyə düşəcək, daha on ildən sonra isə onun ÜDM həcmi daha 30% artacaq. PwC analitikləri hesab edir ki, 2030-cu ildə düyanın iqtisadi reytinqi bucür sıralanacaq: Çin, ABŞ, Hindistan, Braziliya, Rusiya, Almaniya, Meksika, Fransa və Böyük Britaniya.

Rusiya Federasiyası dünyada təkcə siyasi güc mərkəzi deyil, həm də iqtisadi cəhətdən dünya iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməkdədir. Ölkənin coğrafiyasına yaxından nəzər yetirsək görərik ki, neft yataqlarının üçdə ikisi əsasən Qərbi Sibirdə və Hantı-Mansiya muxtar vilayətində yerləşməkdədir. Kömür ehtiyyatlarına görə isə Rusiya dünyada yalnız ABŞ-dan geri qalır. 194 milyard kömür ehtiyyatına malik bu ölkənin 80% ehtiyyatı məhz Sibirdə yerləşir. Rusiyanın uran ehtiyyatları isə 172 min tondur.

Dünyanın nüfuzlu iqtisadçılarının hesablamalarına görə, Rusiya iqtisadiyyatı 2012-ci ildən başlayaraq, artan xətt üzrə yüksəlməyə başlayacaq. Məlum olmuşdur ki, işçi qüvvəsinin ildə 2-3 % artacağı təqdirdə Rusiyanın iqtisadi artımı 2012-ci ildən sonra ildə 5-6 % artım təşkil edəcək ki, bu da öz-özlüyündə çox ciddi göstəricidir.

Dünyadakı son iqtisadi böhran heç şübhəsiz ki, Rusiyaya da təsirsiz ötüşməyib. Lakin, 2009-cu ilin sonundan başlayaraq, bu vəziyyət müsbətə doğru dəyişməkdədir. İndi Rusiya iqtisadiyyatı dirçəlməyə doğru ciddi addımlar atır və dirçəlmənin fasiləsiz olaraq sonadək davam etməsi üçün bir-neçə şərti nəzərə almaq lazımdır: Ekspertlərin fikrincə, ilk növbədə vergi və büdcə sistemində qanun-qayda yaratmaq lazımdır. 2-3 il ərzində dövlət xərclərini optimizə etmək, büdcənin kəsirini azaltmaq və vergi bazasını bərpa etmək gərəkdir. İkinci zəruri olan şərt isə Rusiyanın maliyyə sektorundakı problemləri təcili həll etməkdir. Bununçün ümumilikdə iqtisadiyyatın dəstəklənməsi üçün kreditləri aktivləşdirmək və lazımsız kreditləri azaltmaq məsləhətdir. Və nəhayət, ekspertlər fikirləşir ki, 2012-ci ildən illik 5-6 % artım əldə etmək üçün ölkədə ilk növbədə işsizliyin kökünü kəsmək lazımdır. Mövsümi olaraq Rusiyada bu göstəricilər bir qədər azalsa da, ölkədə işsizlik hələ də həll edilməmiş məsələlər sırasındadır.

Əhməd ŞAHİDOV
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” fakültəsinin tələbəsi, filologiya elmləri namizədi

Bu yazını Facebookda şərh et