Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq

Hüquq müdafiəçisi Əhməd Şahidov CBC Azərbaycan Televiziyasına müsahibə verib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində hər il dünyanın müxtəlif şəhərlərində Xocalı soyqırımı ilə bağlı tədbirlər və konfranslar keçirilir. Bu il də Xocalı soyqırımı ilə bağlı Türkiyədə “Xocalı Həftəsi” təşkil olunacaq. İslahatçı Gənclər İctimai Birliyi tərəfindən Türkiyənin 4 müxtəlif universitetində Xocalı soyqırımı ilə bağlı konfranslar təşkil olunacaq.

İstanbul Yeni Yüzyıl Universitetində, İstanbul Altınbaş Universitetində, İstanbul Aydın Universitetində və Dənizli Pamukkale Universitetində keçiriləcək konfranslarda Azərbaycan, Türkiyə, Şimali Kipr və Makedoniyadan olan millət vəkilləri, ictimai-siyasi xadimlər, media nümayəndələri və gənclər iştirak edəcəklər.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov CBC Azərbaycan Televiziyasına müsahibəsində Türkiyədə keçiriləcək Xocalı soyqırımını anma konfranslarında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məsələ qaldıracaqlarını deyib: “Türkiyənin 4 universitetində baş tutacaq konfranslarda Xocalı soyqırımı barədə məlumat verməklə yanaşı, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında da danışacaq, özümüzlə aparacağımız foto və video materiallar, buklet və flayerləri konfrans iştirakçılarına paylayacayıq. Türkiyədən olan millət vəkilləri ilə görüş zamanı girovlarımıza beynəlxalq dəstək verilməsi istiqamətində müzakirələr aparılacaq. Bundan başqa, girovlarımızdan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovu da özümüzlə Türkiyəyə aparacayıq. Kürdoğlu Əsgərov konfrans iştirakçıları qarşısında çıxış edəcək, öz atası barədə məlumat verəcək və Türkiyə televiziyalarına müsahibələr verəcək.

Əsas məqsədimiz azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini Türkiyə ictimaiyyətinə çatdırmaqdır.”

Bu yazını Facebookda şərh et