Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Fevralın 2-də Tirana şəhərində Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb. Görüş zamanı Albaniyada fundamental azadlıqlar, dini inanc azadlığı, etnik azlıqların hüquqları və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Albaniyada insan haqlarının hazırkı durumu barədə ətraflı məlumat verən Albaniya Ombudsmanı xanım Erinda Ballanka müxtəlif dinlərə məxsus insanların Albaniyada sülh və qardaşlıq şəraitində yaşadığını və dövlətin bütün dinlərə bərabər imkanlar yaratdığını da bildirib. Dinlərarası dialoqun Albaniyada yüksək səviyyədə olduğunu diqqətə çatdıran xanım Erinda Ballanka Albaniyanı Balkan coğrafiyasının multikulturalizm mərkəzi adlandırıb.

Faydalı və səmərəli müzakirələr çərçivəsində davam edən görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri də müzakirə olunub.

Bu yazını Facebookda şərh et