“Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov

Hüquq müdafiəçisi Əhməd Şahidov CBC Azərbaycan Televiziyasına eksklüziv müsahibəsində azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində görülən işlər barədə danışıb

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə CBC Azərbaycan Televiziyasının “Xəbərlər” proqramının qonağı olub. Aparıcı Səid Babazadənin suallarını cavablandıran hüquq müdafiəçisi 2017-ci ilin yekunları barədə danışıb və azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər haqqında geniş məlumat verib: “2017-ci il, bir hüquq müdafiəçisi kimi, bizim üçün də çox məhsuldar keçdi və fəaliyyətimizin böyük hissəsini Avropada reallaşdırdıq. İl boyu AŞPA, ATƏT, Avropa Parlamenti və digər qurumlarda çıxışlarımız oldu, Azərbaycan həqiqətləri ilə bağlı ardıcıl fəaliyyətimiz oldu. Gündəlikdə əsasən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyü məsələsi, cəbhə bölgəsində mülki əhalinin qətlə yetirilməsi, habelə azərbaycanlı girovlar Dilqəm Əsəgrov və Şahbaz Quliyevin azadlığa buraxılması var idi. Bu ilin İyul ayında Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən amansızlıqla qətlə yetirilən 2 yaşlı Zəhra balamızın məsələsini ATƏT və Avropa Parlamentində qaldırdıq və Avropa ictimaiyyətinin diqqətini bu məsələyə yönəltdik.

Daha sonra bu ilin Sentyabr ayında Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in Zirvə Toplantısında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı çıxışlarımız oldu. Və bu dəfəki səfərimizdə Dilqəm Əsgərovun oğlu Kürdoğlunu da özümüzlə ATƏT-ə apardıq və orada onun çıxışını təmin etdik. İstədik ki, Avropa ictimaiyyəti bütün həqiqətləri Dilqəm Əsgərovun öz oğlunun dilindən eşitsin və bilsin ki, bu haqsızlığa göz yummaq olmaz. Çalışırıq ki, ardıcıl şəkildə fəaliyyət göstərək və daha çox ölkə Azərbaycanın haqq səsini duysun və bizim haqlı mövqeyimizi dəstəkləsin. Varşava Sammitindəki çıxışlarımız çox müsbət qarşılandı və bizimlə ünsiyyət qurmağa çalışan çoxlu diplomatlar oldu. Kürdoğlu Əsgərovun çıxışından 10 gün sonra atasından məktub aldıq. Halbuki Dilqəm Əsgərovdan 7 ay idi ki, heç bir xəbər almaq mümkün olmurdu. Bu məsələdə xeyli narahatlığımız var idi”.

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin 2018-ci ildə azadlığa buraxıla biləcəyini deyən ADİHİ rəhbəri Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi intensiv tədbirlər barədə məlumat verib və vətəndaş cəmiyyətinin qarşısında duran mühüm vazifələrə toxunub: “İnanırıq ki, azərbaycanlı girovlarımız yaxın aylarda öz ailələrinə qovuşacaqlar. Bu istiqamətdə hazırda intensiv işlər aparılır. Azərbaycan dövləti üçün prioritet olan bu məsələ ilə bağlı, hüquq müdafiəçisi kimi, bizlər də bir sıra işlər görürük. Və bütün bu işlər koordinasiyalı şəkildə həyata keçirilir. Yaxın aylarda Dilqəm və Şahbazın azadlığa qovuşacaqlarına inanıram”.

Bu yazını Facebookda şərh et