Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib

Hüquq müdafiəçisi Əhməd Şahidov Avropa Parlamentinin İnsan Haqları üzrə Altkomitəsinin iclasında Ermənistan silahlı birləşmələrinin cəbhə bölgəsindəki mülki əhalini hədəf aldığını bildirib

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Noyabrın 23-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin mənzil qərargahında keçirilən ictimai dinləmələrdə yaxından iştirak edib. Avropa Parlamentinin İnsan Haqları üzrə Altkomitəsinin təşkil etdiyi ictimai dinləmələrə qatılan ADİHİ rəhbəri Azərbaycanda uşaq hüquqlarının vəziyyəti barədə məruzə ilə çıxış edib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan hüquq müdafiəçisi münaqişə zonasında qətlə yetirilən mülki əhali, xüsusən də azyaşlı uşaqlar barədə məlumat verib. Ermənistan silahlı birləşmələrinin zaman-zaman atəşkəs rejimini pozaraq, cəbhə bölgəsində yaşayan yerli əhalini hədəf aldığını, təxribatlar törədərək, azyaşlı uşaqları qətlə yetirdiyini bildirən ADİHİ rəhbəri konkret faktlar üzərində dayanıb.

Bu ilin İyul ayında Füzuli rayonunun Alxanlı kəndində amansızcasına qətlə yetirilən 2 yaşlı Zəhra Quliyeva barədə məlumat verən Əhməd Şahidov Ermənistanın beynəlxalq hüquq normalarını və özəlliklə də Cenevrə Konvensiyasını kobud şəkildə pozduğunu və dinc əhaliyə, uşaqlara və körpələrə qarşı qətliam törətdiyini bildirib.

Avropa Parlamentinin üzvləri və toplantıda iştirak edən beynəlxalq insan haqları təşkilatlarının nümayəndələri məsələ ilə bağlı araşdırma aparacaqlarını və müvafiq qətnamə qəbul edəcəklərini bildiriblər.

Bu yazını Facebookda şərh et