Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb

Noyabrın 2-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in “Avropanın təhlükəsizliyində azad medianın rolu” mövzusunda növbəti iclası keçirilib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Tədbirdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov “Azad media və Avropanın təhlükəsizliyi” barədə çıxış edib və fikirlərini bölüşüb. Son vaxtlar Avropanın müxtəlif ölkələrində azad mətbuata qarşı münasibətin kəskinləşdiyini deyən hüquq müdafiəçisi jurnalistlərin təqib olunmasını, öldürülməsini ölkələrin milli təhlükəsizliyinə təhdid kimi dəyərləndirib. Eyni zamanda Avropada terror təhlükəsinin günbəgün artdığını bildirən Əhməd Şahidov buna qarşı birgə fəaliyyətin vacib olduğunu diqqətə çatdırıb. Azad mətbuatı və ölkələrin təhlükəsizliyini həyatın mühüm elementi adlandıran ADİHİ rəhbəri hər iki dəyərlərin mütləq şəkildə qorunub saxlanılmasını və bununla da Avropanın demokratik və təhlükəsiz məkana çevrilməsini vacib vəzifə adlandırıb.

Bu yazını Facebookda şərh et