“İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib

Ötən gün Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in “İnsan haqları və ölkələrin milli təhlükəsizliyi” mövzusunda növbəti iclası keçirilib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Tədbirdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov insan hüquq və azadlıqlarından danışıb, ifadə azadlığı, azad mətbuat və internet şəbəkəsi barədə söz açıb. İnsan haqları və fundamental azadlıqların ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmasını yolverilməz hesab edən hüquq müdafiəçisi son illər dünyada baş verən hadisələrə diqqəti çəkib və bununla bağlı vahid yol xəritəsinin hazırlanmasını təklif edib: “İnsan hüquq və azadlıqları bəşəri dəyərlərdir və ATƏT üzvü olan hər bir ölkə bu dəyərlərin qorunub saxlanılması üçün çalışmalıdır. Amma üzv ölkələrin təhlükəsizliyini, ərazi bütövlüyü və suverenliyini də pozmaq olmaz. Düşünürəm ki, bu dəyərlər paralel şəkildə qorunmalı və pririotet olaraq, ATƏT coğrafiyasında sülh və firavanlıq ön planda olmalıdır.”

Bu yazını Facebookda şərh et