“Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb

Sentyabrın 21-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

“Humanitar məsələlər və digər öhdəliklər: qaçqın və məcburi köçkünlər” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz regionunda mövcud olan münaqişə ocaqlarından söz açıb və Dağlıq Qarabağ konfliktinin humanitar fəsadları barədə məlumat verib. 30 ildən artıqdır ki, bir milyon etnik azərbaycanlının öz ev-eşiyindən didərgin düşdüyünü deyən hüquq müdafiəçisi işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonları humanitar fəlakət zonası adlandırıb və burada yaşamış insanların fundamental hüquqlarının pozulduğunu bildirib.

Dağlıq Qarabağ və ətraf rayonların dərhal azad edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini xatırladan ADİHİ rəhbəri Əhməd Şahidov Ermənistan hakimiyyətinin beynəlxalq qanunları saymadığını və regionda humanitar fəlakətə səbəb olan işğalçılıq siyasətini davam etdirdiyini deyib: “Bir milyon insan bu siyasət nəticəsində humanitar fəlakətlə üz-üzə qalıb. Onların ən təbii hüquqları pozulub, evlərini tərk etmək məcburiyyətində qalıblar, yüzlərlə azərbaycanlı əsir və girov götürülüb, sonradan insan alverinin qurbanına çevriliblər. Azərbaycan həmin ərazilərə nəzarəti itirib və həmin ərazilərdə insan alveri, çirkli pulların yuyulması və terrorçuluq fəaliyyətinin mövcud olması barədə məlumatlar mövcuddur. Beynəlxalq ictimaiyyət işğal altında olan Dağlıq Qarabağ və digər rayonlardakı humanitar fəlakətə hüquqi qiymət verməli və preventiv tədbirlər həyata keçirilməlidir.”

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Bu yazını Facebookda şərh et