“Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb

Sentyabrın 15-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

“Tolerantlıq və diskriminasiya: etnik azlıqların hüquqları, təcavüzkar millətçilik, irqçilik və şovinizm” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz regionunda mövcud olan xalqların uzun illər sülh və qardaşlıq şəraitində yaşadıqlarını, multikulturalizm, birgəyaşayış və dözümlülük prinsiplərinin bu coğrafiyada hər zaman qorunduğunu bildirib. Azərbaycan və Gürcüstandakı tolerantlıq mühiti barədə danışan hüquq müdafiəçisi hər iki ölkədə çoxlu sayda etnik xalqların sülh və qardaşlıq şəraitində yaşadıqlarını və bu birgəyaşayışın bütün dünyaya örnək ola biləcəyini deyib.

Daha sonra Ermənistan barədə söz açan ADİHİ rəhbəri Əhməd Şahidov bu ölkəni monoton adlandırıb və “Ermənistan yalnız ermənilər üçündür” prinsipinin Yerevanda dövlət siyasətinə çevrildiyini diqqətə çatdırıb. Təcavüzkar millətçilik, irqçilik və şovinizmin separatizmə yol açdığını bildirən hüquq müdafiəçisi Dağlıq Qarabağ münaqişəsinin məhz erməni şovinistləri və daşnakları tərəfindən başladıldığını, Qarabağ və ətraf rayonlarda yaşayan etnik azərbaycanlıların kütləvi surətdə qovulduğunu, öldürüldüyünü, yaralandığını və girov götürüldüyünü və nəticədə 30 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsinin yarandığını deyib: “Bugün də bu münaqişə davam etməkdədir, bir milyondan artıq məcburi köçkün var, rəsmi Yerevan işğalçılıq siyasətini davam etdirir və mütəmadi olaraq, etnik azərbaycanlılar qətlə yetirilir və xəsarət alırlar. Bütün bu faciələrin səbəbkarı Ermənistan hakimiyyəti və onların yürütdüyü təcavüzkar şovinist siyasətidir.”

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Bu yazını Facebookda şərh et