“Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib

Sentyabrın 13-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

“Bərabər hüquqların təminatı və ictimai-siyasi həyatda bərabər iştirak” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycandakı ictimai-siyasi vəziyyət barədə geniş məlumat verib, ölkənin siyasi səhnəsində iştirak edən bütün qüvvələrə və şəxslərə bərabər şəkildə imkanlar yaradıldığını, iqtidar və müxalifət qüvvələri arasında sağlam rəqabətin mövcud olduğunu diqqətə çatdırıb.

Dünyada baş verən son proseslər fonunda bir çox ölkələrdə, xüsusən də ABŞ və digər Qərb ölkələrində faşist meylli millətçi siyasi qüvvələrin gücləndiyini diqqətə çatdıran hüquq müdafiəçisi həmin ölkələrdə dözümsüzlük, diskriminasiya və şiddət xarakterli əməllərin artdığını da deyib. Əhməd Şahidovun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Donald Trampın müsəlmanlara və Latın Amerikası ölkələrinə yönəlik ayrı-seçkilik siyasəti qəbul edilməzdir və bir sıra aparıcı beynəlxalq insan haqları təşkilatları bu faktları görməzdən gəlirlər. Bu, açıq ikili standartlardır və buna son qoyulmalıdır.

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Bu yazını Facebookda şərh et