Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib

Sentyabrın 11-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Sentyabrın 12-də “Demokratik institutlar, demokratiya və seçkilər” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz regionundakı mövcud demokratik durumu dəyərləndirib, həyata keçirilən demokratik islahatlar və seçkilər barədə məruzə edib. Azərbaycanda və Gürcüstanda ictimai-siyasi sabitlik fonunda həyata keçirilən demokratik islahatlar barədə danışan hüquq müdafiəçisi seçkilərdə insanların fəallığını yüksək qiymətləndirib, demokratik təsisatların sərbəst fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Ermənistandakı ictimai-siyasi vəziyyət barədə məlumat verən ADİHİ rəhbəri son vaxtlar rəsmi Yerevanın ölkədəki demokratik düşərgəni boğmağa yönələn addımlarını pisləyib və Serj Sarkisyan hakimiyyətinin ölkədə diktatura rejimi qurduğunu bildirib.

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Bu yazını Facebookda şərh et