Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?!

Yeni ayın ilk gününü qarşıladıq. Avqust ayı mənimçün xoş istirahət, bol enerji toplamaq, yeni-yeni planlar üzərində çalışmaq, sevdiklərinlə vaxt keçirmək, sevmək-sevilmək, bir sözlə, əsl həyat ayıdır. Özüm də Avqustda doğulduğum üçün özümü bir başqa hiss edirəm bu ayda.

Təbii ki, bu ayı mənə əziz olan məkanda və mənə əziz olan insanlarla keçirmək də bir ənənəyə çevrilib. Özümü tanıyandan hər il Avqust ayını Qaxda keçirmişik. Hələ uşaq illərində valideynlərimizin məzuniyyət müddəti yayın məhz bu ayına təsadüf edərdi və biz ailəlikcə Qaxa gələrdik dincəlməyə.

Bugün də Qaxdayam, dağların ətəyində – bol oksigenin olduğu, dörd yanın yaşıllıqla əhatə olunduğu gözəl bir məkanda. Özümü çox güvəndə hiss edirəm burada. Sanki məni əhatə edən dağlar həm də məni qoruyur… həm də öz qoynunda yüksəklərə ucaldır.

Dağlara qalxdıqca mən də ucalıram. Qaxa olan sevgim də ucalır, yüksəlir. Yüksəklikdən Qaxa tamaşa etmək, bu füsunkar təbiəti seyr etmək və gələcəyə baxmaq – məni daha güclü edir, daha mübariz və qətiyyətli edir.

Buna görə də sevirəm Qaxımı. Təbiətinə görə sevirəm, torpağına görə sevirəm… bir də insanına görə sevirəm.

Elə ən əsas sevgi də budur. Qax insanı – mənim qəlbimin yarısını təşkil edir, mənim fikirlərimin, planlarımın və arzularımın tam ortasında yerləşir. Qaxın hər kəndində məni gülərüzlə qarşılayan, sevinc hissi ilə məni bağrına basan sadə insanlar… onlar mənim sevgimi yüksəklərə qaldırır, məni güclü edir.

Daha gözəl Qax üçün isə güclü olmağa məcburam… həm də çox güclü!

Əhməd ŞAHİDOV
01 Avqust 2017-ci il
Ulubaş yüksəkliyi, Qax rayonu, Azərbaycan

Bu yazını Facebookda şərh et