“Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov

Bugün Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 142 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri – “Əkinçi” qəzetinin buraxıldığı gün Azərbaycan mətbuatının əsası qoyulub.

Bu gün ölkədə mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Onların bir hissəsi daimi olaraq nəşr olunur. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb və dövlət başçısına təqdim edilib.

Milli Mətbuat Günü ilə bağlı yaydığı video müraciətində Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu və mətbuat azadlığından söz açıb və demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətindən və onların inkişafı üçün yaradılan hüquqi təminatlardan danışıb: “Bugün Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir. Biz dəfələrlə bunun şahidi olmuşuq. Ötən ilin Aprel döyüşlərində, habelə bir-neçə həftə əvvəl erməni silahlı birləşmələrinin qətlə yetirdiyi 2 yaşlı Zəhra balamızla bağlı məsələdə bütün dünya Azərbaycan həqiqətlərini bildi və gördü. Bu, Azərbaycan mətbuatının uğurudur. Heç şübhəsiz ki, bu uğurun əldə edilməsində Azərbaycan dövlətinin, xüsusən də ölkə başçısı Cənab İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının böyük rolu var.

Bu yazını Facebookda şərh et