SOYUQDUR

Soyuqdur, qərib ölkədə çox soyuqdur,
Həm havası, həm də ki, insanları.
Sənə gülən üzlər, əl sıxan əllər,
Həyat tərzi, mədəniyyəti soyuqdur.

*****

Soyuq-soyuq yandan ötüb keçərlər,
Yıxılsan, qayıdıb heç baxan olmaz.
Biganəlik soyudur insanları,
Soyuduqca həyat donur burada.

*****

Soyuqluqda həm də bir paxıllıq var,
Çünki qaynar insanları sevməzlər.
İsti insan bura gəlib soyuyar,
Soyuduqca kökündən uzaqlaşar.

*****

Çox böyükdür, ucu-bucağı olmaz,
Tək qaldınsa, kədərin də soyuyar.
Sevincini, kədərini unudub,
Özüvü də unudub soyuyarsan.

*****

Şəhər böyük, milyonlarla insan var,
Axşam səni evdə kimsə gözləməz.
Gəz, gəz, dolaş şəhəri qarış-qarış,
Gəzməkdən ayağında qan soyuyar.

*****

Qürbət ölkənin yaddır insanları,
Amma yenə özününkü tapılır.
Öz insanın sənə soyuq olanda,
Soyuyur ruhun da, donur sevgin də.

*****

İllərdir Vətəndə ömür sürürsən,
Qədrini bilirsən qürbətdə ikən.
Soyuq insanların hakim olduğu
Ölkədə soyuqdan donub ölürsən.

*****

Qaçmaq istəyirəm soyuq ölkədən,
Qayıdıb Vətəndə isinmək üçün.
İsti insanların məmləkətində –
Odlar ölkəsində alışmaq üçün
Azərbaycan üçün, Vətənim üçün!

Əhməd ŞAHİDOV
29 Yanvar 2010-cu il saat 01:12, Moskva, Rusiya

Bu yazını Facebookda şərh et