MƏNƏM

Mənəm-mənəmlikdən uzaq insanam,
Lakin düz sözümün ağası mənəm.
Pisliyin önündə dayandığım tək,
Yaxşının yanında yer alan mənəm.

*****

Allahdan savayı kimsədən qorxmam,
Bəndələr bir-birini sevsə, yaxşıdır.
Sevgiylə qorxunun fərqinə varıb,
Sevgiylə yaşayıb qorxmayan mənəm.

*****

Ala gözlü yara könül vermişəm,
Onun da sevgisini qazanam gərək.
Sevgini qoruyub çiyinlərimdə,
Sonadək şərəflə daşıyan mənəm.

*****

Gözüm yox dünyanın var-dövlətində,
Pula görə dostluğun düşməniyəm.
Çox insanlar dostum olmaq istədi,
Onların ən böyük düşməni mənəm.

*****

Əzəldən Vətənə bağlı olmuşam,
Vətənlə açılıb səhərim mənim.
Gündüzü-gecəni səhv də salmışam,
Vətənin gecəsi-gündüzü mənəm.

*****

Düşmənəm xalqıma düşmən deyənə,
Dostam millətimə dost kəsilənə.
Ən böyük dostumsa Azərbaycandır,
Dostumu düşməndən qoruyan mənəm.

*****

Türk oğluyam, türk qanı damarımda,
Azərbaycan ürəyimdə, canımda.
Qarabağsa bir yaradır bağrımda,
Yarama duz səpib yaşadan mənəm.

*****

İslamdan ruhlanıb Allahı sevdim,
Allahı sevməyən kimsəni sevməz.
Şeytanın olduğu bu kainatda,
Allah hökmdardır, qulu isə mənəm!

Əhməd ŞAHİDOV
20 Yanvar 2010-cu il saat 08:57, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et