‘Xaricdə təhsil alan gənclərimiz həm də Azərbaycan həqiqətlərini təbliğ edirlər’ – Əhməd Şahidov

Aprelin 28-də Odlar Yurdu Universitetində İslahatçı Gənclər İctimai Birliyinin təkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Erasmus Tələbə Mübadiləsi” adlı konfrans keçirilib. Universitetlərdə Türkiyə təcrübəsinin tətbiqi mövzusunda baş tutan konfransda xaricdə təhsil və tələbə mübadiləsi barədə məruzələr dinlənilib, tələbələri maraqlandıran suallara cavablar verilib.

Konfransı giriş sözü ilə açan İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı Türkiyənin təhsil sistemi barədə məlumat verib və azərbaycanlı tələbələrin Erasmus Tələbə Mübadiləsi sayəsində Avropanın müxtəlif universitetlərində təhsil almaq imkanları haqqında danışıb.

Daha sonra çıxış edən İstanbul Aydın Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Salman Arslanbaş təmsil etdiyi ali təhsil müəssisəsinin imkanları barədə geniş məruzə edib və İstanbul Aydın Universitetinin azərbaycanlı tələbələr üçün nəzərdə tutduğu təhsil təqaüdləri haqqında danışıb.

Konfransda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Erasmus Tələbə Mübadiləsi sistemi barədə danışıb və bunun Azərbaycan həqiqətlərinin təbliğ edilməsindəki rolunu qabardıb: “Erasmus – təkcə xaricdə təhsil almaq imkanı yaratmlr. Bu proqramdan yararlanan azərbaycanlı gənclər eyni zamanda Azərbaycanımızın xaricdə aktiv təbliğatçıları və qeyri-rəsmi səfirləri olurlar. Azərbaycan həqiqətlərinin – Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və bu kimi digər önəmli mövzuların Avropada yayılması bu proqramın gənclərə verdiyi imkanlardan ən önəmlisidir. Bu baxımdan Erasmus proqramına daha çox maraq göstərmək və maksimum yararlanmaq lazımdır”.

Konfransda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, AMEA-nın əməkdaşı, Filologiya üzrə Fəlsəfə Doktoru Cahid İsmayıloğlu, Türkiyənin Bahçeşehir Universitetinin məzunu Hacıbəy Heydərli, Marmara Universitetinin məzunu Əfsələddin Ağalarov və digərlərinin maraqlı məruzələri dinlənilib.

Bu yazını Facebookda şərh et