“Azərbaycanda uşaqların ən böyük himayədarı Mehriban Əliyevadır” – ATƏT-də uşaq hüquqlarından danışılıb

29_septemberSentyabrın 29-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəal şəxslər iştirak ediblər.

“Uşaqların hüquqları” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı məruzə edib. Əlil uşaqlar, kimsəsiz körpələr, erkən nikahlar, uşaq ölümləri, məktəbəqədər təhsil və digər sahələrdə mövcud problemlərin Azərbaycan cəmiyətini də narahat etdiyini diqqətə çatdıran ADİHİ rəhbəri Azərbaycanın 21 İyul 1992-ci il tarixli “Uşaqların hüquqları haqqında” BMT-nin Konvensiyasını ratifikasiya etdiyini bildirib.

Azərbaycanda uşaqların hüquqlarının qorunması sahəsində Heydər Əliyev Fondunun ardıcıl layihələr həyata keçirdiyini bildirən hüquq müdafiəçisi Əhməd Şahidov uşaqların ən böyük himayədarının Mehriban Əliyeva olduğunu xüsusilə vurğulayıb.

Daha sonra Dağlıq Qarabağ münaqişəsinə toxunan ADİHİ rəhbəri qaçqın şəhərciklərində böyüyən azərbaycanlı uşaqlar barədə danışıb, Ermənistanın təcavüzü nəticəsində 616 məktəbin, 242 məktəbəqədər müəssisənin, 4 kollecin və 11 texnikumun tamamilə dağıdıldığını və yüz minlərlə uşağın qaçqın həyatı yaşadığını deyib.

Münaqişə nəticəsində 53 azərbaycanlı uşağın itkin düşdüyünü, 169 körpənin ermənilər tərəfindən müxtəlif işgəncələrə məruz qaldığını və 18 azərbaycanlı uşağın hələ də erməni əsirliyində olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Əhməd Şahidov uşaq hüquqlarının qorunması istiqamətində bütün dünyanın birlikdə fəaliyyət göstərməsinin, müharibələrə və işğallara son qoyulmasının və bütün uşaqlar üçün xoşbəxt gələcək qurulmasının zəruriliyini vurğulayıb.

Bu yazını Facebookda şərh et