“İnsan haqları məsələsi bəzən təzyiq vasitəsi kimi istifadə edilir” – Əhməd Şahidov

shahidovİki yaşını qeyd edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovla müsahibə

– Əhməd bəy, ilk öncə rəhbəri olduğunuz təşkilatın 2 yaşı olması münasibətilə sizi təbrik edirik. ADİHİ-nin yaranma təşəbbüsü hardan gəldi? Necə oldu ki, bu təşkilatı təsis etmək qərarına gəldiniz?

– Təşəkkür edirəm. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu 2014-cü ilin 1 İyun tarixində yarandı. Məhz o zamanlar idi ki, Azərbaycanda insan haqları sahəsində müəyyən narahatlıq doğuran olaylar yaşanırdı. Hüquq müdafiəçiləri, vəkillər, jurnalistlər, habelə QHT rəhbərləri və ictimai-siyasi fəallarla bağlı məhkəmə prosesləri gedirdi. Bir hüquqşünas kimi bu sahədə çalışmaq və ölkəmə xidmət etmək məqsədilə ADİHİ-ni təsis etmək qərarına gəldim və ətrafıma gənc peşəkarları topladım.

İlk öncə, ölkədə insan haqlarının durumu ilə bağlı monitorinqlər apardıq, sonradan müxtəlif dillərdə internet saytımızı işə saldıq, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpuslarla əlaqələr qurduq, daha sonra özümüz də xaricdə fəaliyyətə başladıq. Avropa Şurası, ATƏT, Avropa Parlamenti, BMT və digər nüfuzlu beynəlxalq qurumlarda akkreditasiya olunduq və bugün də həmin qurumlarla əməkdaşlığımız davam etməkdədir.

– Amma nədənsə ölkə daxilində fəaliyyətiniz bir o qədər də nəzərə çarpmır. Səbəbini necə izah edərdiz?

– Deməzdim ki, ölkə daxilində fəaliyyətimiz yoxdur, xeyr. Əslində bizim fəaliyyətimiz elə Azərbaycanla bağlıdır. Sadəcə, bugün ölkədə insan haqları ilə məşğul olan bir neçə təşkilatlar var ki, onlar ölkə daxilində bizdən daha fəaldırlar. Təcrübəli hüquq müdafiəçilərimiz var ki, ölkə daxilində məndən daha təcrübəli və aktivdirlər. Bu səbəbdən də mən daha çox ölkə xaricində fəaliyyətə üstünlük verirəm. Çalışıram ki, beynəlxalq qurumlarda Azərbaycanla bağlı doğru məlumatları çatdırım. Çünki bilirsiz ki, bugün bir çox beynəlxalq təşkilatlarda Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı heç də birmənalı fikirlər səslənmir. Bəzən qərəzli şəkildə Azərbaycanı tənqid edirlər.

– Belə çıxır ki, xaricdə Azərbaycan hakimiyyətinin lobbiçiliyini aparırsız?

– Xeyr, kimsənin lobbiçiliyini aparmırıq. Bu, bizim işimiz deyil. Bizim işimiz insan haqları ilə bağlıdır. Sadəcə, bugün beynəlxalq təşkilatlarda ikili standartlar geniş yayılıb və bir çox hallarda insan haqları təzyiq vasitəsi kimi istifadə olunur. Azərbaycana münasibətdə də bu vəziyyəti müşahidə edirik. ADİHİ olaraq, bucür hallarla mübarizə aparır, Azərbaycan həqiqətlərini doğru-dürüst şəkildə dünya ictimaiyyətinə çatdırır və haqları pozulmuş insanlar barədə məlumat veririk.

– Məsələn, haqqı taptanmış hansı şəxslər barədə beynəlxalq tədbirlərdə çıxışlar etmisiz? Konkret hansı məsələlərə diqqəti yönəltmisiz?

– Bütün çıxışlarımda Dağlıq Qarabağ münaqişəsi və bir milyon azərbaycanlı qaçqının haqlarını müdafiə etmişəm, kəlbəcərli əsirlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışmışam, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı təzyiq tonunda deyil, əksinə, yardım şəklində davranmağın məqsədəuyğun olduğunu bildirmişəm və ölkəmizin yerləşdiyi geo-siyasi şəraitin nəzərə alınmasını vacib saymışam. Dəfələrlə Ermənistan səfirliyinin qarşısında aksiyalar təşkil etmişəm və beynəlxalq tədbirlərdə düşmən ölkənin nümayəndələri ilə gərgin mübahisələrim olub. Bütün çıxışlarımın, təşkil etdiyimiz tədbir və aksiyaların video çəkilişləri də internetdə var, yəni fəaliyyətimiz göz qabağındadır.

– Nədənsə, haqqı tapdanmış şəxslər barədə danışanda həbs olunmuş tanınmışlar barədə söz açmadız. Məsələn, Leyla və Arif Yunuslar, Xədicə İsmayılova, İlqar Məmmədov, Seymur Həzi, Tale Bağırzadə, NİDAçı gənclər və s. Yoxsa, onların hüquqlarını müdafiə etmək barədə düşünmürsüz heç?!

– Adlarını çəkdiyiniz şəxslərin bir qismi artıq azadlığa buraxılıb. Digərləri barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarları mövcuddur. Həmin şəxslərin hüquqları kifayət qədər qorunur və yetərincə bu haqda danışılır.
Mən çalışıram ki, həmkarlarımın danışmadığı və beynəlxalq ictimaiyyətin duymadığı mövzuları qabardım. Hansısa beynəlxalq tədbirdə çıxış zamanı 5-6 dəqiqə ərzində bütün mövzuları əhatə etmək qeyri-mümkündür.

– Yuxarıda adlarını çəkdiyim şəxslər müxtəlif beynəlxalq təşkilatların siyahılarında siyasi məhbus kimi təqdim olunur. Bəs siz necə, həmin şəxsləri siyasi məhbus olaraq tanıyırsızmı?

– Bu, çox həssas mövzudur və bu tip məsələlərə birmənalı olmayan baxış bucaqları var. Mən də hesab edirəm ki, Azərbaycanda siyasi məhbus sayılacaq şəxslər var. Lakin bu şəxslərin sayı bəzi hüquq müdafiəçilərinin tərtib etdiyi qədər deyil. Bu sahədə çox şişirdilmiş rəqəmlər səslənir və bəzən bu məsələ alver predmetinə də çevrilir. Bir çox hallarda konket cinayətlər törətmiş şəxslərin yaxınları hüquq müdafiə təşkilatlarına rüşvət verərək, adlarını həmin siyasi məhbus siyahılarına saldıra bilirlər. Məsələn, həmin siyahılarda 1990-cı illərdə terror aktı törətmiş şəxslərin adları var. Bu, nə dərəcədə doğrudur axı?!
Amma yenə də bu sahədə problemlər var və biz ictimai-siyasi şəxslərin müxtəlif bəhanələrlə həbs edildiyini müşahidə edirik. Həmin şəxslər kifayət qədər müdafiə olunur. Yenə deyirəm, biz daha çox müdafiəsiz insanların haqlarını müdafiə etməyə çalışırıq və bu istiqamətdə beynəlxalq səviyyədə konkret işlər aparırıq.

– Sonuncu sualımı verəcəm, Əhməd bəy. Azərbaycanda tanınmış hüquq müdafiəçilərindən demək olar ki, hamısı bu və ya digər vaxtlarda həbsdə olublar. Təsadüfdür, yoxsa, nədir, bilmirəm. Amma siz heç vaxt həbs edilməmisiz, qısa müddətli sutkalıq cəza da almamısız. Səbəbi nədir bunun?

– Həyatımda birinci dəfədir belə bir sualla qarşılaşıram (Gülür). Amma cavab verəcəm. Açığını desəm, həbs olunmağı cəsarət hesab etmirəm, hər hansı qanun pozuntusuna yol versəm, məni də həbs edərlər. Təbii ki, heç kim özünə həbs arzulamaz. Ümumiyyətlə, kimsəyə həbs həyatı arzulamıram, həbsdə olan həmkarlarıma da tezliklə azadlığa çıxmalarını arzu edirəm.

Konkret səbəbi yoxdur. Amma həbsdən də sığortalanmamışam. Mən də hamı kimi vətəndaşam və hüquq müdafiəçisiyəm. Amma bu müsahibəmdən sonra həbs olunsam, sizdən şübhələnəcəm (Gülür).

Azpolitika.info

Bu yazını Facebookda şərh et