“Mehriban Əliyevanın amnistiya təşəbbüsü insan haqlarına humanist yanaşmadır” – Əhməd Şahidov

shahidov640Avropa institutlarında keçirəcəyimiz görüş və çıxışlarda bu amnistiya aktı barədə geniş məlumat verəcəyik

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisə təqdim olunmuş layihə cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Mayın 20-də müzakirəyə çıxarılacaq layihə qəbul olunarsa, iyunun 15-də qüvvəyə minəcək. 10 min nəfər məhbusu əhatə edəcək amnistiya ilə 3500 məhkum azad olunacaq. Ekspertlər bu təşəbbüsün Azərbaycanla Qərb arasındakı münasibətləri daha da yaxşılaşdıracağını bildirirlər.

Sözügedən amnistiya təşəbbüsü barədə fikirlərini bölüşən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu təşəbbüsünü insan haqlarına humanist yanaşma kimi qiymətləndirib: “Qanun və humanizm bir-biri ilə əlaqəli dəyərlərdir. Hansısa cinayət əməlinə görə insana cəza kəsiləndə mütləq humanizm prizmasından yanaşmaq lazımdır. Çünki, cəzaçəkmə müəssisələrində olan insanlar da bizim vətəndaşlarımızdır. Düşünürəm ki, Azərbaycanda bu sahədə kifayət qədər təcrübə və potensial var. Ölkə başçısının artıq ənənəyə çevrilmiş əfv sərəncamları insan haqlarına verilən yüksək qiymətdir. Ölkənin Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən amnistiya təşəbbüsləri isə bütün bu fəaliyyətin fövqündə dayanır. Çünki, məhz bucür amnistiya aktları daha çox insanı əhatə edir ki, bu da daha çox ailələrə sevinc hissi bəxş edir.”

Mehriban Əliyevanın amnistiya təşəbbüsü barədə Avropa institutlarında keçirəcəkləri görüş və çıxışlarda geniş məlumat verəcəklərini qeyd edən ADİHİ rəhbəri bir sıra Avropa ölkələrinin bu təcrübədən yararlanmasının zəruriliyini vurğulayıb: “Sentyabr ayından başlayaraq, ATƏT, Avropa Şurası, BMT və Avropa Parlamentində görüşlərimiz və tədbirlərimiz olacaq. İnsan haqları və demokratik dəyərlərə həsr olunacaq həmin tədbirlərdə Azərbaycanda insan haqlarının vəziyyəti barədə danışacaq və Mehriban Əliyevanın amnistiya təşəbbüsü barədə geniş məlumat verəcəyik. Düşünürəm ki, Avropanın qabaqcıl ölkələri Azərbaycanın bu təcrübəsindən yararlanmalıdırlar.”

Bu yazını Facebookda şərh et