“Cenevrə Konvensiyasını kim pozur: Ermənistan, yoxsa Azərbaycan?!” – Araşdırma

Aprel ayının əvvəllərindən başlayaraq, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin pozulması, ardınca da aktiv hərbi əməliyyatlar Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq diqqətin artmasına gətirib çıxarıb. Artıq bütün dünya ictimaiyyəti bu münaqişənin tez bir zamanda həll edilməsi istiqamətində çağırışlar edir.

BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini əsas götürən Azərbaycan erməni əsgərlərinin dərhal və qeyri-şərtsiz Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir və azərbaycanlı qaçqınların öz dədə-baba torpaqlarına geri qayıtmasına şərait yaradılmasını istəyir. Dünyanın bütün ölkələri Azərbaycan Respublikasının ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir və bu, dolayısıyla Ermənistanın regionda işğalçı siyasət yürütdüyünü təsdiq etmiş olur.

Buna baxmayaraq, artıq 25 ildir ki, Dağlıq Qarabağda status-kvo saxlanılır və tərəflər müxtəlif beynəlxalq hüquq normalarının, xüsusən də Cenevrə Konvensiyasının şərtlərinin pozulduğunu iddia edərək, bir-birini ittiham edirlər. Bu ittihamların nə dərəcədə doğru olduğunu təsbit etmək üçün qısa araşdırma apardıq və müəyyən nəticələr əldə etmiş olduq.

Cenevrə Konvensiyası nədir, nə vaxt və kimlər tərəfindən yaradılıb?

convensiyaCenevrə Konvensiyası isveçrəli iş adamı Jan Anri Dünan tərəfindən təsis edilib. 1859-cu ildə Solferino ətrafında gedən döyüşlərin şahidi olmuş Jan Anri gördüklərindən dəhşətə gəlir. Belə ki, İtaliyanın şimalında yerləşən Solferino şəhəri yaxınlığında Fransa və Sardiniya birləşmiş ordusu Avstriyaya qarşı vuruşur və bu savaşda 300 000 əsgər iştirak edir. Döyüşü Fransa-Sardiniya birliyi qazanır.

Lakin savaş bitdikdən sonra ortada dəhşətli mənzərə ortaya çıxır – meydanda 38 min ölü və yaralı əsgərlərin cəsədləri qalır, həkimlər müharibə zamanı əsir götürüldüyündən yaralı əsgərlərə kömək edən kimsə tapılmır. Bu səhnədən dəhşətə gələn Jan Anri yerli sakinlərdən ibarət bir dəstə formalaşdırır və hansı tərəfdə vuruşmağından asılı olmayaraq, yaralı əsgərlərə yardım etməyə başlayır.

Daha sonra Cenevrəyə qayıdan Jan Anri Dünan gördüklərini kitab şəklində qələmə alır. Bundan başqa, ictimaiyyət arasında yeni bir kampaniya başladır və müharibə zamanı yaralılara ilk tibbi yardım edilməsi və cəsədlərin götürülməsi barədə müqavilələrin qüvvəyə minməsi üçün çalışır. Onun bu fikirləri 1863-cü ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin, daha sonra isə Cenevrə Konvensiyasının yaradılmasına gətirib çıxardır.

Bu fəaliyyətinə görə, cənab Jan Anri Dünan 1901-ci ildə ilk Nobel mükafatı almış şəxs kimi tarixə düşür.

Cenevrə Konvensiyasının şərtləri nədən ibarətdir?

Cenevrə Konvensiyası hərbi əməliyyatlar və müharibə şəraitində yaralı əsgərlər, hərbi əsirlər və mülki əhali ilə rəftarı özündə cəmləşdirən beynəlxalq hüquq normalarıdır. Bu konvensiya müharibə zonasındakı jurnalistlərin hüquqlarını da müəyyən edir.

Cenevrə Konvensiyası özündə 4 müqavilə və 3 əlavə protokolu birləşdirir ki, bu da beynəlxalq humanitar hüququn əsasını təşkil edir. İlk üç müqavilə 1864 və 1931-ci illər arası qəbul edilib. Bu müqavilələr yaralı və xəstə əsgər, matros və hərbi əsirlərlə rəftar qaydalarını müəyyən edir. Dördüncü müqavilə isə II Dünya Müharibəsindən sonra qəbul edilib. 1977-ci ildə hüquqi müdafiəni daha da gücləndirmək üçün 2 əlavə protokol qəbul edilir və nəhayət 2005-ci ildə tibbi xidmətləri nəzərdə tutan üçüncü protokol əlavə edilir.

Cenevrə Konvensiyasının bu 4 maddəsi və 3 əlavə protokolu bütün ölkələr üçün məcburi xarakter daşıyır və bu konvensiyanı pozan şəxslər hərbi cinayətlərdə ittiham oluna və cəzalandırıla bilərlər.

Bəs gəlin görək, Dağlıq Qarabağ münaqişəsi zamanı tərəflərdən kim daha çox Cenevrə Konvensiyasının tələblərini pozur. Qeyd edək ki, Dağlıq Qarabağ konflikti iki ölkə – Azərbaycan və Ermənistan arasında 25 ildən artıq davam edən bir münaqişədir.

1994-cü ildə tərəflər arasında atəşkəs barədə razılıq əldə olunsa da, zaman-zaman təmas xəttində aktiv hərbi əməliyyatlar müşahidə olunur və hər iki tərəfdən itkilər qeydə alınır.

Cenevrə Konvensiyasını kim pozur: Ermənistan, yoxsa Azərbaycan?!

Cenevrə Konvensiyasının əsas maddələrini diqqətinizə çatdırmaqla, Dağlıq Qarabağ münaqişəsi zamanı həyata keçirilən hərbi cinayətləri ayırd etmək mümkün olacaq.

Məsələn, 4-cü Konvensiyanın III maddəsi münaqişə zonasında olan mülki vətəndaşların hüquqlarını təsbit edir. Bildirilir ki, müharibə zonasında olan və dilindən, dinindən, irqindən, dərisinin rəngindən, cinsindən, sosial mənsubiyyətindən, maddi vəziyyətindən asılı olmayaraq, hər bir kəsə qarşı humanist şəkildə davranılmalıdır.

Həmin mülki şəxslərə qarşı zorakılıq, qeyri-insani davranış, işgəncə və qətl yolverilməzdir. Bu kateqoriyadan olan vətəndaşları əsir götürmək, təhqiredici və alçaldıcı münasibət qadağan olunur. İstintaq və məhkəmə araşdırması olmadan həmin şəxslər barədə hökm çıxarmaq və öldürmək olmaz.

Dağlıq Qarabağ münaqişəsi zamanı Cenevrə Konvensiyasının bu tələbləri demək olar ki, tam şəkildə pozulub. Belə ki, hazırda Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3801 nəfər şəxs itkin düşmüş kimi qeydiyyatdadır. Bunlardan 3094 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 61 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmayan uşaqlar olub. Ermənistan tərəfi bu faktı rəsmi şəkildə təkzib etsə də, sosial şəbəkələrdə yayılmış bir çox video görüntülərdə 1991-1994-cü illərdə Dağlıq Qarabağda əsir götürülmüş mülki vətəndaşlara qarşı edilən zorakılıq, qeyri-insani və təhqiredici münasibəti əks etdirən məqamlar var. Ermənilərin özləri tərəfindən yayılan bu video görüntülərdə azərbaycanlı mülki əsirlərə qarşı işgəncə halları açıq-aydın görünməkdədir. Hətta Ermənistanın hazırkı prezidenti və digər rəsmi şəxslərinin müxtəlif vaxtlarda mətbuata verdikləri açıqlamalarda da bu məqamlara toxunulur və bu qeyri-insani münasibəti Azərbaycanı qorxutmaq üçün törətdikləri açıq şəkildə etiraf edilir.

dilqemKonvensiyanın 3-cü maddəsində təsbit edilən bu məqamlar son illərə qədər də pozulmaqdadır. Belə ki, 2014-cü ilin iyulunda doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də düşmən əsirliyindədirlər, Həsən Həsənov isə qətlə yetirilib. Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qeyri-qanuni məhkəmə prosesi keçirilib və onlar uzun müddətli azadlıqdan məhrum ediliblər.

Konvensiyasının 4-cü maddəsində isə konkret olaraq göstərilir ki, üçüncü ölkənin vətəndaşları münaqişə zonasında əsir götürülübsə, onlar Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq, dərhal azadlığa buraxılmalıdırlar. Bu maddəyə əsasən, Rusiya Federasiyasının vətəndaşı olan Dilqəm Əsgərovun hələ də əsirlikdə saxlanılması qeyri-qanuni sayılır.

sahbazCenevrə Konvensiyasının 4-cü maddəsinin 2-ci protokoluna əsasən, mülki vətəndaşların qul kimi istifadə olunması və insan alverinin qurbanına çevrilməsi hərbi cinayətlər silsiləsinə daxildir və beynəlxalq hüququn normalarına əsasən qadağandır. Buna baxmayaraq, yüzlərlə azərbaycanlı əsirlərin hələ də Ermənistan və işğal altında olan Dağlıq Qarabağ ərazisində qul kimi işlədilməsi və onların daxili orqanlarının çıxardılaraq, qara bazarda satılması faktları mövcuddur.

serjikHərbi münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin hüquqlarını özündə ehtiva edən Cenevrə Konvensiyasının tələbləri bu dəfə də Ermənistan tərəfindən kobud şəkildə pozulub. Belə ki, indiyə kimi cəbhə bölgəsində həyatlarını itirən onlarla jurnalistlərimiz var ki, onlar sadəcə öz peşə fəaliyyətlərini yerinə yetirərkən düşmən tərəfindən qətlə yetiriliblər. Bu ilin Aprel ayında ermənilərin atəşkəsi pozması nəticəsində bir nəfər azərbaycanlı müxbirin yaralanması qarşı tərəfin hələ də beynəlxalq hüququn normalarına riayət etmədiyini açıq şəkildə sübut edir.

Cenevrə Konvensiyasının tələblərini ardıcıl olaraq pozan Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və reallıqları pərdələmək məqsədilə manevr siyasəti ilə məşğuldur. Dünya ictimaiyyəti isə münaqişəyə ikili standartlar prizmasından yanaşdığından, Ermənistan dövlətinin işğalçı siyasəti və erməni rəhbərlərinin hərbi cinayətləri öz hüququ qiymətini tapmayıb… hələ ki!

 

Əhməd ŞAHİDOV
ADİHİ rəhbəri
08 May 2016-cı il, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et