BEYNƏLXALQ TERRORLA BİRGƏ MÜBARİZƏ

Bu mübarizə döyüş meydanlarından deyil, təhsil müəssisələrindən, universitetlərdən başlanmalıdır…
Terror yeni anlayış deyil, çox qədim tarixə malik bir problemdir. Eyni zamanda bəşəri bir problemə çevrilib. Artıq hər gün mətbuat səhifələrində, televiziya və internetdə müxtəlif terror hadisələri barədə mütəmadi məlumatlar eşidir, ölən və yaralanan günahsız insanlar, dağıdılan binalar, məhv olunan tikililər haqqında eşidirik. Hərdən öz-özümə sual verirəm ki, niyə bu hadisələr baş verir, insanlar niyə bir-birini öldürürlər, bir insanın qurduğunu bir başqası niyə məhv edir axı?!

31 Dekabr 2009-cu il tarixində gecə saat 24:00-a yaxınlaşanda Yeni İl şənliyi keçirilən zaman televiziya kanallarında dəhşətli səhnələrin şahidi oldum: Fələstində günahsız insanların öldürülməsi, Pakistanda bir-birinin ardınca partlayışların həyata keçirilməsi davam edirdi. İnanılmaz bir mənzərə idi. Bir tərəfdən insanlar əylənir, bir-birini təbrik edir, digər tərəfdən isə can bazarı yaşanır, insanlar həyatda sağ qalmaq üçün ölüm-dirim mücadiləsi verirlər. Əslində bunun ən müxtəlif səbəbləri mövcuddur. Siyasi, dini, iqtisadi, etnik və digər bəlli olan və olmayan səbəblər. XX əsrin sonu və XXI əsrin əvvəlləri əslində terrorla mübarizə istiqamətində ən gərgin zaman kəsiyi olaraq tarixə düşə bildi. Amma nə fayda?! Terror yenə davam edir – artıq yeni müstəvidə, daha müasir üsullarla və daha geniş miqyasda. Terror o qədər böyük bir əhəmiyyət kəsb etməyə başlamış ki, hətta ayrı-ayrı dövlətlər də bu iyrənc işdə öz töhfələrini əsirgəmirlər və buna öz “arqumentlərini” də irəli sürürlər.

Azərbaycanın 20% torpaqlarını işğal altında saxlayan və bir milyona qədər qaçqını öz doğma torpaqlarından didərgin salmış Ermənistan “millətlərin öz müqəddəratını həll etməsi” məsələsini, Yaxın Şərqdə günahsız insanları qətlə yetirən İsrail “regionda stabilliyi qoruyub saxlamaq” iddiasını, Yaxın Şərqdəki situasiyadan öz məqsədləri üçün istifadə edən və “Hizbullah”, “Həmas” kimi beynəlxalq terror təşkilatlarını maliyyələşdirən İran isə “İslam qardaşlığı” bəhanəsini ortaya atır. Hər bir tərəf də özünü haqlı hesab edir. Bu müharibələrdə ən çox əziyyət çəkən isə məhz əhali – günahsız insanlardır. Bəs terror təhlükəsi ilə necə mübarizə aparaq?! Son onilliklərin təcrübəsi göstərdi ki, terrorla döyüş meydanlarında, silahlarla mübarizə istənilən effekti vermir.

Odur ki, ilk növbədə insanların təfəkküründə, ruhunda, qanında çevriliş etmək və tərbiyə etmək lazımdır. İnsanları tərbiyə edərkən onları terrora qarşı həssas olmağı, fitnəkarların qurbanına çevrilməmələrini aşılamaq lazımdır. Bunun üçün ən səmərəli məkan isə təbii ki, təhsil müəssisələridir. Məktəbin son siniflərindən başlanan bu təbliğat daha çox universitet həyatı dövrü intensivləşməlidir. Çünki, məktəb illəri gənclər daha çox valideyn himayəsində olur və bucür təxribatlara uymurlar. Universitet həyatını isə müstəqil həyata atılmaq kimi dəyərləndirən gənclərin beyni məhz bu dövrdə qarışıq olur. Həyatını qurmağa çalışan, kəskin dəyişikliklər etmək istəyən, tez bir zamanda fantastik irəliləyişlər əldə etməyə can atan gənclər zərərli cərəyanların və təbliğatın axınına asanlıqla düşə bilirlər. Təsadüfi deyil ki, İran, İsrail, ABŞ, Rusiya kimi böyük dövlətlər məhz universitet tələbələri arasında öz təbliğatlarını aparır və müxtəlif tədbirlər təşkil etməklə gənclərin beynində dəyişikliklər etməyə çalışırlar. Bu təbliğatın davamı olaraq, gənclər arasında təmərküzləşmə prosesi gedir, cəmiyyətdə parçalanma yaranır. Öz milli mənsubiyyətindən uzaqlaşan gənclər daha çox başqa-başqa dövlətlərin müdafiəçisi kimi çıxış etməyə başlayırlar. Həmin ölkələrin təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak edir, təhsil mübadiləsi proqramları çərçivəsində mütəmadi olaraq həmin ölkələrə səfərlər edir və nəticədə həmin ölkələrin, onların yürütdüyü siyasətin fanatı olurlar.

Bundan başqa, universitetlər terror təşkilatlarının potensial kadr mənbəyi olmaqdan başqa, həm də hücum hədəfləri sayıla bilərlər. Çünki, cəmiyyət içində çaxnaşma salmaq, daha çox insan itkisinə nail olmaq üçün terroristlər daha çox sayda müdafiəsiz insanların toplaşdığı yerə – universitetlərə hücum edirlər. Buna misal olaraq, 30 aprel 2009-cu il tarixdə Azərbaycan Neft Akademiyasında baş vermiş terror hadisəsini göstərmək olar. Erməni xüsusi xidmət orqanlarının təlimatı ilə hərəkət edən terrorçu universitetə daxil olmuş və qısa zaman ərzində onlarla gənci qətlə yetirmişdir.

Bu, təkcə bir dövlətin və millətin problemi deyil. Bugün Azərbaycanda baş vermiş hadisə, sabah başqa bir ölkədə təkrarlana bilər. Odur ki, bəşəriyyətin ortaq problemi olan qlobal terrorizmlə mübarizədə universitetlər də sıx əməkdaşlıq etməli, bu sahədəki təcrübələrini bir-biriylə mübadilə etməlidirlər. Təhsil proseslərində terrorun mahiyyəti, yaranma şəraiti, beynəlxalq terror təşkilatlarının tarixi, terror aktlarının həyata keçirilməsi və ondan qorunma üsulları barədə mütəmadi dərslər keçirilməlidir. Adətən bu kimi mövzular barədə danışmaqdan ehtiyyat edirik. Elə düşünürük ki, bucür mövzularla gəncləri məşğul etmək olmaz və bu problemlə ayrı-ayrı qurumlar məşğul olurlar. Amma bu, əsla belə deyil. Güc strukturlarının bu kimi hadisələr zamanı fəaliyyətinin nə dərəcədə effektiv olması məhz adi vətəndaşların davranışından birbaşa asılıdır.

Odur ki, universitet tələbələri ilk öncə milli, mədəni, dini və etnik cəhətdən maariflənməli, onlara bu kimi həssas mövzularda dərslər keçilməli, xarici dövlətlərdəki müsbət təcrübədən danışılmalı, təxribat yönümlü təşkilatların qurbanına çevrilmələrinin qarşısını almaq üçün lazım olan bütün prosedurları həyata keçirmək lazımdır. Yaxşı olardı ki, regionşünaslıq və beynəlxalq münasibətlər fakültələrində təhsil alan tələbələrin müxtəlif səfirliklər tərəfindən cəlb olunduğu tədbirlərin və həmin tədbirlər üçün ayrılmış olan maliyyənin mənbəyi diqqətlə araşdırılsın, tələbələrin gələcəkdə milli maraqları qurban verib xarici dövlətlərin hansısa məkirli planının qurbanına çevrilə bilmə imkanları məhdudlaşdırılsın.

Təcrübə də göstərir ki, müxtəlif dərnəklərin üzvü olan gənc tələbələr bir müddət keçdikdən sonra təhlükəli dini cərəyanlara üzv olur, dağlara çəkilib mücahidlərə qoşulur, Əfqanıstan, Fələstin, İraq kimi təhlükəli regionlarda bilmədikləri, tanımaqdıqları insanlarla çiyin-çiyinə mücərrəd məqsədlər naminə vuruşur və həlak olurlar. Bunların hamısı maraqlı qüvvələrin uzun illər ərzində apardıqları intensiv təbliğatın nəticəsidir ki, bunun da nəticəsində itirən biz gənclər oluruq. Odur ki, universitetlər təkcə gənclərin savad və bilik qazandığı məkan olmalı deyil, bura eyni zamanda ölkə üçün ilk növbədə layiqli vətəndaş yetişdirilən bir yer olmalı, universitetlərdə Vətənini, xalqını, milli maraqlarını hər şeydən üstün tutan, bunun üçün canından da keçməyə hazır olan və heç bir kənar müdaxilələrə, şirnikləndirici vədlərə uymayaraq hərəkət edən bir şəxsiyyət yetişdirən müqəddəs ocaq olmalıdır.

*** Bu məqalə 20-24 Oktyabr 2010-cu il tarixdə Türkiyənin “Çanaqqala On Səkkiz Mart Universiteti” tərəfindən təşkil olunmuş “Küresel sorunlar çerçevesinde üniversitelerin yeni hedef ve görevleri neler olmalıdır?” adlı Dünya Universitetlər Konqresində çıxış etmək üçün müəllif tərəfindən qələmə alınmışdır.

PhD Əhməd ŞAHİDOV
01 Yanvar 2010-cu il, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et