Əhməd Şahidov Azərbaycanın məhkəmə sistemindəki neqativ hallardan danışıb – ATƏT-in Varşava toplantısı

atet_mehkemeSentyabrın 24-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən “İnsani Dəyərlərin Tətbiqi Konfransı” öz işini davam etdirib.

ATƏT üzvü olan 57 ölkənin rəsmi şəxslərinin, nazir və səfirlərinin, habelə QHT rəhbərləri, jurnalist və hüquq müdafiəçilərinin qatıldığı bu dəfəki müzakirələrdə ATƏT üzvü olan ölkələrdə məhkəmə və prokurorluq sisteminin fəliyyəti və məhkəmələrdə insan haqlarının təmin olunması mövzusu müzakirə olunub.

Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanın məhkəmə sistemi barədə məruzə ilə çıxış edib və bəzi nöqsanları işıqlandırıb. ADİHİ rəhbəri heç də bütün məhkəmə proseslərinin açıq keçirilmədiyini, hüquq müdafiəçiləri və mətbuat nümayəndələrinin bəzən məhkəmələrə buraxılmadığını bildirib və dövlət sirri təşkil edən məhkəmə prosesləri istisna olmaqla, digər iclasların ictimaiyyətə açıq olmasının zəruriliyini vurğulayıb.

Çıxışını neqativ halların tənqidinə həsr edən hüquq müdafiəçisi Azərbaycanda keçirilən bəzi məhkəmələrin lüzumsuz olaraq, illərlə davam etdiyini, digər məhkəmələrin isə bir ay ərzində başa çatdırıldığını deyərək, bunun müttəhimlərin hüquqlarının yetərincə müdafiəsi üçün çətinliklər yaratdığını də bildirib.

Ümmiyyətlə, məhkəmə proseslərinin nəticəsindən razı və narazı tərəflərin olmasını normal qiymətləndirən hüquq müdafiəçisi şəffaf məhkəmələrin keçirilməsinin cəmiyyət üçün faydalı olduğunu xatırladıb.

Bu yazını Facebookda şərh et