İnternet və sosial şəbəkələrin vəziyyəti ATƏT-də müzakirə olunub – Əhməd Şahidov çıxış edib

atet22.09.2015Sentyabrın 22-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə “İnsani Dəyərlərin Tətbiqi Konfransı” öz işini davam etdirib.

ATƏT üzvü olan 57 ölkənin rəsmi şəxslərinin, nazir və səfirlərinin, habelə QHT rəhbərləri, jurnalist və hüquq müdafiəçilərinin qatıldığı bu dəfəki müzakirələrdə informasiya texnologiyaları, sosial şəbəkələr və internetdə insan haqları və fundamental azadlıqlar mövzusu müzakirə olunub.

Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda sosial şəbəkələr və internetə çıxış azadlığı barədə məruzə ilə çıxış edib. Sosial şəbəkələrin insanlar üçün geniş imkanlar açdığını bildirən hüquq müdafiəçisi eyni zamanda bu şəbəkələrin zərərli tərəfləri barədə da məlumat verib.

Saxta profillər, anonim paylaşımlar və çağırışlar məsələsini qaldıran ADİHİ rəhbəri Əhməd Şahidov vətəndaşların şərəf və ləyaqətinin alçaldılması, xüsusən də ictimai-siyasi fəaliyyəti olan şəxslərin alçaldılması və özəl həyatlarına müdaxilə hallarının Azərbaycan sosial şəbəkələrində geniş yayıldığını bildirib.

Bir sıra siyasi partiya fəallarının öz təbliğatlarında sosial şəbəkələrdən geniş istifadə etdiyini diqqətə çatdıran hüquq müdafiəçisi əksər hallarda yalan məlumatların, habelə şantaj xarakterli informasiyaların da yayıldığını təəssüflə qeyd edib.

Sosial şəbəkələrin həm də terrorçu qruplar üçün əlverişli məkan olduğunu bildirən Əhməd Şahidov bu tendensiyalara qarşı mübarizədə beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıb.

Bu yazını Facebookda şərh et