Vyana-Bakı-Qax yolçuluğu və vicdansız yaşamaq qorxusu

vicdanSonuncu dəfə İyulun 5-də Avstriyadan qayıtmışam – üst-üstə 5 beynəlxalq tədbirdə iştirak edərək, 12 görüş keçirmişəm. Bu dəfə də fərqli nəsə yaşanmayıb – Azərbaycan həqiqətləri ilə bağlı çıxışlar, forumlarda ermənilərlə qızğın diskussiyalar və Azərbaycanımızın təqdimatı. Bu, mənim bir vətəndaş kimi alışdığım həyat tərzim, həm də bir hüquq müdafiəçisi kimi vəzifəmdir.

Vyanadan Bakıya qayıtdıqdan sonra küləklər şəhərində çox qala bilmədim – dəhşət istilər bir tərəfdən, neçə vaxtdır doğulduğum torpağın həsrəti də digər tərəfdən sıxırdı məni. Odur ki, bir-neçə-gün Bakıda qaldıqdan sonra şələ-şüləmi yığışdırıb üz tutdum avtovağzala – isti yay günündə sərin Qaxımıza gəldim.

Hər zaman olduğu kimi Qaxa bu dəfəki səfərim də məni tanıyanlarda, qohum-əqrabalarımızda sevinc hissi yaratdı. Hər gün bir qohumun evində olurdum, gündə biri qonaq çağırırdı, getməyəndə isə inciyirdilər. Çətin də olsa, hamıya baş çəkirdim, çünki bir də Qaxa nə zaman gələcəyimi dəqiq bilmirdim. Sentyabrda isə Varşavada keçiriləcək ATƏT-in zirvə toplantısında iştirak etmək və sonra da silsilə Avropa görüşləri və çıxışlar məni gözləyirdi.

qaracilar12Fürsəti əldən verməyib Qaxı başından ayağına kimi gəzdim – Sarıbaşda oldum, İlisu, Qaxbaş, Qum, Ləkit, Güllük, Qağıçay, Tasmalı, Lələli və digər kəndlərdəki qohum əqrabalarıma baş çəkdim. Qax insanının səmimiliyi və qonaqpərvərliyi süfrəsinə düzdüyü nemətlərdən duyulurdu.

Hə… bir də uşaqlığımla bağlı kövrək xatirələr məni o illərə aparırdı. Biri deyirdi ki, sənin baban Şahidov Əhmədlə belə elədik, elə elədik. Bir başqa qohum danışırdı ki, mən uşaq olanda ayaqyalın gəzərdim həyət-bacada. Bağça müəlliməm məni dükanda görüb o illərə götürürdü məni – axşam ən axırda mən qalardım, anam işlədiyindən, işdən sonra gəlib məni götürərdi bağçadan və mən axıra qalardım, gözlərim yol çəkərdi.

agsaqqalBütün bu söhbətləri eşitdikcə duyğusallaşır, kövrəlir və bəzən də göz yaşlarımı saxlaya bilmirdim. O illərə o qədər başım qarışmışdı ki, özümdə vaxt tapıb Qaxımızın bugünü ilə maraqlanmağa macal tapmırdım.

Nəhayət ki, buna da vaxt tapdım. Daha doğrusu ucqar kənd yollarını silkələnə-silkələnə getdikcə, hər dəfə yağışlar yağanda kranımızdan palçıq rəngli suyu stakana doldurduqca, bir balaca ildırım çaxanda işıqlarımız söndükcə, mən də uşaqlıq xatirələrindən ayılıb, bugünümüzə qayıdır və reallıqla üz-üzə qalırdım.

Hər dəfə qohumlarımızla görüşərkən, ‘Necəsiz, qohumlar?’ sualıma cavab verməkdə çətinlik çəkən o kənd insanlarını başa düşürdüm yavaş-yavaş. Avropanın rahat həyatına alışmış bir gənc kimi Qaxda yaşadıqlarım mənə çətin gəlirdi.

gorusler4Odur ki, bir Qaxlı kimi uşaqlıq xatirələrini dinləyib kövrəlməyə dur deyib, öz işimi görməyə başladım. Bir hüquq müdafiəçisi kimi kəndlərimizi gəzdim, yerli sakinlərlə görüşlər keçirdim. Bu dəfə qohum-əqraba ilə deyil, heç tanımadığım insanların qapısını döydüm, dağda-kəsəkdə çobanlıqla məşğul olan insanlara yaxınlaşdım, qaraçı ailələrində oldum, onların yaşayışını  öz gözlərimlə gördüm, onların qayğılarını dinlədim və özümdə zəruri qeydlər apardım. Çünki, bu, mənim işim və vəzifəmdir.

gorusler2

Bütün bu yaşadıqlarım mənim bir ay ərzində Qax rayonunda gördüklərimin bir parçası idi. Daha çox qalsaydım, daha çox şeylər öyrənə bilərdim.

Amma Vyana-Bakı-Qax reysini geri qayıtmağın zamanı gəlmişdi və mən yenidən geri qayıtmalı idim.

Və qayıdacam… Acı da olsa və bunu etməməyə özümü vadar etsəm də, qayıtmalıyam. Qaxı və qaxlıları öz qayğıları ilə baş-başa buraxmaq və yenidən rahat Avropaya qayıtmaq.

İşim bunu tələb etsə də, vicdanım izn vermir… Vicdanıma qulaq assam, işsiz qalacam. Amma vicdansız yaşamaqdan da qorxuram…

Əhməd Şahidov
9 Avqust 2015-ci il, Qax rayonu, Azərbaycan

Bu yazını Facebookda şərh et