Əhməd Şahidov kəlbəcərli girovların məhkəməsində iştirak etmək istəyir – “Yeni Müsavat” qəzetinə müsahibə

shahidov292Hüquq müdafiəçisi insan haqları günündə ölkədə bu sahədəki durumdan danışıb: “Hərdən təəccüb edirəm ki, bir nəfər həbs olunur, üstündən 24 saat keçməmiş bəyanat verirlər”

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov redaksiyamızın qonağı olub və suallarımızı cavablandırıb. Müsahibə əsnasında o, Beynəlxalq İnsan Haqları Günü ərəfəsində Azərbaycanda insan hüquqlarından, son həbslərdən, həmçinin bir neçə gün əvvəl xarici səfər çərçivəsində keçirdiyi görüşlərdən danışıb.

– Dekabrın 10-u Beynəlxalq İnsan Haqları Günüdür. Hüquq müdafiəçisi kimi fikriniz maraqlıdır, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət necədir?

– Bu günün tarixi barədə qısa danışmaq istəyirəm. 1948-ci ildə dekabrın 10-da BMT-nin Baş Assambleyası universal insan haqları deklarasiyasını qəbul edib. Otuz maddədən ibarət bəyannamədə bütün dünyadakı insanların hüquqlarının bərabərliyi haqqında danışılır, bütün hüquqlar orada təsbit olunub. Azərbaycan 23-24 ildir ki, müstəqil ölkədir, təəssüf ki, bizdə insan hüquqları lazımi səviyyədə, yetərincə deyil. Azərbaycanda kifayət qədər insan haqları sahəsində problemlər var, Azərbaycan tərəfdar çıxdığı beynəlxalq konvensiyalara, qanunlara riayət etməyə çalışır, amma yenə insan hüquqları, ifadə azadlığı, sərbəst toplaşmaq və digər hüquqlar tam və qismən məhdudlaşdırılır. Bu, əsas problemlərdən biridir. Biz bu günlə bağlı bəyanat dərc etmişik, üç dildə yaymışıq, mətbuat da dərc edib.

– Ölkədə hansı azadlıqların tam məhdudlaşdırıldığını düşünürsünüz?

– Tam məhdudlaşma deyə bilməzdim. Burada da müəyyən mənada ikili standartlar var. Bir çox Avropa ölkələrində dini inanc azadlığı tam və qismən məhdudlaşdırıldığı halda, Azərbaycanda bu, müəyyən mənada azaddır. Azərbaycanda bu gün aktual odur ki, ifadə azadlığında bəzi boşluqlarımız var. Sərbəst toplaşmaq azadlığını deyə bilərəm, vicdan azadlığı var, bu sahədə problemlər müşahidə olunur. Biz də bu sahədə danışmaq üçün İsveçrənin Cenevrə şəhərinə BMT-nin illik insan haqları forumuna dəvət olunmuşduq.

– Forumda əsas müzakirə olunan mövzular hansılar idi?

– Dekabrın 1-dən 3-nə qədər BMT-nin baş qərargahında oldum, orada seksiyalar çox idi, mən sosial hüquqların məhdudlaşdırılması seksiyasında danışdım. Bir milyon Azərbaycan insanının sosial hüquqlarının tam və qismən məhdudlaşdırılmasından, onların mənzil hüququndan, qaçqınlar, köçkünlər, digər azadlıqlardan, onların qeydiyyatla bağlı problemlərindən danışdıq. Sosial problemləri qaldırdıq. Daha sonra Qırmızı Xaç Komitəsinin Cənubi Qafqaz üzrə nümayəndəsi ilə görüşdüm, kəlbəcərli girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərov haqqında danışdım.

Onların bu faktdan məlumatı var idi. Altı dəfə görüşüblər onlarla, daim bu məhkəmə prosesini diqqətdə saxlayırlar. Hərçənd ki, bu məhkəmənin də qeyri-qanuni olduğunu dolayısı ilə bildirdilər, bu, əsirlər haqqında Cenevrə konvensiyasına ziddir. Mən təşəbbüslə çıxış etdim ki, bir təşkilat olaraq məhkəmə prosesində iştirak etmək istəyərdik. Təklifi maraqla qarşıladılar, ancaq onların səlahiyyətləri çatmadı. Mən əsir düşmüş digər vətəndaşlarımızla bağlı kitab verdim onlara. Bildirdim ki, əsir düşən təkcə bu iki vətəndaş deyil, Azərbaycanın mindən çox vətəndaşı əsirlikdədir. Onlar bu faktlarla bağlı Ermənistan tərəfə sorğu göndərəcəklər. Daha sonra İsveçrənin Bazel şəhərində xarici işlər nazirlərinin 21-ci sessiyasında müşahidəçi qismində iştirak etdim. Prioritet məsələ ərazi bütövlüyü idi, orada Dağlıq Qarabağ məsələsinə də toxunuldu. Daha sonra İsveçrənin Xarici İşlər Nazirliyində, İsveçrə parlamentində görüşümüz oldu. İsveçrənin bir neçə QHT-si ilə görüşümüz oldu. Səfəri səmərəli hesab etmək olar.

– Azərbaycanda insan haqları sahəsində başqa hansı problemlər qabardıldı? Axı ölkədə insan haqları sahəsindəki problemlər təkcə köçkünlərlə bağlı deyil…

– Xarici işlər nazirlərinin toplantısında daha çox ərazi bütövlüyü prioritet idi, terrorizmlə mübarizə, separatizmlə mübarizə prioritet idi, digər məsələlər müzakirə olunmadı. İnsanların konflikt şəraitində yaşamaq hüququ müzakirə edildi.

– On dekabr ərəfəsində ölkədə yeni bir səs-küylü həbs oldu, araşdırmaçı jurnalist Xədicə İsmayıl həbs olundu. Bu həbsə hüquq müdafiəçisi olaraq sizin münasibətiniz necədir? Biz mətbuatda sizin hər hansı fikrinizə rast gəlmədik.

– Bu ilin sentyabrında Varşavada arzuolunmaz vəziyyətlə üzləşmişdim, Xədicə İsmayıl da o prosesdə iştirak edirdi. Emosional olaraq həmin gün fikirlərimi bildirdim, sonra qərara aldım ki, çox danışmayım. Qarşı tərəf qadındır, buna görə danışmağa lüzum görmədim. Yenə mövzu aktuallaşıb. Onunla bağlı bir fərd olaraq fikrim var…

– Hüquq müdafiəçisi kimi fikriniz daha vacibdir…

– Onun həbsi əvvəlki həbslərə nisbətən bir az fərqlidir. İttiham tərəfi də kifayət qədər ciddidir, jurnalistdir və kifayət qədər ciddi motivlər ortaya qoyub. Sosial şəbəkələrdə gedən yazışmalardan danışıram, çünki istintaq materialları ilə tanış deyiləm. Düşünürəm ki, bu cür presedent Azərbaycanda hələ yaşanmamışdı. Yəni ölüm həddinə çatdırmaya görə həbs olunma Cinayət Məcəlləsində var, 125-ci maddədə təsbit olunub, amma indiyə qədər Azərbaycanda bu, yaşanmamışdı.

Bu, bir ilk idi. Bu da jurnalist Xədicə İsmayılın üzərində tətbiq olundu deyə bir çoxları bunun siyasi motivli olduğunu düşünə bilər. Hüquq müdafiəçisi kimi istənilən halda, mən həbs olunmuş jurnalist Xədicə İsmayılın təqsirsizlik prezumpsiyasını pozmaq istəmirəm. Günahkar və ya günahsız olduğunu da deyə bilmərəm. Çünki məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan kiməsə günahkar demək olmaz. Amma yenə hüquq müdafiəçisi kimi onun hüquqlarını müdafiə etməyə hazıram, bu, mənim borcumdur, yəni təşəbbüs olsa, görüşməyə də, hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə çıxış etməyə, ictimai kampaniyada iştirak etməyə də hazıram. Xədicə İsmayılla bağlı ədalətli məhkəmə prosesinin keçirilməsinə həm ümid edirəm, həm də arzulayıram.

– Hüquq müdafiəçilərindən ibarət İşçi Qrup yaradılıb, orada təmsil olunmursunuz. Bir çox hüquq müdafiəçiləri qurumda var və onların fəaliyyəti birmənalı qarşılanmır. Siz necə qarşıladınız qurumun yaradılmasını?

– Bu prosesdən hələ İşçi Qrup yaranmamışdan xəbərim vardı. AŞPA-nın siyasi işlər üzrə departamentinin direktoru Aleksandr Gessel bu barədə bildirmişdi. O demişdi ki, AŞPA-nın baş katibi Torbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə telefon açıb və Azərbaycanda son həbslərlə bağlı narahatlığını ifadə edib. Bu həbslərin siyasi motivi olub-olmamasını araşdırmaq üçün birgə işçi qrupun yaradılmasını təklif edib və İlham Əliyev də bunu müsbət qarşılayıb. Mən də təklif etdim ki, işçi qrupda iştirak edim və namizədliyimi cənab Yoqlanda deyəcəyini bildirdi, o da az hökumətinə bildirmişdi. Amma təəssüf olsun ki, Azərbaycan hökuməti mənim işçi qrupda təmsil olunmağımı istəmədi, nəticədə təmsil olunmadıq.

– Sizcə, sizin həmin qurumda təmsil olunmamağınızın səbəbi nə idi?

– Səbəbi bilmirəm, çox ola bilər. Məni tanımamaq ola bilər, bizim təşkilatın yeni yaranması ola bilər. Mənə elə gəlir ki, bizim təşkilatı tanımayıblar. Real səbəbləri bilmirəm. amma işçi qrupun üzvləri kifayət qədər tanınmış insanlardır. Məncə, 2-3 ay gözləmək lazımdır, sonra onların fəaliyyətinə qiymət vermək olar. Bir dəfə əfv olub, onların siyahısında olanlar da əfvə düşüb.

– Əfvə həmin siyahıdan cəmi iki nəfər düşüb…

– Hə, iki nəfər düşüb. Mən də istəyərdim ki, digər həmkarlarımızın da adı orada olsun. Amma yəqin işçi qrupun gücü buna çatır. Yenə 31 dekabrı gözləyək. Əfv fərmanı imzalanmalıdır.

– Hazırda ölkədə bir neçə hüquq müdafiəçisi həbsdədir, onlarla QHT-nin hesablarına həbs qoyulub. Durum yaxşı deyil. Bu faktlarla bağlı sizin qurumun hər hansı bəyanatına belə rast gəlmədik. Deyirsiniz ki, işçi qrup yaradılanda hökumət sizi tanımayıb. Bəlkə o bəyanatlar həm də sizin təşkilata tanınmaq üçün fürsət verərdi. Nə səbəbdən Əhməd Şahidov bəyanat verməyə ehtiyac duymur?

– Son həbslərlə bağlı mən deməzdim ki, heç bir bəyanat yoxdur. Bəzi həbslərlə bağlı, Müsavat üzvü Fərəc Kərimovla bağlı, ümumi insan haqlarının vəziyyəti ilə bağlı bəyanatlarımız var. Çox sərt bəyanatın olmaması onunla bağlıdır ki, yeni yaranmışıq. Hərdən təəccüb edirəm ki, bir nəfər həbs olunur, üstündən 24 saat keçməmiş bəyanat verirlər. Bunun özü də düzgün deyil. Mən siyasətlə məşğul deyiləm, partiyalar siyasi nöqteyi-nəzərdən çıxış edib dərhal reaksiya verirlər, bu, normaldır. Jurnalist Xədicə İsmayılla bağlı hansı bəyanat verə bilərik biz? Qanun qarşısında hamı bərabərdir. Mən hüquq müdafiəçisi kimi dərhal kiminsə müdafiəsinə qalxım? Bəlkə həqiqətən ortada cinayət elementləri var? Çünki 125-ci maddə kifayət qədər ciddi maddədir. Son həbs edilənlərin çoxunun məhkəməsi başlamayıb.

– Siz azından, həbslərə təəssüf etdiyinizi və istintaqın obyektiv aparılacağına ümid etdiyinizi bildirə bilərdiniz…

– Düşünürəm ki, həmin həbslərin ev dustaqlığı ilə, şərti azadlıqla əvəzlənməsi mümkün idi. Birmənalı şəkildə biz toplanmış faktlardan sonra bəyanat verə bilərik. Dünən kimsə həbs olundu, bu gün bəyanat yaymaq bir az qeyri-peşəkarlıqdır. Neytral mövqedə dayanan, həm Azərbaycan dövlətinə, iqtidarına, həm Xədicə İsmayıla neytral mövqedə dayanan bir təşkilat olaraq heç bir tərəfə haqlı ya haqsız deyə bilmərik. Gözləyək məhkəmə prosesi yekunlaşsın.

– Neytral mövqedə dayanan hüquq müdafiəçisi kimi necə hesab edirsiz, əksər hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxsləri siz də siyasi məhbus adlandırırsınızmı?

– Siyahı məhbus siyahısı ilə tanış olmuşam. Siyahıda siyasətlə məşğul olan, siyasi mövqeyi olan insanlar var. Amma bir az çətinlik çəkirəm. Siyasətdə olan və həbs olunmuş insana siyasi məhbus demək… Siyasi məhbus odur ki, sırf siyasi fikirlərinə görə həbsə atılsın. Düzdür, orada bəzi qaranlıq məqamlar var, siyahıda siyasi fəallar da var, jurnalistlər də var ki, onların barəsində irəli sürülən narkotik tipli ittihamlar bir qədər ənənəvi və dəbdən düşmüş ittihamlardır. Qaranlıq məqamlar var. Amma bir çox ittihamlar əsaslandırılmış, inandırıcıdır. Amma yenə mən onlara o ittihamları onlara yapışdıra bilmərəm.

Çünki həmin materiallar ictimaiyyətə açıq deyil. Birmənalı şəkildə demək olmur. Amma o siyahıya kölgə salan məqamlar var. Orada 90-cı illərdə qatar partladan Sadval üzvlərinin adını görürəm. Bəlkə siyahıda həqiqətən heç bir günahı olmayan, cinayət əməli olmayan, sadəcə siyasətlə məşğul olan insanlar var, amma terrorçuların adının o siyahıda olması artıq ümumi siyahıya kölgə salır. Bu siyahı gedir Avropanın tanınmış hüquq müdafiə təşkilatlarına, Azərbaycan hökuməti də haradasa haqlı olaraq buna etirazını bildirir.

Röya RƏFİYEVA, 10 Dekabr 2014-cü il

musahibe

Bu yazını Facebookda şərh et