AZƏRBAYCAN FOLKLORUNDA OYUN VƏ ƏYLƏNCƏLƏR

Unudulanlar və unudulmayanlar…
Zəngin milli adət-ənənələrə malik Azərbaycan türklərinin folkloruna nəzər yetirsək bütün Türk dünyasının malik olduğu ortaq dəyərlərdən başqa, Azərbaycan türklərinin də özünəməxsus folkloru mövcuddur. Xalqımızın zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən biri də xalq oyunlarıdır. Tarixi çox qədimlərə gedən, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan bu oyunlar nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çamışdır.

Oyunlar xalq həyatının müxtəlif cəhətlərini, eləcə də müxtəlif mərasimləri əks etdirən qədim folklor janrından biridir. Xalq oyunları ən qədim dövrlərdən xalqın məişət həyatını, əyləncə dünyasını özündə əks etdirmək baxımından xüsusi maraq doğurur. Belə xalq oyunları mövzu, məzmun, yaranma yolu və formaları baxımından da çox zəngin və rəngarəngdir. Xalq oyunlarında yüksək, humanist insani duyğular: şəri cəzalandırmaq, yaxşıları qorumaq, onlara dayaq durmaq və s. bu kimi müsbət keyfiyyətlər aşılanırdı.

Xalq oyunları, bütövlükdə xalqın oyun-tamaşa mədəniyətinə dair ilk məlumatlara bir sıra qədim mənbələrdə rast gəlmək mümkündür. Belə ki, IX-X əsrlərdə yaşamış Yaxın Şərq alimlərindən Kəsrəvi, Səalabi və Əl-Biruninin, XII əsrdə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də xalqımızın islamiyyətdən əvvəlki mərasim şənlikləri, oyunları, eləcə də onların mənşəyi və məzmunu barədə müəyyən məlumatlar vardır. Xalq oyunları haqqında məlumatlara həmçinin nağıl və dastanlarımızda, eləcə də, Avropa və Asiya səyyahlarının əsərlərində, memuar və gündəliklərində, onların Azərbaycana səfər təəssüratları barədə xatirələrində də rast gəlmək olar. Orta əsrlərdə bir sıra Azərbaycan, eləcə də Yaxın Şərq rəssamlarının miniatürlərində də bəzi xalq oyunlarının təsvirlərinə rast gəlmək olur.

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda maarif və mədəniyyətin inkişafı ilə əlaqədar olaraq bir çox ziyalılar – M.Ş.Vazeh, M.Mahmudbəyov, S.Ə.Şirvani, A.Şaiq, F.Köçərli və başqaları uşaq folkloru adı altında xüsusi nümunələr, o cümlədən xalq oyunları seçmiş, onların bəzilərini dərsliklərə daxil eləmiş və təbliğ etmişlər. Bu dərsliklərə ən yaxşı nümunə isə F.Köçərlinin 1912-ci ildə çap etdirdiyi “Balalara hədiyyə” kitabı olmuşdur. Bu kitaba bir çox uşaq folkloru nümunələri, o cümlədən xalq oyunları daxil edilmişdir.

Bir çox xalq oyunlarını – “Çövkan”, “Dirədöymə”, “Çiling ağac”, “Top al qaç”, “Sərrast vur”, “Motal-motal”, “Qələndar, ay Qələndar”, “Əl üstə kimin əli”, “Bənövşə bənövşəni” və s. oyunları indi də uşaqlar, həm də gənclər həvəslə oynayırlar.

Tədqiqatçıların yazdıqlarına görə, Azərbaycan xalq oyunlarında kişilərlə bərabər, bəzən qadınlar da iştirak etmişlər. Bu barədə Nizaminin “Xəmsə”sində müəyyən məlumatlar verilir. Qadınların kişilərlə yanaşı “Çövkən” və digər xalq oyunlarında iştirakını XVI əsr miniatürlərindən də aydın görmək olur.

Azərbaycanda geniş yayılmış bu oyunlar Qətran Təbrizinin, Xaqani Şirvaninin və bu kimi digər klassik şairlərimizin əsərlərində də öz əksini tapmışdır.

Azərbaycanda geniş yayılmış milli xalq oyunlarından biri də “Çövkən”dir. XII əsrdə – Atabəy Məhəmmədin hökmranlığı dövründə bu oyun meydanda, at üstündə keçirilirdi. Oyunu idarə edən hakimlərdən biri əlindəki yaylığı yuxarı qaldıran kimi şaypur çalınırdı. Sonra oyunçular hər dəstədə üç nəfər atlı olmaqla, üç dəstə meydanda dövrə vururdular. Birinci dəstə ağ, ikinci boz, üçüncü dəstə isə qara atlarda meydana çıxırdılar. Bundan sonra atlılar meydanın əks tərəfinə gedirdilər. Meydanın əks tərəfində adam boyda daşdan qülləli qapılar qoyulurdu. Qüllənin birincisinin üstünə göy, digərinkinə isə qırmızı rəngli bayraq taxılırdı.

Oyunda əsas məqsəd çövkən ilə topu fərdi və ya yoldaşlarının köməyi ilə aparıb qapını əvəz edən qüllələrin arasından keçirmək idi.

“Çövkən” oyununda istifadə edilən topu hazırlamaq üçün daranmış yün götürülürdü. Onu əllə yumaq şəklinə salır və bacardıqca möhkəmlətməyə çalışırdılar. Topu lazım gələn vəziyyətə saldıqdan sonra onu qaynar suya salır və yarım saata qədər saxlayırdılar. Burada yun əvvəlki yumaq formasını özündə saxlayaraq daha bərk sıxılırdı. Sonra onu sudan çıxarır və bir daha möhkəm şəklə düşənədək ovxalayırdılar. Daha sonra isə ona xüsusi dəridən üz çəkirdilər. Bu üsulla hazırlanan toplar elastiki şar formasında olurdu. Çövkan ağacı isə xüsusi hazırlanmış və əyilmiş formada ağac olurdu. Onun dəqiq, standart uzunluğu olmamışdı. Bu ağac oyun iştirakçılarının və atların hündürlüyündən asılı olaraq dəyişirdi. Çövkan ağacının əyilmiş hissəsinin bir üstü açıq olurdu. Çünki bu tərəflə topu yerdən qaldırmaq asan olurdu.

“Çövkan” oyununda xüsusi məşq görmüş yarış atlarından istifadə edilirdi. Atların yəhərini ikiqat və üçqat qarınaltlığı ilə bərkidirdilər ki, oyun vaxtı – kəskin hərəkətlər zamanı yəhər sürüşüb atın belindən düşməsin.

Geniş yayılmış Azərbaycan xalq oyunlarından biri də “Top çalada oyunudur. (Bu oyun haqqında Cənubi Azərbaycanda yaşayıb-yaratmış yazıçı Abakur Məhburinin “İbn Şirac” əsərində geniş söhbət açılır.)

Bəzi xalq oyunları isə şeirlə ifa olunurdu. Bu isə, heç şübhəsiz ki, oyunu daha maraqlı edirdi. Belə oyunlardan biri “Motal-motal” oyunudur. Bu oyunda uşaqlar dövrə vurub oturur, ayaqlarını bir yerə uzadırdılar. Onlardan biri aşağıdakı şeri deyirdi:

İynə-iynə,
Ucu düymə,
Bal ballıca,
Ballı keçi,
Şam ağacı,
Şatır keçi,
Qoz-ağacı
Qotur keçi,
Vur nağara,
Çıx qırağa.

Və ya

Motal-motal tərsə motal,
Yay atar, qaymaq tutar.
Ağ quşum, ağarcığım,
Göy quşum göyərçinim.
Əlin tikan əmirqulu,
Vur nağara, çıx qırağa.

Bu şerin hər kəlməsini deyən şəxs əlini növbə ilə yoldaşlarının və özünün ayağının üstünə qoyur. Şerin sonundakı “çıx qırağa” sözləri hər kəsin ayağının üstə deyilsə, o, ayağını çəkir. Sonra yenə şeir başdan ayağa deyilir. Və beləliklə, uşaqlar bir-bir ayaqlarını çəkir. Hər kəsin ayağı axıra qalsa, onu üzü üstə uzadıb, əllərini yumruq formasında onun kürəyinə qoyub soruşurlar:

– Əl üstə kimin əli?

Əgər uşaq əlini onun kürəyinə qoyanı tapsa onu durğuzurlar, yox əgər tapmasa, “Götürün vurun, yalandır” – deyib onu bir-neçə dəfə astaca vurur və yenə soruşurlar:

– Əl üstə kimin əli?

Beləcə, uşaq əl sahibini tapanadək onu astaca yumruqlayırlar.
Xalq oyunları uşaqlarda, yeniyetmələrdə və gənclərdə cəldlik, çeviklik, diribaşlıq, hazırcavablıq və s. bu kimi müsbət keyfiyyətlər aşılayırdı.

Bu xalq oyunları əfsuslar olsun ki, zaman-zaman unudulmuş və yalnız dərslik və ədəbiyyatlarda qalmışdır. Ən müasir kompüter oyunlarının uşaqlar arasında daha populyar olduğu bir zamanda bucür xalq oyunlarının unudulmasına şahid olmaq bir qədər üzücüdür. Lakin təsəlli verici məqam ondan ibarətdir ki, milli bayramlar və dövlət konsert tədbirləri zamanı müxtəlif teatr kollektivləri tərəfindən bucür oyunların meydanlarda nümayiş olunması hələ də davam etməkdədir.

Xalq tamaşaları

İnsanların əylənməsinə xidmət edən folklor nümunələrindən biri də xalq tamaşalarıdır. Xalq tamaşaları da şifahi xalq ədəbiyyatının qədim janrlarından biridir. Xalq dramları tarix boyu müəyyən inkişaf yolu keçmiş və getdikcə təkmilləşmişdir. Xalq tamaşaları bir janr kimi formalaşana qədər folklorun başqa növləri daxilində, xüsusilə epik növün ayrı-ayrı janrlarında yaranmağa başlamışdır. Belə ki, peşəkar nağılçılar, aşıqlar, körpələrinə nağıl danışan analar və nənələr nağıldakı hadisələrin gedişindən asılı olaraq mimikadan, jestlərdən, əl-qol hərəkətlərindən də geniş istifadə etmişlər. Bu zaman isə sanki söylənən folklor nümunəsi ibtidai şəkildə səhnələşdirilmiş və beləliklə, xalq tamaşalarının ilkin rüşeymləri yaranmışdır. Məsələn, “Məlikməmməd” nağılında Məlikməmmədin quyuda divlə qarşılaşdığı səhnəni danışan şəxs divin sözlərini qalın, kobud səslə, qızın sözlərini zərif, incə, Məlikməmmədin sözlərini isə amiranə bir səslə, xarakterik ahənglə ifa edirdi.

Nəinki epik növdə, hətta, Azərbaycan xalq ədəbiyyatının hər bir nümunəsini diqqətlə tədqiq etsək, orada ifadə, məna, məzmun və ifa tərzi etibarilə dram, tamaşa ünsürləri tapmaq mümkündür. Deməli, nağıllar, dastanlar, aşıq sənəti və mərasimlər xalq tamaşalarının yaranması və kamilləşməsi üçün ilkin mərhələ olmuşdur.

Digər tərəfdən, xalqın gündəlik həyatı ilə bağlı olan müxtəlif əyləncələr zaman keçdikcə daha kütləvi xarakter alaraq təkmilləşmiş, bəzən ibtidai, bəzən də kamil süjetli tamaşalar kimi xalqın bədii yaradıcılığına daxil olmuşdur.

Xalqın məişəti, gün-güzəranı ilə bağlı olan mərasimlərin keçirilməsində bütün xalq iştirak etmişdir. Bu mərasimlərin bir çoxu ayrı-ayrı adamların səyi nəticəsində təkmilləşmiş, sonradan əsl xalq tamaşaları səviyyəsinə yüksəlmişdir. Buna misal olaraq, “Kosa gəlin”, “Kosa oyunu” və ya “Kosa-Kosa”nı göstərmək olar. Bu tamaşalarda əsas qəhrəman Kosa və Keçi idi. Kosa – qışın, Keçi – isə yazın rəmzi idi. Tamaşanın sonunda Kosa – qış məbluğ olur, Keçi – yaz isə qələbə çalırdı, bu da xalqın alqışına səbəb olurdu. Lakin zaman keçdikcə bu tamaşalardakı mərasim ünsürləri sönükləşmiş, onların real mənaları, insanların məişəti ilə bağlı olan tərəfləri isə inkişaf edərək təkmilləşmişdir. Məhz bu proseslərdən sonra həmin tamaşalardan yaranan, xalqın məişətini, əkin-biçinini, real həyatdakı davranışlarını əks etdirən daha müasir, öz dövrü üçün daha aktual olan xalq tamaşaları yaranmağa başlamışdır. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, “Tənbəl qardaş” və s. bu qəbildən olan xalq tamaşalarıdır.

Azərbaycan xalq tamaşalarında satira və yumor üstünlük təşkil edirdi. Belə tamaşalarda komik vəziyyətlərə daha çox yer verilirdi. Bu isə ondan irəli gəlirdi ki, xalq cəmiyyətdə olan eybəcərlikləri və nöqsanları gülüş vasitəsilə islah etmək istəyirdi. Eyni zamanda xalq nöqsanları aradan qaldırmağa mane olan qüvvələri, belə vəziyyəti yaradan şəxsləri də gülərək ifşa edirdi. Bütün bunlar isə xalq tamaşalarını tamaşaçılara sevdirən və onun uzunömürlü olmasını təmin edən əsas şərtlərdən idi.

Xalq oyunlarından fərqli olaraq, xalq tamaşaları indiyə qədər qorunub saxlana bilmişdir. Belə ki, məktəblərdə, tədris müəssisələrində folklor nümunələri sırasında əhəmiyyətli yeri tutan xalq tamaşaları barədə xüsusi dərslər keçilir. Mədəniyyət ocaqlarında, teatr və səhnələrdə zaman-zaman xalq tamaşalarının ən qədim parçaları nümayiş etdirilir, xalqın sahib olduğu qədim tarixi-mədəni irs qorunub saxlanılır.

* Bu məqalə 11-13 Dekabr 2009-cu il tarixdə Türkiyənin Kocaeli Universitetində keçiriləcək “Halk Kültüründe Eğlence Uluslararası Sempozyumu”nda çıxış etmək üçün qələmə alınmışdır.

f.e.n. Əhməd Şahidov

Bu yazını Facebookda şərh et