SƏN QALİB GƏLƏCƏKSƏN!

Bu dəqiqə Allahdan ən çox istədiyim şey sözünə, ruhuna, varlığına aşiq olduğum Zəlimxan Yaqubun tezliklə sağalmasıdır…

Sözünü, söhbətini şirin dedi, xoş dedi,
“Ömrün bircə anı da qoy keçməsin boş”, – dedi.
“Dəniz kimi dalğalan, çaylar kimi coş”, – dedi.
Haqqın eşqi, əsəri səni şair elədi!

Heç vaxt belə vəziyyətə düşməmişdim. Həyatımda ilk dəfədir ki, qələm götürüb yazmağa başlayıram, amma əqlimdə bir söz tapa bilmirəm, əksinə qəlbim partlayır, içimdəki qəmi, kədəri, həsrəti çolə atmaq üçün mənə hey “Yaz, yaz” deyir. Odur ki, mən də bu yazımı düşünərək deyil, duyaraq qələmə alıram.

Onu çox sevirəm. Bir insan kimi sevirəm, ən kədərli anlarımda şeirlərini oxuyub həyata dırnaqlarımla sarıldığım şair kimi sevirəm Zəlimxan Yaqubu. Çünki, onun vücudu təkcə Zəlimxan Yaqubdan ibarət deyil. Onda hər şey var – həyat var, sevgi var, Vətən acısı, həsrəti var, ağsaqqallara hörmət, məhəbbətə sayqı var.

Hələ uşaq ikən Zəlimxan Yaqubu tanımırdım, heç adını da eşitməmişdim. Lakin ruhumda həmişə bucür söz ustadına ehtiyac var idi. Yavaş-yavaş həyatı dərk etməyə başlayanda artıq dövrü mətbuatla, ədəbiyyatla maraqlanmağa başlayırdım ki, Zəlimxan Yaqubun yaradıcılığının ilkin nümunələrilə tanışlığım başladı.

Zəlimxan Yaqub sadəcə şair deyil,
Allahdan güc alan, Allahın hikmətini kağıza köçürən bir naşirdir

Könül dostum bir Günəşdi, bir Aydı,
Qəlbimdəki haqdan gələn haraydı,
Zəlimxanın ürəyi bir saraydı,
Qonaq olun, ey Allahı sevənlər!

Zəlimxan deyəcəm, çünki Zəlimxan Yaqub mənə çox yaxındır. Həyatda bircə dəfə görüşsəm də onunla, demək olar ki, hər gün onun sözü, şeiri ilə həyata bağlanıram. Qəlbim, ruhum onu çox yaxşı tanıyır. Allaha yaxın adamdır Zəlimxan. Düzdür, deyirlər şairlər Allahın yerdəki elçiləridir. Amma Zəlimxan ən böyük elçidir. Çünki, onun qələmindən çıxan o müqəddəs kəlmələr insanın qəlbinə bal kimi süzülür, neçə-neçə insanın ruhunu oxşayır. Öz əsərlərində həmişə Allahın varlığına inanan və bu inancı çoxsaylı oxucularına çatdıran şair çox gözəl deyib:

Ulu bir ziyarətin yolunda zəvvar olduq,
Allah bizim yarımız, biz Allaha yar olduq.
Dünyaya təzə gəldik, biz təzədən var olduq,
Ürəklər sudan duru, könüllər Aydan arı,
Açıldı üzümüzə Kəbənin qapıları!

Hər kəlməsində Allah deyən, bütün yaradıcılığı ilə Allahın varlığını insanlara xatırladan Zəlimxan sanki Allahın yerdəki kölgəsidir. Onu ilk dəfə televizor ekranlarından gördüm. Onun odlu-alovlu çıxışları, Vətən, millət, məhəbbət, Allah barədə yazığı möcüzəli şeirlər çox xoşuma gəlirdi. Hər dəfə ekranlarda Zəlimxanın səsini eşidəndə ayaq saxlayıb ona diqqətlə qulaq asırdım, elə indi də asıram.

Zəlimxanın içində təkcə Zəlimxan deyil, eyni zamanda Yunus Əmrə, Şah İsmayıl Xətai, Bəxtiyar Vahabzadə də var. Hər dəfə çıxışında Yunus Əmrədən sitatlar gətirən Zəlimxanın elə “xəmiri” də məhz Yunus Əmrədən yoğrulub. Onun həyata baxışlarında, fikirlərində Yunus Əmrə dəsti-xətti duyulmaqdadır ki, bu da bəşəri fəlsəfənin ana xəttini təşkil etməkdədir.

Zəlimxanın özəlliyi bir də ondadır ki, onun yaradıclığında konkret hansısa istiqamət deyil, həyatın bütün sahələri üzrə şeirlərə rast gəlmək mümkündür. Zəlimxan Yaqubun kəlməsində Allah, Vətən, torpaq, millət, məhəbbət, ailə, dövlət haqqında dəyərli fikirlər yer alır, onun yaradıcılığında təkcə Allaha, Vətənə, valideynlərə deyil, eyni zamanda övladlara, ağsaqqallara, dostlara münasibət sərgilənir. Həyatda insan övladının necə yaşaması, onun çətinliklərə necə sinə gərməsi təsvir olunur, həyata nə üçün gəlməyimiz və nəyə can atmalı olmağımız tövsiyyə olunur:

Bir çiçəyəm, torpağım var, göyüm var,
Bir ürəyim, kamanım var, neyim var.
Bu Vətənin keşiyində nəyim var:
Bir övladım, bir qələmim, bir sazım.

zelimxan-1Həmişə onunla görüşmək, canlı ünsiyyətdə olmaq arzusunda idim. Zəlimxana o qədər vurulmuşdum, sevmişdim ki, xəyallarımda onu müqəddəslər səviyyəsinə qaldırmışdım, bu səbəbdən də nə vaxtsa bu müqəddəs insanla görüşə biləcəyimi ağlıma belə gətirə bilmirdim. Sağ olsun publisist dostum Qan Turalı. Sürəkli xahiş və təkidlərimi yerdə qoymadı. Söz verdi ki, məni Zəlimxan Yaqubla görüşdürəcək. Həmin günü səbirsizliklə gözləyirdim. Nəhayət o gün gəldi…

Bir günəşli gündə Azərbaycan çağdaş ədəbiyyatının Günəşi ilə görüşdüm, onun əlini sıxmaq şərəfinə nail oldum. Uzaqdan mənə yaxınlaşdıqca, çox həyəcan keçirirdim. Gəncliyimin arzusu olan Zəlimxan Yaqub artıq qocalmışdı, saçlarına ağ qar yağmışdı, lakin onunla söhbət etməyə başlayanda hiss etdim ki, qəlbi və ruhu ilə məndən də cavandır. Onun Allaha, Vətənə sevgisi, saf sevgiyə bağlılığı hələ yaşayır. Onunla ünsiyyətim gözlənilməz olduğundan çox həyəcanlı idim, çünki hər gün oxuduğum Zəlimxan şeirlərindən hansını onunla görüş zamanı deyəcəyimi düşünə-düşünə hamısını yaddan çıxarmışdım. Amma qarşımda xalq şairi Zəlimxan Yaqub oturmuşdu. Söhbətə başlamışdıq ki, hər kəlməsi şeir kimi süzülüb gələn Zəlimxan Yaqub mənə güc verirdi. O danışdıqca ürəyimə hüzur və rahatlıq gəlirdi. İçimdə sevincdən partlayırdım. Bəlkə də həyatımın ən xoşbəxt gününü yaşayırdım çünki. Bir daha əmin oldum ki, Zəlimxan şeir yazarkən düşünüb-daşınmır, sadəcə qeybdən gələn səsin hökmünü qələmə alır.

Saza, sözə vurğun insan…

Onun danışığı mənə sanki ana laylası, azan səsi kimi saf gəlirdi. O danışdıqca, içimdə həyatdakı bir çox müqəddəs dəyərlərə münasibətdə baş qaldıran məhəbbət hissini duyurdum. Allahı üzərimdə hiss edirdim, Vətənə necə bağlı olduğumu duyurdum, valideynlərimə, ailəmə sarılmağı başa düşürdüm, dostlara, doğmalarıma sadiq olmağın zəruriliyini anlayırdım, sözün əslində hərflərdən, filoloq dili ilə desək, sadəcə fonemlərdən ibarət olduğunu deyil, əslində sözün çox böyük müqəddəs varlıq olduğunu başa düşdüm:

Sənsiz mənim bir məclisim,
Bir şənliyim olarmı heç?
Adın ilə öyünməsə,
Ahənginlə döyünməsə,
Sinəm sözlə dolarmı heç?
Qorqud dədəm, ozan babam!

Amma son günlər xeyli dərdliyəm, içimdəki qəmi, qüssəni boğa bilmirəm. Yaxınlarım, xüsusən də anam mənim belə fikirli olmağımın səbəbini soruşdu. Dedim, heç nə baş verməyib. Demədim, çünki bu mənim iç kədərimdir. Özümdən başqa, heç kim anlaya bilməz məni. Ən çox sevdiyim söz adamı, ustad hesab etdiyim Zəlimxan Yaqubun səhhətində problemlər yaranıb. Mətbuatdan eşitdim ki, onu xəstəxanaya aparıblar, hətta xaricə gedib cərrahiyyə əməliyyatı olunmaq üçün. Ürəyim çırpınır, sakitləşdirə bilmirəm onu. Amma ümidliyəm yenə, bilirəm ki, Zəlimxan yenə sağalacaq, yenə oxucuları qarşısına çıxacaq, yenə yazacaq, yenə yaradacaq könülləri fəth edən o gözəl şeirlərini:

Sıxılma, ey ürəyim,
Təngimə, ey nəfəsim.
Solma, ömür çiçəyim,
Enmə, ucalan səsim.
Heç nəyi istəmirəm,
Həyata, insanlığa
İnam bəsimdir, bəsim.
Nur verirsə gözümə
Vətən adlı gur ocaq
Hər şey gözəl olacaq!

Mən inanıram ki, Zəlimxan Yaqub tezliklə sağalıb Bakıya dönəcək. Yenə də görüşə biləcəm onunla. Çünki, bu qədər Allah vergisinə malik, sözün qalasını yaratmış şəxsiyyət bucür asanlıqla təslim olamaz xəstəliyə. Onu yaradan Allah, ona bu istedadı verən Allah onu yenidən Vətəninə sağlam qaytaracaq, ona yenidən qələm götürüb müqəddəs fikirləri kağıza həkk etməyə imkan verəcək. Mən Allahın möcüzəsinə də inanıram, Zəlimxan Yaqubun gücünə, iradəsinə də… Çünki yeri-göyü yaradan Allah tək olduğu qədər, xalq şairi Zəlimxan Yaqub da söz sənətində təkdir!

Addımbaşı ölümlə çarpışan şirim mənim,
Ölümsüzüm, ölməzim, əbədi dirim mənim.
Gur ocaqlar yandıran ocağım, pirim mənim,
Yüz minlərlə içində minim yox, birim mənim.
Allah özü də təkdir, baxma meydanda təksən,
Sən qalib gələcəksən!

Dərin hörmətlə,
Zəlimxan Yaqub sənətinin vurğunu
filologiya elmləri namizədi Əhməd Şahidov

Bu yazını Facebookda şərh et