Əhməd Şahidov Almaniya səfirliyində jurnalistlərin hüquqlarından danışdı

alman_sefirliyiƏhməd Şahidov Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi cənab Frederik Hanke ilə görüşüb

İyul ayının 2-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Almaniyanın Azərbaycandakı səfirliyində olub. Səfirliyin birinci katibi Dr. Frederik Hanke ilə görüşən Əhməd Şahidov rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat vermiş, Azərbaycanda insan haqlarının mövcud durumu barədə danışmış və ADİHİ-nin gələcək planlarını açıqlamışdır. May ayında Almaniyada işgüzar səfərdə olduğunu diqqətə çatdıran Əhməd Şahidov Almaniya Bundestaqının Ombudsmanı xanım Kerşten Ştainke ilə görüşdüyünü də bildirmişdir.

Görüş zamanı Azərbaycanda media azadlığı məsələsini xüsusilə vurğulayan ADİHİ rəhbəri jurnalistlərin hüquqları barədə söz açmış, təzyiq və təqiblərə məruz qalmış media nümayəndələrindən danışmışdır. “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsi barədə alman diplomata ətraflı məlumat verən ADİHİ rəhbəri istintaqın hələ də yekun nəticəyə gələ bilmədiyini və buna etriaz olaraq, ADİHİ-nin bəyanatla çıxış etdiyini bildirmişdir.

ADİHİ-nin fəaliyyəti barədə məlumatları maraqla qarşılayan Almaniya səfirliyinin birinci katibi cənab Frederik Hanke gələcəkdə bu QHT ilə yaxından əməkdaşlıq edəcəklərini bildirmiş və ADİHİ-nin fəaliyyətini daha yaxından izləyəcəyini diqqətə çatdırmışdır.

Bu yazını Facebookda şərh et