Əhməd Şahidov Latviya Ombudsmanı ilə azərbaycanlı əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlar barədə danışdı – FOTO

riga292May ayının 10-da TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Filolofiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov Riqa şəhərində Latviya Respublikasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsmanı) Juris Jansons ilə görüşmüşdür. Səmimi qəbula görə latviyalı ombudsmana dərin təşəkkürünü bildirən TURSAM rəhbəri Azərbaycan barədə ətraflı məlumat vermiş, Dağlıq Qarabağ konflikti haqqında, qaçqın və köçkün vətəndaşlar, habelə erməni silahlı birləşmələri tərəfindən əsir və girov götürülmüş, itkin düşmüş azərbaycanlılar barədə danışmışdır.

Azərbaycanı dost ölkə kimi xarakterizə edən Latviya Respublikasının Ombudsmanı cənab Juris Jansons hər iki ölkənin ortaq keçmişə malik olduqlarını və bugün də eyni ənənələri yaşatdıqlarını bildirmişdir. Azərbaycanlı həmkarı Elmira Süleymanova ilə yaxından əməkdaşlıq etdiklərini bildirən latviyalı ombudsman Azərbaycan xalqının üzləşdiyi faciələrdən xəbərdar olduğunu dilə gətirmişdir.

Görüş zamanı TURSAM rəhbəri Əhməd Şahidov Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, bir milyon insanın hüquqlarının tapdandığını, minlərlə insanın həlak olduğunu və yüzlərlə azərbaycanlının itkin düşdüyünü bildirmişdir. Azərbaycanlı əsirlər haqqında Ermənistanın dünya ictimaiyyətinə heç bir məlumat vermədiyini bildirən Əhməd Şahidov Ermənistan tərəfinin həmin əsirlərlə insanlığa sığmayan tərzdə davrandığını, onların daxili orqanlarının çıxardılaraq satıldığını qeyd etmişdir.

Görüş zamanı Latviya Ombudsman Aparatı ilə TURSAM Strateji Araşdırmalar Mərkəzi arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuş və qarşılıqlı məlumat mübadiləsi barədə razılığa gəlinmişdir. Görüşün sonunda TURSAM rəhbəri Latviya Ombudsmanına azərbaycanlı əsir, girov götürülmüş və itkin düşmüş şəxslər barədə informativ kitab hədiyyə etmişdir.

Bu yazını Facebookda şərh et