Avstriya Parlamentinin baş katibinə Dağlıq Qarabağ barədə məlumat verildi – FOTO

vyana_parlamen292May ayının 1-dən etibarən Avropada işgüzar səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Filolofiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov Mayın 5-də Avstriyanın paytaxtı Vyanada rəsmi görüşlərə başlamışdır. Avstriya Parlamentində olan Əhməd Şahidov parlamentin baş katibi Dr. Harald Dossi ilə görüşmüşdür.

Görüş zamanı rəhbərlik etdiyi TURSAM təşkilatı barədə geniş məlumat verən Əhməd Şahidov habelə Azərbaycan haqqında, Dağlıq Qarabağ konflikti barədə Avstriya Parlamentinin rəhbərliyini məlumatlandırmışdır. Azərbaycandakı parlament sistemi haqqında danışan TURSAM rəhbəri Avstriya Parlamentinin strukturu, Avropa parlamentində təmsil olunan avstriyalı deputatların statusu və Avstriya qanunvericiliyi ilə maraqlanmışdır.

TURSAM rəhbərini Vyanada salamlamaqdan məmnunluğunu ifadə edən Avstriya Parlamentinin baş katibi Dr. Harald Dossi rəhbərlik etdiyi Avstriya Parlamentinin fəaliyyəti barədə ətraflı məlumat vermiş və avstriyalı deputatların qəbul etdiyi qərarlar barədə danışmışdır.

Görüş zamanı Dağlıq Qarabağ barədə ətraflı məlumat verən Əhməd Şahidov Dr. Harald Dossiyə Dağlıq Qarabağ konflikti barədə çoxdilli kitab da hədiyyə etmişdir. Daha sonra Harald Dossi TURSAM rəhbərini Avstriya Parlamentinin binası ilə tanış etmiş, Avstriya Parlamentinin iclas və konfrans zallarını qonağa göstərmişdir.

Görüş üçün Harald Dossi cənablarına öz dərin təşəkkürünü bildirən Əhməd Şahidov ikitərəfli əməkdaşlıqda maraqlı olduğunu və gələcəkdə Avstriya Parlamenti ilə TURSAM Strateji Araşdırmalar Mərkəzi arasında informasiya mübadiləsinin, habelə qarşılıqlı səfərlərin mümkünlüyünü bildirmişdir.

Bu yazını Facebookda şərh et