Əhməd Şahidov Mehmet Akif Ersoy Universitetində Türkiyə-Azərbaycan əlaqələrindən danışdı – FOTO

maeu292Türkiyənin Burdur şəhərində “Türkiyə və Azərbaycan: dünəndən bugünə” adlı konfrans keçirilib
Dekabrın 26-da Türkiyənin Burdur şəhərində yerləşən Mehmet Akif Ersoy Universitetində Tarix, Elm və Ekonomi Topluluğu və TURSAM Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Türkiyə və Azərbaycan: dünəndən bugünə” adlı konfrans keçirilib. Mehmet Akif Ersoy Universitetinin rəhbərliyinin də qatıldığı tədbirdə universitet tələbələri ilə yanaşı, Burdur şəhərinin fəal gəncləri də iştirak edirdilər.
Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə ilk öncə MAEU-nun müəllimi Yardımçı Doç. Dr. Esma Özdaşlı çıxış etmiş və iki ölkə arasındakı əlaqələrin tarixinə və bugününə toxunaraq, ciddi tarixi faktları konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Daha çox tarixi faktlar üzərində çıxış edən Esma Özdaşlı 1813 və 1828-ci il Gülüstan və Türkmənçay müqavilələri haqqında tələbələrə məlumat vermiş, zaman-zaman Azərbaycan torpaqlarının parçalanmaya məruz qaldığını və işğalçı siyasətin bugün də davam etdiyini bildirmişdir. Dağlıq Qarabağ konflikti barədə də danışan natiq bir milyon Azərbaycan türkünün dədə-baba torpaqlarından didərgin düşdüyünü və ermənilərin işğalçı meyllərinin bugün də müşahidə edildiyini diqqətə çatdırmışdır.
Daha sonra Xocalı soyqırımı haqqında sənədli film izlənilmiş və çıxış üçün söz TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidova verilmişdir. Tədbir iştirakçılarının alqışları ilə kürsüyə qalxan Əhməd Şahidov daha çox Türk Birliyi haqqında danışmış və Türk gəncliyinin bu birlikdəki önəmli rolu haqqında gənclərə məlumat vermişdir. Çıxışı zamanı bir-neçə dəfə millətçi ruhda şeirlər söyləyən Əhməd Şahidov zalda əyləşənlərin alqışları və şüarları ilə müşayiət edilmişdir. Tədbirdə iştirak edən gənclər hər dəfə “Bir millətik, iki dövlət”, “Qarabağ Türkdür, Türk qalacaq!” və bu kimi şüarlar səsləndirirdilər. Daha çox coşqulu ruhda keçən tədbirdə Əhməd Şahidov özünün müəllifi olduğu “Ben Türküm” şeirini də səsləndirmiş və tədbir iştirakçıları bu şeiri ayaq üstə alqışlamışlar. Daha sonra Mehmet Akif Ersoy Universitetinin prorektoru TURSAM rəhbəri Əhməd Şahidova MAEU adından mükafatlar təqdim etmişdir.
Tədbirin sonunda universitet tələbələri Əhməd Şahidovla xatirə fotoları çəkdirmişlər.

Bu yazını Facebookda şərh et