Əhməd Şahidov: “Yeddinci kitabımı qəzet qiymətinə satacam”

axarmusahibeAxar.az” virtual məkanda, sosial şəbəkələrdə populyar olan insanlarla “müsahibə-müsabiqə” layihəsini davam etdirir. Davamlı olaraq virtual aləmin məşhurları ilə söhbətlərimiz olacaq. Layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və “feysbukun” “1” nömrəsi olduğunu isbatlayan müsahibimiz mükafatlandırılacaq.

Layihəmizin bu dəfəki qonağı özünün feysbuk səhifəsində 140 minə yaxın insan yığmağı bacarmış gənc yazıçı Əhməd Şahidovdur. Əhməd 6 kitab müəllifidir. “Sən də yer ver aşka”,(2011), Sevdiyim qadın”(2012) , “Gecələr ağlayan qadın”(2012), “Samir”(2013), “Sıfır Nöqtəsi” (2013) kimi roman və şeirlər kitabları ilə  yanaşı, rus dilində dərc edilmiş bir elmi monoqrafiyanın da müəllifidir.

Sosial şəbəkədə məşhurluğunun səbəbi nə olub?

“Sevdiyim qadın” adlı romanımı yazanda ədəbiyyat çevrələrində müəyyən qədər də olsa tanındım. Ancaq “Samir” romanından sonra populyarlıq baxımından çox irəli gedə bildim. Elə adicə yol ilə gedəndə də insanların münasibətlərindən tanıdıqlarını hiss edirəm. Bir çoxları “Samir” romanına görə məni qınayır, hətta lağ edirlər. Amma bu, məni qətiyyən narahat etmir. Əsas olan odur ki, mən o obrazı yarada bilmişəm.  Romandakı obraza və real həyatdakı Samiraldoya insanların münasibəti olduqca mənfidir. Hər halda razılaşmasalar belə, onların tanıdığı Samir obrazı var və bunu inkar edə bilməzlər.

“Mavi”nin həyatından kitab yazmaq zərurəti hardan yarandı?

Mən o əsərdə mavidən deyil, həyatda yaşayan və cəmiyyətin qəbul etmək istəmədiyi bir insanın obrazını canlandırmışam, bu, faktdır. Ancaq bu, mənim o cür həyat tərzini təbliğ etməyim anlamına gəlmir. Kitabda özümə istinad nöqtəsi kimi müqəddəs “Qurani-Kərim”i götürmüşəm. Dərd ondadır ki, insanlarımız kitab oxumur, sadəcə görünüşə baxıb qiymət verirlər. Elə yazıçı ilə oxucuları arasında uçurum da buradan başlayır. Demək istədiyim odur ki, “Samir” romanının qəhrəmanı qatı cinayətkarlar qədər təhlükəli insan deyil.  O, öz həyatını yaşayır və nə edirsə də, öz ziyanına edir. Lakin cəmiyyətdə saysız-hesabsız cinayətkarlar var, küçədə hər an bizi öldürə biləcək, bizdən oğurluq edəcək potensial qatillər və oğrularla rastlaşırıq. Onlara o cür münasibət bəsləmirik, lakin fiziki və əqli cəhətdən qüsurlu olan bir “mavi”ni az qalırıq öldürək. Hələ o şəxsin mavi olub olmamasını da dəqiq bilmirik, sadəcə güman edirik.

Necə olur ki, həm “Samir” romanını yazıb, həm də xarici ölkə prezidenti ilə görüşmək və diplomatik tədbirlərdə iştirak etmək imkanı əldə edirsən?

İxtisasca filoloqam. Dilçilik və ədəbiyyat üzrə təhsil almışam. 10 il Bakı Slavyan Universitetində təhsil almışam, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəm var. Hazırda Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 6-cı kursunda hüquq təhsili alıram.  Burada heç bir təzad yoxdur. Mən özümü siyasətçi hesab etmirəm və ədəbiyyat da mənim peşəkar fəaliyyətimdir.

Cinsi azlıqdan bəhs edən kitab yazmaq zərurəti hardan yarandı?

Mən yazıçıyam və cəmiyyətdə olan hər şeydən yazmaq mənim həm haqqım, həm də vəzifəmdir.  Kimsə nələrsə barədə danışmaqdan utanır və ya qorxursa, bu, onun öz problemidir. O ki, qaldı “Samir” romanına, əslində bu, ciddi bir əsərdir. Əsərdə stilist Samiraldonun cinsi azlıq olması ilə bağlı səhnələrə elə də çox yer verməmişəm. Çünki, mən onun o cür olub-olmaması barədə məsuliyyəti öz boynuma götürə bilmərəm. Mən sadəcə cəmiyyətdə o cür insanlara münasibətdən yazmışam.

Əslində həmin romanda əsasən sosial problemlərdən bəhs olunur. Nədir sosial problem? Orada elə ailələr təsvir edilib ki, qız uşaqlarının doğulmasını istəmirlər. Oğlan uşağı xəstə doğulanda onu uşaq evinə vermək istəyirlər, hətta övladlarından imtina edirlər. Əsərdə təsvir edilən bütün bu qeyri-insani davranışlar cəmiyyətimizdən götürülüb. Cəmiyyət Samiraldo adında birisi ilə mübarizə aparır. Əslində isə Samiraldoların heç kimə ziyanı yoxdur. Bu həyat onundursa, onu necə yaşayacağını də özü müəyyən edir. Ancaq hamı onu daşlayır. Sosial şəbəkələrdə hamı onun şəklini görən kimi təhqirlər yağdırır. Burada diqqəti başqa bir məqama çəkmək istəyirəm. Gəlin görək, bir ailəni qətlə yetirmiş, cəmiyyətə ziyan vurmuş və bundan sonra da ziyan vurma ehtimalı yüksək olan bir cinayətkara qarşı həmin cəmiyyət və insanlar Samiraldoya davrandıqları kimi kobud münasibət bəsləyə bilərmi? Dərd orasındadır ki, həbsdə yatıb çıxandan sonra da bütün ətrafı və qohumları həmin caniyə “sən kişisən, halaldı sənə” deyir. Bunun da real səbəbləri var. Fikirləşirlər ki, pisləyərəm, gəlib məni də öldürər, döyər. Amma Samiraldodan heç kim qorxmur, hamı çox asanlıqla onu daş-qalaq edəcək cürəti özündə tapa bilir. Çünki, bilirlər ki, Samiraldo kimilər özlərini müdafiə etməkdə acizdirlər.

Sizə elə gəlmir ki, cəmiyyətdə aqresiyya var və bütün bunlar onun təzahürüdür?

Bəli, düz qeyd edirsiz. Mən də düşünürəm ki, cəmiyyətdə bir aqresiyya var. Buna özünü ifadə instinkti də demək olar. İnsanlar içindəki aqresiyyanı çıxarmaq istəyirlər. Başqasına görə yığılmış aqresiyanı özündən zəifin üzərində çıxarmaq halları cəmiyyətimizdə çoxalıb. Bu, olduqca təhlükəlidir. Heç fikir vermisizmi, yolda gedəndə hansısa bahalı maşın bizim hüquqlarımızı pozanda, yolumuza çıxanda  və ya işıqforun qaydalarına riqyət etməyəndə buna səsimizi çıxarmırıq, çəkinirik. Vay o gündən ki, bu qaydaları pozan “jiquli” sürücüsü olsun.  Az qalırlar basıb gözünü çıxarsınlar həmin adamın. İnsanlar Range-Rover və ya Porshce sürənə bunu edə bilməzlər. Görürsüzmü nə qədər ikiüzlülük var cəmiyyətimizdə?  Həmin Range-Rover və ta Porshce sürən adam maşının sürətini qaldıranda deyirik ki, halaldır buna, qoçudur e, gör necə sürür. Avtoşluq edən kasıb olanda deyirlər ki, bu, qudurğanlıqdır. Samiraldoya olan münasibət də elə bu cürdür.

Bir müddət Parlamentdə millət vəkilinin köməkçisi kimi çalışırdın. Qanunverici orqandakı fəaliyyətin davam etsəydi, “Samir” romanı yenə də yazılacaqdımı?

Siz nəsə bu “Samir” romanı haqqında daha çox danışmağa üstünlük verirsiz. Sizi başa düşürəm, amma yenə olsun, cavab verim. Əlbəttə ki davam edəcəkdim yazmağa. Hər hansı orqanda çalışmağı ədəbi fəaliyyətimə əngəl olaraq görmürəm. Harda olmağımdan asılı olmayaraq yaradıcılığım davam edəcək. Mən içimdəki bu dalğanı boğa bilmərəm. Yayımlamasam da, yenə də yazacam.

Hazırda yazdığın kitab varmı?

Bəli, hazırda bir kitab üzərində işləyirəm. Kitab “Həccə Şahid” adlanır. Bildiyiniz kimi ötən ilin Oktyabr-Noyabr aylarında Həcc ziyarətində oldum. Səfər zamanı gördüyüm, eşitdiyim, duyduğum nə var idisə, o kitabda hamısı öz əksini tapıb. Buna “səfərnamə” janrında yazılmış əsər də demək olar. Çünki, kitabda əsasən yol xatirələrim yer alıb. Bundan başqa, ziyarət zamanı yaşadığımız xoşagəlməz olayları, zəvvarlar arasındakı bəyəndiyim və bəyənmədiyim məqamları yazmışam. Bundan əlavə, bu kitabda  Həcc ziyarətinin bütün mərhələləri haqqında da geniş məlumat vermişəm. İndi deyəcəyim məlumatı heç bir yerdə deməmişəm. Bunu eksluziv olaraq, sizə deyirəm. Həcc ziyarəti xatirələrimdən ibarət olan həmin kitabı bir qəzet qiymətinə satışa çıxaracam. Kitabın qiyməti 50 qəpik olacaq. Amma kifayət qədər irihəcmli kitab olacaq. Təxminən 200-250 səhifəlik nəzərdə tutmuşam. Kitabın təkcə bir ədədinin nəşriyyat xərci 2 manatdır. Məntiqlə mən o kitabı ən azı 4 manata satışa çıxarmalı idim. Mən ziyana düşsəm də, o kitabı öz cibimin hesabına nəşr etmək istəyirəm. İstəmirəm ki, belə bir kitabdan pul qazanım. Onu da deyim ki, kitabın satışından əldə edilən o 50 qəpik də elə onu satan mağazalara və kitabın satışını təşkil edənlərə çatacaq. Ancaq digər kitablarımın qiyməti 5-6 manatdır. Bir az da insanlara örk olsun deyə bunu edirəm. Çünki, bəzən deyirlər ki, kitabların qiyməti çox bahadır və almaq olmur. İndiki şəraitdə isə bir qəzeti almayıb əvəzində onun pulu ilə həmin kitabı almaq olar.

Bəs kitabları hansı pul ilə çap edirsən?

Dostlar sağolsun, onlar kömək edirlər. Ailə imkanımız normaldır, Moskvada biznesimiz var. Bütün bunlar imkan verir ki, kitablarımı öz hesabıma çap etdirə bilim.

Biznes deyəndə nəyi nəzərdə tutursan?

Moskvada marketimiz var. Böyük marketdir, gündəlik lazım olan bütün məhsullar satılır.

Tez-tez xarici səfərlərdə olursan. Bu səfərləri kimlər təşkil edir?

Səfərlərimin hamısı şəxsi tanışlıqlarımın hesabına baş tutur. İlk zamanlarda ölkədən çıxıb hər hansı tədbirdə çıxış etmək çətin idi. Ancaq indi bunları etmək çox asandır. Çətini azacıq tanınana qədərdir. Ondan sonrası isə asandır.  Həm də özümü PR qabiliyyətinə malik birisi kimi təsdiq etmişəm. Çünki, kitablarımın və xarici səfərlərimin media ilə, sosial şəbəkələr ilə tanıtımını da özüm həyata keçirirəm. Özümün şəxsi saytım var, 140 minlik rəsmi feysbuk səhifəm var. Bütün bunlarla PR işimi də asanlıqla qura bilirəm.

Yeri gəlmişkən, feysbuk səhifəsini ödənişli reklama qoyurdun. Səhifənin reklamına nə qədər pul xərcləmisən?

Uzun zamandır ki, feysbuk sosial şəbəkəsindəki səhifəmi ödənişli reklam edirəm. Xərclədiyim pul o qədər də çox deyil. Üst-üstə 10 min manata yaxın pul xərcləmişəm və 140 min izləyicim var. Bunların da 80 faizindən çoxu Türkiyə və Şimali Kiprdən olan istifadəçilərdir. Ona görə də, mənə tez-tez dəvətlər gəlir, tədbirlərə çağırırlar. Məsələn, bu yaxınlarda Türkiyənin Süleyman Dəmirəl və Mehmet Akif Ersoy universitetlərindən dəvətlər almışam. Ayrı-ayrı vaxtlarda keçiriləcək konfranslarda iştirak etmək xahiş olunur. Əvvəlki dəvətlərdən fərqli olaraq, bu dəfə mənim tək çıxış etməyimi istəyirlər. Böyük bir salon qarşısında çıxış edəcəm, Türkiyə-Azərbaycan münasibətləri barədə geniş məeuzə edəcəm.

Ümumiyyətlə, Feysbuk  səhifəmi görüb, yaradıcılığımı izləyib, müxtəlif ölkələrdən dəvətlər gəlir, dövlət başçıları və nazirlər ilə görüşlərimi görüb sevə-sevə dəvət edirlər.

Gənc yazarlardan kimlərlə dostluq edirsən?

Cəlil Cavanşir və Əsəd Qaraqaplanla dostluq edirəm, Aqşin Yenisey,  Dilqəm Əhməd və s. yazarlar ilə də ümumi tanışlığım var. Ancaq hər gün davamlı olaraq görüşüb-söhbət etdiyim yazar dostum yoxdur.

 

Tural Qurbanlı

“Axar.az”

Bu yazını Facebookda şərh et