Əhməd Şahidov amerikalı diplomat Robert Bradtke ilə görüşüb – FOTO

robert_bradtke292TURSAM rəhbəri Dağlıq Qarabağ probleminin həllinin Azərbaycan üçün əhəmiyyətini amerikalı diplomatın diqqətinə çatdırıb
Xəbər verildiyi kimi, Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Sentyabr ayının 23-də ABŞ-ın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri, qurumun Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri cənab Robert Bradtke ilə görüşüb.
Ayaqüstü baş tutan görüş zamanı rəhbərlik etdiyi TURSAM Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti barədə amerikalı diplomata məlumat verən Əhməd Şahidov Dağlıq Qarabağ problemindən söz açmış və bu məsələnin Azərbaycan xalqının ən ağrılı yeri olduğunu demişdir. Azərbaycan dövlətinin Dağlıq Qarabağ məsələsində son dərəcə prinsipial olduğunu bir daha amerikalı diplomatın diqqətinə çatdıran Əhməd Şahidov əslində Ermənistanın hazırkı vəziyyətdə özünü bütün regional və beynəlxalq layihələrdən təcrid etdiyini qeyd etmiş və Azərbaycan xalqının öz tarixi torpaqlarını istənilən yolla geri qaytarmaqda israrlı olduğunu Robert Bradtkenin diqqətinə çatdırmışdır.
Amerikalı diplomat hələ ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərdiyi vaxtlarda Dağlıq Qarabağ konflikti ilə yaxından maraqlandığını demiş və bu konfliktin sülh yolu ilə həll olunmasında ABŞ-ın da maraqlı olduğunu bildirmişdir. Amerikalı diplomat bu münaqişənin regionun təhlükəsizliyi və inkişafı üçün maneə olduğunu təsdiq etmişdir.

Bu yazını Facebookda şərh et