Yolda cibimə girən Azercell şirkəti

azercellPulumu, zamanımı və əsəblərimi oğurlayanlar haqda bəzi qeydlər
2013-cü il Azərbaycanda rəsmən İKT ilidir! Bu, ən yüksək səviyyədə elan olunmuş və həyata keçirilən bir proqramdır. İKT ili isə həyatın bütün sahələrində – təhsil, səhiyyə, iqtisadiyyat və mədəniyyət sahəsində elektron xidmətə keçidin reallaşması və İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiq edilməsi deməkdir. Bizlər bugün ASAN Xidmət vasitəsilə yaşamımızın bir çox tərəflərini həqiqətən də ASANlaşdıra biliriksə, bir çox kommunal xərclərimizi evdən çıxmadan, elə internet vasitəsilə ödəyə biliriksə, bunun nə qədər faydalı və səmərəli bir şey olduğunu təsəvvür edirsiniz yəqin ki.

İKT deyəndə insanın, xüsusən də sadə camaatın ilk ağlına gələn internet və mobil rabitədir. Bugün bütün dünya ilə əlaqəmizi asanlaşdıran bu texnologiya bizim ölkəmizdə də inkişaf etməkdədir. Mən də təbii ki, fəaliyyətinin böyük hissəsi internetdə olan bir insan kimi internetdən geniş istifadə edirəm. Hətta deyərdim ki, internetsiz həyatımı təsəvvür də edə bilmirəm.

Ölkəmizdə çoxlu sayda internet provayderlərin, mobil rabitə xidmətlərinin fəaliyyət göstərdiyini yaxşı bilirik. Onlardan biri də mobil rabitə bazarının aparıcı və hegemon şirkətlərindən olan “Azercell” şirkətidir. Artıq 17 ildir ki, bu şirkətin Azərbaycanda fəaliyyət göstərdiyini bilirik. Hələlik bu 17 il rəqəmini sizin yadınızda saxlamağınızı rica edib, birbaşa mətləbə keçirəm.

Azercell şirkəti ölkədə aparıcı mobil rabitə şirkəti olsa da, əfsuslar olsun ki, mənfi xarakterizə olunan sahələrdə də aparıcı mövqelərdədir. Mən Azercell şirkətinin yalnız özümlə bağlı olan və dəqiq bildiyim məqamlarını deməklə, bu şirkəti ifşa etmək niyyətindəyəm. Göydə Allah var, bilmədiyim və görmədiyim şeylərdən danışmaq xatakterimdə yoxdur.

Gördüyüm və bildiyim nələrdir, əzizlərim?! Deməli, Azercell şirkəti ilə ilk toqquşmam keçən ilin yay aylarında başlamışdı. Uzun-uzadı danışıb başınızı ağrıtmaq istəmirəm, lakin qısaca bildirim ki, borcumu ödədiyim halda Azercell şirkəti məni məhkəməyə vermiş və borcumu ödəməyim haqında qəbz təqdim etsəm də, bu məsələnin məhkəmə ilə mənim aramda həll edilməli olduğu kimi gülünc bir iddia ilə çıxış etmişdir. Təsəvvür edirsizmi? Məni məhkəməyə verən hüquqi şəxs bildirir ki, borcunu ödəmisən, amma məhkəmə ilə məsələni özün həll elə. Halbuki, iddia irəli sürən tərəf kimi iddiasını geri götürməli idi. Bu barədə dövrü mətbuatda kifayət qədər açıqlamalarım da oldu. (http://presspost.az/?p=4244)

azercellfb

Ondan sonra Azercell şirkəti ilə necə deyərlər, bir-birimizdən küssək də, həmin şirkətin xidmətlərindən istifadə etməkdən başqa çıxış yolum yox idi. Çünki, mobil rabitə bazarında monopoliyaya malik bir qurumdur. Amma öz haqlarımı gözəl bildiyimdən özümə qarşı edilən bütün haqsızlıqlara dərhal reaksiya verməyi də bacarıram… və verirəm.

Amma bu dəfə “Azercell”in quyruğu qapı arasında qalmışdı, deməyə bir sözləri, elədikləri oğurluğa don geyindirəcək parça-sapları yox idi. Bəli, sözün həqiqi mənasında oğurluq. Təsəvvür edin ki, bir çayxanada oturmusuz, çay içirsiz, ofisiant gəlib sizin cibinizdən filan qədər pulu çırpışdırır və siz bunu görüb hay-həşir salanda deyir ki, bəs müəllim, elə bildim, çayın pulunu əvvəlcədən vermək istəmisiz, sizə əziyyət verməyib pulu özüm götürmək istədim, alın bu da sizin pulunuz.

Gülməli də olsa, Azercell şirkətinin bu oğurluğunu özüm tutdum. Tutmaq demişkən, ötən ilin Oktyabr ayında Məkkədə Həcc ziyarətində olarkən arxadan cibimə girən və cibimdəki pulları oğurlamaq istəyən bir ərəbin əlindən tutub düz üzünə baxdım, ərəb də tez üzünü çevirib uzaqlaşdı məndən. Buna “müsəlman” oğurluğu da demək olar, məncə. Azercell şirkətinin oğurluğu da “pis niyyətlə” edilməmişdi, sadəcə pul lazım idi, mənim balansımdan çıxıblar. Yenə deyirəm, oğurlamayıblar haaa, sadəcə texniki nasazlıq ucbatından balansımdan çıxılıb həmin vəsait.

az1

Deməli, təqribən Avqustun 25-də Qax rayonundan Bakıya gələndə Masazırda dəhşətli qəza olmuşdu, bütün yollar tıxac idi. Mən də darıxmayım deyə mobil telefonumdan 2525 nömrəsinə “1 saat” sözünü yazıb göndərdim və 40 qəpik qarşılığında 60 dəqiqəlik sürətli mobil internet sifariş elədim. 30 Saniyədən sonra mənim telefonuma qısa mesaj gəldi və internetimin aktiv olunduğu bildirildi. Özümü sığortalamaq üçün və Azercell şirkətinin əlinə fürsət verməmək üçün düz 3 dəfə telefonumu söndürüb-yandırdım və yenidən internetə daxil oldum. Elə 10 saniyə keçmişdi ki, balansımdan 1 manat 15 qəpik vəsaitin çıxılması barədə sms aldım…

Dəli olmadım?! Zəng elədim 2002 Müştəri Xidmətlərinə və iradımı bildirdim. Əsəbimdən partlayırdım və dedim ki, niyə oğurluq edirsiz məndən?! Müştəri Xidmətlərinin cavan, universiteti təzəcə bitirib işə düzələn bir əməkdaşı mənə nə desə yaxşıdır?! – Vətəndaş, sizi etik qaydalara riayət etməyə çağırıram. Azercell şirkəti heç kimdən oğurluq etmir, biz qeyri-qanuni heç kimdən qəpik də vəsait çıxmırıq. Səbrli olun, araşdırıb nəticəsini bir-neçə saatdan sizə deyəcəyik.

Hətta mənə cavab veriləcəyi və zəng ediləcəyi barədə sms də gəldi mənə. Gözləməyə başladım… səhərisi gün oldu, cavab gəlmədi. Yenə zəng elədim Müştəri Xidmətlərinə və təkrar şikayətimi qeydə aldırdım, dedilər cavab verəcəyik, araşdırma aparırıq.

az2

Nə başızıvı ağrıdım?! Düz beş dəfə zəng elədim 2002 nömrəsinə, hər dəfə də operatorlar şikayətlərimin qeydə alındığını və araşdırma bitdikdən sonra mənə cavab veriləcəyini bildirdilər. Gülməyin, amma həmin gündən 15 gün keçmişdi… 🙂  mənə cavab verən filan yox idi.

Durdum getdim Fəvvarələr Meydanında yerləşən Azercell Müştəri Xidmətlərinin ofisinə. Orada da operator xanım bildirdi ki, eyni məsələ ilə bağlı artıq 6-cı şikayətiniz qeydə alınıb. Xanımın özü də təəccüb elədi ki, necə ola bilər ki, Azercell bu qədər müddət ərzində müştərinin şikayətinə baxmasın. Amma yazıq qız hardan bilsin ki, çalışdığı şirkət gizli surətdə oğurluqla məşuldur?! Sadəcə daş qayaya rast gəlib bu dəfə.

Nə isə yenə gözlədim… gözlədim və nəhayət o gözəl gün gəldi. Azercell şirkətinin Müştəri Xidmətləri, İnsan Qaynaqları, Sosial Paketlər, nə bilim daha nələr Departamentlərinin başbilənləri yığışıb mənə cavab vermək qərarına gəldilər:

10 Sentyabr 2013 saat 17:36

Hörmətli Abunəçi! Mobil İnternet Paketləri xidməti çərçivəsində sərfi nəzərdə tutulmayan məbləğ nömrənizə bərp edildi. \ AZERCELL

 

Bu da bunların cavabı. Bu cavabın yuxarıda çayxanada oturub çay içən müştərinin cibinə girən ofisiantın cavabından nə fərqi var, siz deyin, dostlar?!

  • Deməli, Azercell şirkəti rəsmən etiraf edir ki, mənim balansımdan qeyri-qanuni vəsaiti çıxıb!
  • Deməli, mən Azercell şirkətinə OĞRU deməkdə haqlıydım. Şirkət bunu qəbul etməsə də, zatən bütün oğrular məhkəmədə deyirlər ki, imkanım yox idi, götürdüm, qaytaracaqdım filan. Heç bir oğru özünə oğru deməz ki! Amma kənardan görünən və haqq-ədalət prinsipləri ilə ölcülən hərəkətlər var.
  • Deməli, Azercell şirkətinin o bığı təzəcə çıxan Müştəri Xidmətinin cavan əməkdaşları məni etik normalara dəvət edərkən, çox böyük qələt edib başlarını da daşa döyüblər.
  • Deməli, Azercell şirkətinin “Müştərilərin rahatlığı”, “15 il Sizinlə”, “Sizi düşünərək” və bu kimi boğazdan yuxarı deyilən sözləri hamısı yalandır.
  • Deməli, Facebookda ödənişli əsaslarla səhifəsini reklam etdirib üzvlərinin sayını 300 000-ə qaldıran Azercell şirkəti elə mənim kimi Əhmədlərin, Məmmədlərin pulu hesabına, özü də bizdən oğurladığı pullar hesabına özünü reklam edir və bunu da özünün böyük tərəfdaşa sahib olması kimi qələmə verir.

Bucür nəticələr çox çıxarmaq olar. Sadəcə, yazımın əvəlində siz oxucuların “17 il” məqamına diqqət etmənizi istəmişdim. Deyirəm, deməli bu 17 il ərzində Azercell şirkəti bizim xalqın cibindən nə qədər pullar oğurlayıb eee. İndi hamı Əhməd kimi ayıq olub, bir az da üzlü olub üstünə düşmür axı. Baxırlar sms gəldi, heç fikir də vermirlər. Oğru da oğurlayır eeee!

Mən də fikir verməsəydim, o oğurlanan 1 manat 15 qəpik gedəcəkdi. Azercell şirkətinin başbilənləri, necə olur ki, texniki nasazlıq ucbatından müştəridən pul çıxılır?! Heç olubmu ki, bircə dəfə də müştərinin elə o texniki nasazlıq ucbatından balansına çox yox, 5 qəpik gəlsin?!

Ayıb olsun!

 

Əhməd ŞAHİDOV
11 Sentyabr 2013-cü il

Bu yazını Facebookda şərh et