Əhməd Şahidov: “Mən nə Samiri dəstəkləyirəm, nə də onu söyən cəmiyyəti”

musahibeXəbər verdiyimiz kimi, bu günlərdə yazıçı Əhməd Şahidov Stilist Samirin həyatından bəhs edən roman yazıb.

Gün.Az romanla bağlı yazıçıdan müsahibə alıb:

– Əhməd, nəyə görə Samir haqda roman yazmaq qərarına gəldin?

– Ümumiyyətlə, bir müəllif olaraq cəmiyyəti düşündürən və narahat edən mövzulardan yazmağı özümə borc bilirəm. “Samir” romanı da bu zərurətdən yarandı. Cəmiyyətin danışmağa çəkindiyi və nifrət etdiyi insanardan yazmaq, onların niyə bu cür olduqlarını anlatmaq və ümumiyyətlə, bu tip insanlara nifrət etməyin çıxış yolu olub-olmadığını dəqiqləşdirmək üçün bu əsəri meydana çıxardım.

Düşünürəm ki, bu romanla cəmiyyətə kifayət qədər ciddi mesajlar verə bilmişəm. Qoy insanlarımız nəyəsə və ya kiməsə nifrət edərkən bunu anlayaraq və başa düşərək etsinlər. Kortəbii, kütlə halında nəsə etmək doğru deyil deyə düşünürəm.

– Hardan belə qənaətə gəlmisən ki, cəmiyyət Samirə nifrət edir?

– Samiri 10 ildir ki, tanıyıram, onun yaşadıqlarını yaxşı bilirəm. O, doğuşundan cəmiyyətin hədəfindədir. Ona bəslənən nifrət dünən və ya bu gün yaranmayıb. Ona homoseksual deyib nifrət etməyiblər sadəcə. Ona yetim kimi də nifrət edənlər olub, kimsəsiz olduğundan dəlixanaya salanda da ona lağ edib qovublar, müstəqil həyata atılanda da onu təkləyib düşmənçilik ediblər. İndi də onun zahiri görünüşünə baxıb hərə bir söz deyir.

Bilib-bilmədən təhqir edirlər. Bütün bunları görürəm və əzilmiş insanın yanında olmaq və kütlənin hücumlarından qorumaq qərarına gəlmişəm. Amma bu o demək deyil ki, Samiri dəstəkləyirəm və onu tərifləyirəm. Əsla! Onun da səhvləri və günahları var. Allah keçsin günahından!

– Səncə indiki durumda Samirin sənin romanına ehtiyacı var mı? Çünki məncə Samir həyatından çox da narazı deyil…

– Bu romanı mən Samirə görə yazmamışam, bu, ədəbi əsərdir. Samir olmasın, Əli olsun, Vəli olsun. Burada əsas məqsəd bu cür insanlara olan münasibəti işıqlandırmaqdır. Burada yol verilən yanlışlıqları görmək və oxucuya göstərmək. Cəmiyyət özü də bilmədən yanlışlığa yol verir, problemi kökündən həll etmək əvəzinə, gərəksiz yerə özü üçün bir cəbhə açır və enerjisini boşuna sərf edir. Bu təhqir və lənət kampaniyasında cəmiyyəti tənqid edirəm.

Bunu Samir və onun kimi insanları müdafiə etmək üçün etmirəm, sadəcə bir yazıçı olaraq, cəmiyyəti düzgün yola istiqamətləndirməyə çalışıram. Yoxsa bu yol cəmiyyəti uçuruma aparır. Cəmiyyət nəyə və kimə nifrət etdiyinin səbəbini bilmir və yalnız nəticələrlə mübarizə aparır.

– Əhməd, bundan öncəki romanın “Sevdiyim qadın” idi və o da cəmiyyətdə birmənalı qarşılanmamışdı. İndi də “Samir”dən yazmısan. “Sevdiyim qadın”la “Samir”i müqayisə edə bilərsən?

– Ümumiyyətlə, məni yandıran odur ki, cəmiyyətimiz zahirə qiymət verir və öz qənaətlərini də ancaq görünüşə görə formalaşdırır. Tutaq elə “Sevdiyim qadın” romanını. Kifayət qədər ciddi, vətənpərvər mövzuda qələmə alınmış bir əsərdir və romanda Azerbaycanın milli maraqları ilə bağlı ciddi mesajlar oxuculara təqdim olunur.

Bu, elə bir mesajlardır ki, bu haqda sıravi vətəndaşlar bilə bilməzlər. Əsərin adı sadəcə eşqlə bağlı olduğundan və əsərdə 1-2 yerdə eşq səhnələri olduğundan oxucular belə bir ciddi əsəri eşq və intim mövzusuna aid etdilər və yenə də əsas mövzudan uzaqlaşmış oldular. Amma oxuyanlar bilir ki, “Sevdiyim qadın” romanı ciddi geosiyasi bir əsərdir və orada şimal və cənub qonşumuzun Azərbaycana münasibəti barədə dəyərli məlumatlar var.

Əfsuslar olsun ki, oxucularımızın ekseriyyəti əsərin ucuz tərəfini görürlər. O ki, qaldı “Sevdiyim qadın” romanı ilə “Samir” romanı arasında hər hansı müqayisəyə, məncə müqayisə olunası tərəfi yenə də cəmiyyətə sətiraltı mesajların verilməsidir. Cəmiyyət yenə də bayağı müzakirələrə vaxtını və enerjisini sərf edəcəksə, bu, artıq mənim problemim deyil.

– Bayaq qeyd etdin ki, “Samir” romanını yazmaqda məqsədin odur ki, cəmiyyət bu tip insanlara normal yanaşsın. Bəs qorxmursan ki, bu romandan sonra cəmiyyət sənə də “Samir”ə göstərdiyi münasibəti göstərər?

– Mən demirəm cəmiyyət Samir kimi insanlara normal yanaşsın, sadəcə deyirəm ki, onun kimi insanların olmasının elə əsl səbəbkarı cəmiyyətdir. Cəmiyyət özünün səbəbkar olduğu tendensiyanın səbəblərini dərk edib araşdırmaq əvəzinə, nəticələrlə mübarizə aparır və bir növ daş-qalaq metodunu çıxış yolu kimi seçir. Bu, düzgün deyil. Mən ancaq Allahın qəzəbinə tuş gəlməkdən qorxuram həyatda, inşallah Allah buyuran həyatı yaşayıb sona vuraram.

İnsanların mənə necə münasibət bəsləyəcəyi isə onların hadisələrə baxış bucağından asılıdır. Mən daha çox ziyalı, savadlı və tolerant insanların mövqeyini bilmək istəyirəm. Qara guruhçu, mahiyyətdən xəbərsiz olub, fitə gedən kütlənin fikirləri mənimçün maraqlı deyil əsla. Həm də Samirə göstərilən münasibətin mənə də tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Mən özümə inanan, Allahın bəxş etdiyi imkanlara arxayın olub, ibadətimlə məşğul olan insanam və haqqın qələbə qazanacağına inanıram.

– Əslində, cəmiyyətdə birmənalı qarşılanmayan da məhz ibadətlə məşğul olan, Həcc ziyarətinə gedən bir insanın “Samir” haqda roman yazması olub. Əhməd, mənə maraqlıdır, ailən, dostların və ən əsas da yaşlı qohumların bu roman haqda nə düşünür? Sənə olan münasibət dəyişməyib ki? Xahiş edirəm, səmimi cavab verəsən..

– Yalan danışmaq xislətimdə yoxdur, ona görə də tam səmimi deyirəm. Məni tanıyanlar və sevənlər mənim həyat tərzimi və xasiyyətimi gözəl bilirlər. Mənim son romanımı Samir haqqında kitab kimi qələmə vermək düzgün deyil. “Samir” romanı cəmiyyətin ən ağrılı problemi barədədir, mən bu əsərimlə insanların danışmağa qorxduğu və çəkindiyi mövzu barədə danışıram və insanların da gözlərini açmaq istəyirəm. İstəyirəm ki, insanlar dərk etdikdən sonra fikir yürütsünlər. Ümumiyyətlə, kimisə daş qalaq etməyə haqlarının olduğunu özləri üçün müəyyənləşdirsinlər. Ailəmizdə, yaxın qohumlarımda və dostlarımda olan insanlar da bunu dərk edir və məni anlayırlar.

Bu əsər əxlaqsızlığı və qeyri-ciddi dəyərləri tebliğ etmir, əksinə o cür insanlara qarşı sağlam mübarizə yollarını göstərir. Mən bu əsərdə dini mövzulara da toxunmuşam, Qurandan sitatlar gətirmişəm və nəyin doğru olub-olmadığını məhz İslama söykənərək dəyərləndirmişəm. Mənim Qurandan başqa istinad mənbəyim yoxdur, kimsə nəyəsə görə hadisələrə qiymət verirsə, mən yalnız və yalnız Allahın kitabını əldə rəhbər tutmuşam. Bu kitabda çoxlu sayda dini mesajlar da var. Məncə, məni qınamağa səbirsizlənən insanlar ilk öncə “Samir” romanını oxusunlar, sonra əsərə qiymət versinlər.

– Cavablarından görünür ki, özünə çox əminsən və düşünürsən ki, romanınla cəmiyyətə təsir edə biləcəksən. Amma özün də qeyd etdin ki, cəmiyyət sən verdiyin mesajları almaq istəmir, onları daha çox seks, intim səhnələr maraqlandırır. Bildiyim qədərilə bu romanda da belə səhnələrə yer ayırmısan. Bəs bu nə ilə bağlıdır? Cəmiyyəti maarifləndirmək istəyən insan nəyə görə onun istəyini yerinə yetirir?

– Əsərdə çox az sayda intim səhnələr var. Bu da normaldır, çünki əsər stilist Samir Əliyev, yəni Samiraldo haqqındadırsa, orada intim səhnələrsiz keçinmək qeyri-mümkündür. Mən cəmiyyəti məhz öz diliyle başa salmağa çalışıram. Tam öz bildiyim kimi yazsaydım, məni ikiüzlü və riyakar yazıçı kimi qələmə verərdilər. Mən kiminsə sifarişini yerinə yetirmirəm, nə cəmiyyətin, nə də Samirin mövqeyini müdafiə edib, onların xoşuna gəlməyə çalışmıram. Əsərdə Samiraldo da kifayət qədər tənqid olunur, cəmiyyət də. Bu, mənim baxış bucağımdır. Həm də intim səhnə ayıb bir şey deyil axı. Bəşəriyyət intim üzərində qurulub, bu, bütün eşq kitablarında təsvir olunur. İntim mövzu demək hələ əxlaqsız olmaq anlamına gəlmir. Bizim xalq mahnılarında, folklorumuz saf eşqi tərennüm edən kifayət qədər intim mövzular var.

– Əhməd, belə çıxır ki, romanı xoş niyyətlə yazmısan. Ancaq faktdır ki, insanın həyatında elə məqamlar olur ki, heç kimin bilməsini istəmir və həmin məqamlar insanı çox ağrıdır. Ancaq sən romanda Samirin həyatını tam çılpaqlığı ilə ortaya qoymusan və bu da haqlı olaraq ona növbəti depressiyanı yaşada bilər. Bəlkə də o düşünə bilər ki, Əhməd mənim həyatım üzərindən pul, reklam, şöhrət qazanmaq istəyir. Əgər doğurdanda belədirsə, səncə kim daha çox günah qazanır: əsərin müəllifi yoxsa əsərin qəhrəmanı?

– Mən əsəri həqiqətən də xoş niyyətlə yazmışam. Mən saxta nəsə yaza bilmirəm, ona görə də bildiklərimi olduğu kimi qələmə almağa çalışmışam. Samirin nə düşünməsindən asılı olmayaraq, mən növbəti əsərimi ortaya qoymuşam, yenə deyirəm, mən bu romanla nə Samirin, nə də cəmiyyətin rəğbətini qazanmaq məqsədi güdmürəm. O ki, qaldı populyarlığa, pula, bunlar avtomatik olan şeylərdir, mən bu haqda heç vaxt düşünmürəm. Mənim Allaha şükür, özümə görə hər şeyim var. Bu əsərlə daha çox cəmiyyət qazanacaq, əgər dərindən anlaya bilsə.

Hacıbəy Heydərli
Gün.Az

Bu yazını Facebookda şərh et