Əhməd Şahidov: “Samir” romanıma görə çoxlu tənqidlər eşitmişəm”

shahidov“Kimsə fahişəlikdən, əxlaqsızlıqdan yazırsa, əsəri oxumadan onu ittiham etmək nə dərəcədə doğrudur?! ”

Müsahibimiz publisistikaya ilk dəfə “Qoroskop” qəzetində başlayan, ilk məqalələrini məhz bizim qəzetin səhifələrində oxuculara təqdim edən, indi isə bir-birindən maraqlı roman və şeirləri ilə geniş oxucu kütləsi tərəfindən sevilən gənc yazar və alim Əhməd Şahidovdur. Növbəti dəfə Əhməd bəylə müsahibə etmək istəyi isə onun son günlər yazıb bitirdiyi və təzəlikcə satışa çıxan “Samir” romanı ətrafında gedən qızğın müzakirələrdən yarandı. Azərbaycanda ilk dəfə bu janrda yazılan həmin əsər hamı tərəfindən birmənalı qarşılanmayan və əksər hallarda tənqid və lənətlə üzləşən insanlar barədədir. “Samir” romanının qəhrəmanı hamının Samiraldo kimi tanıdığı stilist Samir Əliyevdir. Onun qeyri-ənənəvi cinsi orientasiyaya malik olması barədə şübhələr insanların ona qarşı mübarizə aparmasına və addımbaşı onu tənqid etməsinə səbəb olub. Gənc yazar Əhməd Şahidovun da məhz bu mövzuya müraciət etməsi bizdə kifayət qədər marağa səbəb oldu. Bundan öncə dərc etdirdiyi və yenə də böyük səs-küyə səbəb olan “Sevdiyim qadın” romanından sonra Əhməd bəyin daha maraqlı və böyük rezonans doğuran əsər ortaya qoyacağını təxmin etmək mümkün idi. Odur ki, ikinci romanının hansı zərurətdən meydana çıxdığını öyrənmək üçün müəllifi sual atəşinə tutduq:

– Niyə məhz “Samir” romanı və niyə stilist Samiraldo?

“Samir” romanı mənim sayca beşinci kitabım və ikinci romanımdır. Bundan öncə “Sevdiyim qadın” romanı ilə cəmiyyətə bir sıra ciddi mesajlar verə bilmişdim. Kifayət qədər tənqid olundum, hətta təhqirə əl atan insanlar da tapıldı. Bu, məni qətiyyən üzmür, çünki fikirləşirəm ki, mənim haqqımda danışırlarsa, mənim yazdıqlarım geniş əks-səda yarada bilirsə, deməli bir yazar kimi mən varam. Digər tərəfdən, cəmiyyətdə danışılmayan, daha doğrusu danışılması qorxu və şübhə doğuran məqamlardan danışmağı üstün tuturam. İstəyirəm ki, cəmiyyət qorxduğu və çəkindiyi şeylərin əsl mahiyyətini bilsin və sonra fikir yürütsün. Ona görə də, “Samir” romanını ərsəyə gətirdim və əsərin qəhrəmanı olaraq, hamımızın yaxşı tanıdığı, lakin bir o qədər də tanımadığımız stilist Samiraldo haqqında yazmaq qərarına gəldim. Onun cəmiyyətdə ən çox tənqid olunan şəxs olduğunu bildiyimdən, niyə məhz bucür olduğunu və insanların niyə onu tənqid etdiyini bədii obrazlarla təsvir etmək qərarına gəldim.

Tənqiddən söhbət açdız. Samiraldo kimi insanlar haqqında yazmaq çox riskli hesab olunur. Çünki, oxucular onu tənqid etdiyi kimi, sizi də tənqid edəcəklər. Bəlkə də daha çox siz tənqidə məruz qalacaqsız. Bundan qorxmursuz ki?

Təxmin edirəm insanların reaksiyalarını. Amma mən daha çox ziyalı və düşünməyi bacaran oxucuların fikirlərini üstün tuturam. Ədəbiyyatdan anlayan və cəmiyyətdə baş verənləri doğru-dürüst qiymətləndirməyi bacaran insanların reaksiyasını gözləyirəm. Həm də “Samir” romanının üz qabığı və kimin haqqında yazılması oxucuları çaşdırmasın, kitabda ciddi fikirlər, fəlsəfi yanaşmalar və cəmiyyətə yönəlmiş mesajlar yer alıb.

– Bir az roman haqqında oxucularımıza da məlumat verərdiz.

“Samir” romanı bir insanın həyatından bəhs edir. Doğulduqdan 20 gün sonra valideynləri tərəfindən tərk edilən və dövlətin himayəsinə verilən, daha sonra ordan bura, burdan da ora atılan bir kimsəsiz körpənin keçdiyi uşaqlıq illəri, onun min bir ağrı-acı ilə yaşadığı yeniyetməlik dövrü, həmyaşıdlarının ona münasibəti, nəhayət müstəqil həyata ilk gəlişi və vəhşi təbiətli insanların bu kimsəsizə vəhşi münasibəti romanın əsas ana xəttidir. Qəhrəmanım bütün bunlara baxmayaraq, ayaqda durmağı bacarır və bir fərd olaraq, təkbaşına cəmiyyətlə mübarizə apararaq, məhv olmaqdan qurtulur. Bugün bir çoxlarının əldə edə bilmədiyini öz zəhməti ilə qazanan roman qəhrəmanını qalib kimi qələmə verməkdə çətinlik çəksəm də, onun cəmiyyət qarşısında məğlubiyyəti məğrur bir məğlubiyyətdir. Cəmiyyət sonunda istədiyinə nail olur, özünün də səbəbkar olduğu bir insanı fiziki məhv edə bilməsə də, mənən onu sıradan çıxara bilir. Bu roman bir insanın cəmiyyətlə mübarizəsindən bəhs edir.

– Nədən ibarətdir bu mübarizə? Nə uğrunda gedir mübarizə?

“Samir” romanında müəllif olaraq, qəhrəmanımı tam dəstəkləməsəm də, əzilənin yanında olmağa üstünlük verirəm. Bu baxımdan cəmiyyəti tənqid atəşinə tutmuşam. Çünki, bizim bugünkü cəmiyyətimiz nəticələrlə mübarizə aparır, məsələnin kökünü araşdırmaq, insanların bu hala gəlməsinin əsl səbəblərini müəyyən etmək əvəzinə, kimisə qarşısına qoyub, asıb kəsirlər. İnsanlar anlamırlar ki, Samiraldo kimi şəxslərin bu vəziyyətə düşməsinin elə əsas səbəbkarı bizlərik, yəni hər gün onu tənqid edən və yeri gələndə dişimizin dibindən çıxanı ona deyən cəmiyyət. Onun başına gətirilənlərin bəlkə də bir faizi kimsəyə edilsəydi, çoxdan məhv olub getmişdi.

– Cəmiyyətə hansı mesajları verirsiz romanda?

Ümumiyyətlə, bir müəllif olaraq, bildirirəm ki, cəmiyyət öz üzvünü linç etməkdən çəkinsin. Cəmiyyətin bütün üzvləri bərabər hüquqlu insanlardır. Kimsə qeyri-ənənəvi həyat tərzi sürürsə və bu, cəmiyyətin ümumi maraqlarına zərər gətirirsə, bunu islah yolu ilə və həmin şəxsə dəstək olmaqla aradan qaldırmaq mümkündür. Xor şəklində tənqid etmək və insanı mənəvi cəhətdən şikəst etmək heç kimə başucalığı gətirmir. Həm də cəmiyyətdə həqiqi problemlərin, böyük insan kütləsinə konkret ziyan vuran hərəkətlərin – rüşvət, korrupsiya, qətl, oğurluq, kin və nifrətin olmasını görməyib, bütün enerjisini zavallı bir insana sərf etmək nə dərəcədə doğrudur?! Samiraldonu tənqid edənlər onun kimsəsiz olduğunu və heç bir tənqid və təhqirlərə cavab verməyəcəyini gözəl bilirlər. Elə bu səbəbdən də ona qarşı bu cür cürətli görünürlər.

Həmin insanlar özləri ilə müqayisə etsinlər Samiraldonu. Təkcə bugünü yox, keçmişi də yan-yana qoysunlar. Onlar uşaq evində sağlam dünyaya gələndə, Samiraldo anadangəlmə iflic diaqnozu ilə dünyaya gəlmişdi, onlar doğum evindən valideynlərinin qucağında, gül-çiçəklə evlərinə gedərkən, Samiraldo artıq doğuşdan kimsəsiz bir uşaq kimi həkimlərin müşayiəti ilə uşaq evinə aparılmışdı, onların azacıq bir qızdırması qalxanda ata-anası başının üstünü kəsdiribsə, Samiraldo sağlam ikən dəlixanaya yerləşdirilmişdi, onlar məktəbdə müəllimlərin tənqidindən evdə valideynlərinə şikayət edə bilirdilərsə, hər gün məktəbdə müəllimləri tərəfindən təhqirlərə məruz qalan Samiraldo bu acını içinə atıb gecələr ağlamaqdan başqa çıxış yolu görmürdü. Bu cür misalları çox sadalaya bilərəm, bu hal elə indinin özündə də baş verir Samiraldonun həyatında.

– Əhməd bəy, sizin bu romanınızın cəmiyyətdə birmənalı qarşılanmayacağı şübhəsizdir. Hətta sizin Həcc ziyarətinə getmiş və Hacı olmuş bir insan kimi bu mövzuya müraciət etmənizi qəbul etməyənlər də olacaq. Onlara necə izahat verəcəksiniz?

Əksinə, “Samir” romanında çox fəlsəfi və dini fikirlər var. Mən bir müsəlman kimi çalışmışam ki, cəmiyyətə çatdırmaq istədiyim mesajları daha çox dini nöqteyi-nəzərdən, İslam məntiqindən ötürüm. Kitabda səsləndirdiyim hər bir fikri əsaslandırmışam və cəmiyyətin də bu qaydalara riayət etməsini istəmişəm. Qurani Kərimdən konkret sitatlar gətirmişəm, müsəlmanların davranış qaydaları, geyim tərzi və bir-birinə münasibətləri barədə ibrətamiz fikirlər yazmışam. Yenə deyirəm ki, “Samir” romanını sonadək oxuyan hər bir kəs mənim haqlı mövqedə olduğumu qəbul edəcək və mənə haqq qazandıracaq. Mən buna əminəm.

– Əhməd bəy, romanınız hansı sonluqla nəticələnir? Faciəvi sonluqla, yoxsa xoş bir əhval-ruhiyyə ilə?

Əvvəlcə onu qeyd edim ki, bu əsər iki hissədən ibarət olacaq. Hazırda çapdan çıxan birinci hissə “Samir” romanı adlanır, ikinci hissə üzərində isə hazırda işləyirəm və “Samiraldo” adı ilə gələn il oxucuların ixtiyarına verəcəm. İkinci hissədə daha maraqlı faktlar var – Samiraldonun gələcək həyatı ilə bağlı, onun valideynləri ilə bağlı bir-birindən maraqlı məlumatlar verəcəm oxuculara. “Samir” romanı cəmiyyətin Samiraldoya hücumları və təzyiqləri ilə başlasa da, sonunda roman qəhrəmanı ayaq üstə durmağı bacarır və müstəqil vətəndaş kimi bir çox nailiyyətlər əldə edir. Lakin “Samiraldo” adı ilə çıxacaq ikinci roman qəhrəmanın vaxtsız ölümü ilə bitir ki, bunun da səbəbkarı yenə vəhşi cəmiyyət olur.

– Ədəbiyyat sahəsində daha hansı planlarınız var? Oxucular sizdən nələr gözləsinlər?

İnşallah, bu il üç kitabım işıq üzü görəcək. “Samir” romanımdan sonra “Sıfır nöqtəsi” və “Həccə şahid” romanlarım gəlir. Həmin əsərlər də maraqlı tərzdə qələmə alınıb. “Sıfır nöqtəsi” romanım Türk dünyası və vətənpərvərlik mövzusundadır, “Həccə şahid” isə dini mövzudadır.

– Üç fərqli və bir-biri ilə ziddiyyət təşkil edən mövzu və eyni müəllif. Sizcə, bu, normaldırmı? Bir insanın içində üç ayrı şəxs ola bilərmi?

Ola bilər, əgər həmin şəxs yazıçıdırsa, ədəbiyyat adamıdırsa. Çünki, yazıçı cəmiyyətdə gördüyü, şahidi olduğu hadisələri, məqamları qələmə almalıdır. Nəyi necə görürsə, elə də yazmalıdır. Bir yazar fahişəlikdən də, narkomaniyadan da, lap elə cinsi azlıqlardan da yaza bilər. Bundan sonra millətçi, vətənpərvər mövzuda da əsər ortaya qoya bilər. Burada qeyri-adi heç nə yoxdur. Əsas olan yazılanların nədən ibarət olmasıdır, cəmiyyətə verilən mesajlardır. Kimsə fahişəlikdən, əxlaqsızlıqdan yazırsa, əsəri oxumadan onu ittiham etmək nə dərəcədə doğrudur?! Bəlkə həmin əsərlə yazıçı cəmiyyəti qəflət yuxusundan ayıldacaq və həmin mənfi cəhətləri kökündən məhv edəcək?! Odur ki, bucür mövzulara da toxunmaq və onun kökünü qazımaq lazımdır. Yazıçının da missiyası budur zatən.

Səbinə Musaqızı, “Qoroskop” qəzeti

qoroskop

Bu yazını Facebookda şərh et