TÜRKİYƏ TERRORİZMLƏ NECƏ MÜBARİZƏ APARIR?

turkiyeTürkiyə 1970-ci ildən bəri terrorla mübarizə aparır. On minlərcə vətəndaşı terror qurbanı olmuşdur. Türkiyənin uzun illər ərzində mübarizə apardığı terror təşkilatlarına maddi yardımlar edən və təbliğat aparmalarına, təşkilatlanmalarına göz yuman da məhz Qərbdəki demokratik və inkişaf etmiş ölkələr olmuşdur. Hətta bu təşkilatlar Türkiyəyə qonşu olan ölkələrdə də məskən sala bilmişlər. Yəni, Türkiyə terrora qarşı apardığı mübarizəni bir çox xarici ölkələrə başa salmaqda çətinliklərlə üzləşmişdi. Terror təşkilatlarının xarici ölkələrdəki fəaliyyətlərinin qadağan olunması, Türkiyədə axtarışda olan təşkilat üzvlərinin təslim edilməsi barədə Türkiyə dövlətinin etdiyi çağırışlar cavabsız olaraq qalmaqdadır. Bunun səbəbi kimi aşağıdakı səbəblər göstərlmişdir: Təşkilatlanma və düşüncə azadlığı, qadağan olunacaq təqdirdə gizli fəaliyyət göstərəcək həmin təşkilatların izlənmə və müşahidə edilmə imkanlarının çətinləşməsi, Türkiyədə edam cəzasının olması və ya terrorçu müttəhimlərin işgəncələrə məruz qalmaları… Bu tip səbəblərdən Türkiyənin terrorla mübarizədə ortaq cəbhə açmaq çağırışları cavabsız olaraq qalmaqdadır.

Türkiyənin terrorla mübarizəsində dönüş nöqtəsi kimi PKK terror təşkilatının lideri Abdullah Öcalanın 1999-cu ildə Kenyada – Nayrobidə, Yunanıstan səfirliyində saxta pasportla yaxalanması hesab edilə bilər. Lakin terror təhlükəsi bir çox ölkə, o cümlədən də Türkiyə üçün hələ də təhlükə olaraq qalır.
ABŞ-da (11 Sentyabr 2001), İstanbulda (15 və 20 Noyabr 2003), Madriddə (11 Mart 2004), Şimali Osetiyada – Beslanda (1 Sentyabr 2004), Londonda (7 İyul 2005) həyata keçirilən terror hadisələri bu istiqamətdə iş birliyinin şərt olduğunu göstərdi.

11 Sentyabr 2001-ci il tarixindən sonra terror xüsusiyyətləri aşağıdakı şəkildə sıralana bilər:

– Terror daha öldürücü formaya keçib. Hədəf aldığı toplum da bunu sübut edir.

– Texnologiyalardan istifadə edən terror təşkilatları daha da sərbəst fəaliyyət göstərə bilirlər.

– Terror hücumlarında dini motivlərdən istifadə olunmaqdadır.

– İntihar tipli hücumların sayı artmaqdadır.

– Terror təşkilatları xaricdəki mənbələrlə sıx münasibətlər qura bilmişlər.

– Kütləvi qırğın silahlarına sahib olmağı başlıca məqsəd kimi qarşıya qoyublar. Bununla da vura biləcəkləri zərər xeyli artmışdır.

– Fəaliyyətlərinə maliyyə dəstəyi tapmaq üçün yeni mənbələr tapıblar. Hətta qanuni, nisbən qanuni yollar və maşınlardan istifadə etməyə başlamışlar.
Bütün bunlar terrorla mübarizədə iş birliyinin necə çətinləşdiyini göstərir.

Terrorun dünya miqyasında bir təhlükə olduğunu anlamaqla eyni zamanda akademik və diplomatik istiqamətlərdə bir çox fəaliyyətlər həyata keçirilmişdir. Türkiyə də öz növbəsində terrora qarşı mübarizədə ölkələrin birgə fəaliyyət göstərmələrini istəyir.

Terrorizm – Din bağlantısı

Terroristlərin öz fəaliyyətlərini dini səbəblərlə ört-basdır etmələri din ilə terrorizm arasında əlaqə olması haqqında yalnış bir təsəvvür yaradır. Lakin bu, sadəcə özlərini maskalamak üçün istifadə etdikləri bir yoldur. Terrorun səbəbi nə olaraq, göstərilirsə göstərilsin, Türkiyə onun bəşəriyyətə qarşı yönəlmiş bir günah olduğunu başa düşür. Bundan başqa, fərqli inanc sistemlərinin hüzur və anlayış içində ortaq dəyərlərə sahib olmaları da mümkündür.

Terrorizmlə mübarizədə dövlətlərarası iş birliyi və bəyannamələrin məsuliyyəti

Terrorizmlə mübarizədə iş birliyi 11 Sentyabr hadisələrindən sonra daha da sürətlənmişdir. Lakin Türkiyədə terrorun səbəbləri hələ də qaldığından bu bölgədə terrorun azalmasını düşünmək düzgün deyil. Eyni zamanda BMT Təhlükəsizlik Şurası bütün ölkələrin terrorla mübarizədə lazımi tədbirlər görməsi barədə mühüm qərarlar qəbul etmişdir. Bundan başqa, son illər terror hücumları terrorla mübarizə fəaliyyətlərinin gözdən keçirilməsini və yeni metodların tətbiq edilməsi zərurətini yaratmışdır.

Ölkələr terrorizmlə üzləşərkən fərqli düşüncə tərzi nümayiş etdirirlər. Bəzilərinə görə, “terror aktı”, digərlərinə görə “yad işğala qarşı mübarizə”, başqa birilərinə görə isə “öz müqəddaratını həll etmə uğrunda mübarizə” adlana bilir. Bu da terrorizmi ortaq təhlükə kimi qəbul etməkdə çətinliklər yaradır. Fərqli yanaşma sərgiləyən bu dövlətlər üçün ortaq bir ifadə kimi “bütün növ və məqsədləri ilə terrorizm” (terrorism in all its forms and manifestations) kəlməsi qəbul edilə bilər.

Türkiyə terrorizmlə mübarizə istiqamətində imzaladığı ikitərəfli müqavilələrdə “bütün növ və məqsədləri ilə terrorizm” ifadəsini xüsusi vurğulayır. Çünki, məqsədi nə olursa olsun, terrorizmin düzgün yol olmadığını hesab edir. Türkiyə heç bir səbəbin terror aktlarının həyata keçirilməsinə əsas olmayacağına inanır.

Terrorizmlə mübarizədə dövlətlərarası müqavilələr

Terrorizmə münasibətdə fərqli yanaşmalar olsa da, bir çox mühüm nöqtələr üzərində ortaq yanaşmalar da mövcuddur. Türkiyə uzun illər boyu terrorla bağlı hüquqi müstəvidə tədbirlər həyata keçirilməsini tələb etmişdir. Lakin Türkiyənin bu tələbləri yalnız 11 Sentyabr terror aktlarından sonra ciddiyə alınmışdır. 28 Sentyabr 2001-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 1373 saylı qərarı bugünə qədər atılmış ən mühüm addımdır. Qərbin terrorla mübarizədəki davranış və mübarizəsi 11 Sentyabr hadisələrinə gətirib çıxardı. Fəqət PKK terror təşkilatına münasibəti daha diqqət çəkicidir.

Terrorizmlə mübarizədə dövlətlərarası müqavilələr

Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün dövlətlərarası iş birliyi şərtdir. Bunun üçün də terror təşkilatlarının tanınması məsələsində dövlətlərin qəbul etdikləri siyahıların uzlaşması lazımdır. Bundan sonra terror təşkilatları müəyyən edilməli və zərərsizləşdirilməlidir.

Bundan başqa, BMT TŞ-nın 1373 saylı qərarına görə təyyarə qaçırma, əsir götürmə kimi hərəkətləri qadağan edən 12 müqavilə mövcuddur:
1) 14 İyul 1963-cü il Tokio müqaviləsi: Təyyarələrdə həyata keçirilən cinayətlərlə bağlıdır. Hava yollarının təhlükəsizliyini təmin etmək üçün imzalanmışdır.

2) 16 Dekabr 1970-ci il Lahey müqaviləsi: Təyyarə qaçırma hadisələrinin qarşısının alınması qərara alınmışdır.

3) 1971-ci il Montreal müqaviləsi: Dayanıq vəziyyətdə olan təyyarələrin təhlükəsizliyinə qarşı edilə biləcək qeyri-qanuni hərəkətlərin qarşısının alınması məqsədilə imzalan müqavilə 26 Yanvar 1973-cü ildə qüvvəyə minmişdir.

4) Beynəlxalq səviyyədə qorunan insanlara qarşı edilən cinayətlərin qarşısının alınması və cinayətkarların cəzalandırılması barədə 1971-ci il müqaviləsi: Dövlət xadimlərinə və diplomatlara qarşı həyata keçirilən sui-qəsdlərə qarşı nəzərdə tutulub.

5) 18 Dekabr 1979-cu il Əsirlər müqaviləsi: Nyu-Yorkda imzalanmış müqavilədir, əsir götürmə hadisələrinə qarşı imzalanmış müqavilədir.
6) 03 Mart 1980-ci il Nüvə Maddələri Müqaviləsi: Nüvə maddələrinin qeyri-qanuni ələ keçirilməsi və istifadə edilməsinin qarşısını almaq üçün Nyu-Yorkda və Vyanada imzalanmışdır.

7) Mülki aviasiyada təhlükəsizliyə qarşı qanunsuz hərəkətlərin qarşısının alınması müqaviləsinə əlavə protokol: hava limanlarında zor tətbiqinin qarşısnının alınması məqsədilə imzalanmışdır.

8 ) 10 Mart 1988-ci il, Dəniz səyahətində təhlükəsizliyə qarşı qeyri-qanuni cəhdlərin qarşısının alınması müqaviləsi: Gəmilərdə həyata keçirilən terror aktlarına qarşı yönəlmiş bu müqavilə Romada imzalanmışdır.

9) 01 Mart 1991-ci il, Plastik partlayıcıların təyin edilməsi məqsədilə işarələnmə barədə müqavilə: Təyyarələrdə sabotajların qarşısının alınması məqsədilə kimyəvi maddələrin işarələnməsi, bununla da onların təyin edilməsini nəzərdə tutan bu müqavilə Montrealda imzalanmışdır.
10) 1997-ci il, Terorist bombalanmalarının qarşısının alınması barədə dövlətlərarası müqavilə: Partlayıcı maddələrin qeyri-qanuni istifadə edilməsi və insanlara, ətraf mühitə zərər verməsinin qarşısının alınmasını nəzərdə tutur.

11) 1999-cu il, Terrorizmin maliyyələşdirilməsinin əngəllənməsi barədə dövlətlərarası müqavilə: Bu müqaviləni imzalayan dövlətlər terror təşkilatlarına bütün növ maliyyə dəstəyinin verilməsini əngəlləmək barədə öhdəlik götürürlər.

12) 2005-ci il, Nüvə terrorunun qarşısının alınması barədə müqavilə: Nüvə maddəsindən istifadə edən terror təşkilatlarının zərərsizlışdirilməsi, cinayətkarların yaxalanması və cəzalandırırlmasını nəzərdə tutan bu müqavilə dövlətlər arasındakı iş birliyinin artırılmasını təmin edir.

Haqqında danışılan bu dövlətlərarası 12 müqavilələrdən savayı Türkiyənin imzaladığı digər müqavilələr də mövcuddur. 14 İyul 2005-ci il tarixdə imzaladığı Nüvə terrorunun qarşısının alınması barədə müqavilə də öz bəhrəsini verməkdədir. Bundan başqa, Avropa Terrorizmlə Mübarizə Müqaviləsi və BMT Transmilli Cinayətkarlığa qarşı mübarizə barədə müqaviləsi də mövcuddur. 28 Mart 2007-ci ildə imzalanmış Cinayətdən qaynaqlanan gəlirlərin təyin edilməsi, araşdırılması, müsadirə edilməsi və Terrorizmin maliyyələşdirilməsinə qarşı Avropa Şurası müqaviləsi də əhəmiyyət kəsb edir. Ayrıca olaraq, BMT Baş Assambleyasının 6-cı Komitəsi çərçivəsində həyata keçirilən terrorizmlə mübarizə fəaliyyətində də Türkiyənin önəmli vəzifələri vardır.
Türkiyə terrora qarşı dövlətlərarası mübarizənin mərkəzində məhz BMT-nin dayanmasının çox böyük əhəmiyyət kəsb etdiyinə inanır.

Türkiyənin imzaladığı bir sıra müqavilələrdə terrorizmə də qarşı birgə fəaliyyət prinsipləri nəzərdə tutulur. 70 ölkə ilə ikitərəfli müqavilələrdən başqa, Türkiyə-Bolqarıstan-Rumıniya və Türkiyə-Azərbaycan-Gürcüstan kimi 2 dənə üçtərəfli müqavilələri mövcuddur.

Dövlətlərarası Həmrəyliyin Təminatı

Avstraliya, Kanada, Bolqarıstan, Yaponiya, Kazaxıstan və ABŞ-ın terror siyahılarında yer alan təşkilatlar 1993-cü ildən Fransada, 2001-ci ilin Mart ayından isə İngiltərədə terror təşkilatları kimi qəbul edilməyə başladı. Bundan başqa, ABŞ Dövlət Departamentinin “Beynəlxalq Terrorizmin Növləri” adlı illik hesabatında on illər boyu terror təşkilatlarının növləri sadalanmışdır.

PKK, KADEK və KONGRA-GEL adlarıyla birlikdə 02 Aprel 2004-cü il tarixindən etibarən Avropa Birliyinin “Terror təşkilatları və quruluşları siyahısı”na əlavə edilmişdir.  PKK adına bəzi silahlı hücumlar təşkil edən TAK (Kürdistan Azadlıq Şahinləri) da 28 İyun 2007-ci ildən etibarən bugünə qədər Avropa Birliyinin həmin siyahısındadır.

Uşaqları qaçırıb onların beyinlərini çirkləndirən və düşərgələrdə təlimlərə cəlb edən PKK terror təşkilatının adı “Coalition to Stop the Use of Child Soldiers” adlı ictimai təşkilatın “Uşaqların əsgər kimi istifadə edilməsinin dayandırılması üçün birgə fəaliyyət” adlı hesabatında da yer alımışdır.
11 Sentyabr hadisələrindən sonra terrorizmə qarşı dövlətlərarası birgə fəaliyyət sahəsi genişləndirilmişdir. BMT TŞ-nin 1373 saylı qərarında da terrora qarşı mübarizədə həyata keçiriləcək tədbirlər planı öz əksini tapmışdır. Türkiyə bu müqavilələrdən savayı, ünsiyyət qurduğu bütün ölkələrdən PKK, KADEK, KONGRA-GEL-ə qarşı lazımi tədbirlərin görülməsini istəyir. Çünki artıq terroristlə azadlıq mücahidi arasındakı fərqlər bütün dünyaya aydın olmalıdır. Bugün Amerikanın xarici siyasətdə tutduğu mövqe dünyanın terrorizmlə apardığı mübarizəyə yeni və fərqli bir nəfəs gətirəcək.

Türkiyənin terrorla mübarizədə izlədiyi stratejilər

1980-ci illərdən sonra Türkiyə xüsusilə PKK terror təşkilatıyla çətin mübarizə meydanına atılmışdır. Bu mübarizənin böyük bir hissəsini əsgəri müdaxilələr təşkil edir. Qısa müddətli bu hərbi əməliyyatlar terrorla mübarizədə yekun nöqtəni qoya bilməmişdir. Türkiyə bu mübarizədə problemin pərdəarxası tərəflərini nəzərə almamışdır. Fəqət yenə də bu məsələnin həlli üçün Türkiyənin həyata keçirdiklərini səmərəsiz hesab etmək düzgün olmazdı.
Terror təşkilatlarının fəaliyyətlərinə qarşı təhlükəsizlik qüvvələri ilə eyni zamanda digər ictimai qurum və birliklərin də mübarizəsinin əsas strateji məqamları aşağıdakı kimi sıralana bilər:

•Terrorla Mübarizə və  Hərəkat Dairəsi Başkanlığı ilə Özəl Hərəkat Dairəsi Başkanlığı yaradılmışdır;
•Terrorla mübarizədə vəzifəli insanların təhsilinə böyük əhəmiyət verilir;
•Təhlükəsizlik qurumları personal, avtomobil və bütün növ təminatlarla mütəmadi olaraq gücləndirilir, qurumlar arası iş birliyi həyata keçirilir;
•Terrorizmin səbəblərini doğuran iqtisadi, sosial, mədəni, siyasi, psixoloji məqamları sürətlə həll etmək üçün böyük layihələr həyata keçirilmişdir. Regional İqtisadi İnkişaf Layihəsi, GAP layihəsi, Kənd-Kent layihəsi bunlara misal ola bilər;
•Terrorla mübarizədə ən önəmli ünsürlərdən biri olan xalqın dəstəyini qazana bilmək üçün görüşlər, konfrans, seminar, sempozyum, sərgilər həyata keçirilmiş və radio-TV verilişlər hazırlanmışdır;
•Terrorla mübarizədə problemin təkcə təhlükəsizlik gücləri tərəfindən deyil, eyni zamanda ictimai qurum və birliklərin də iştirakı ilə həll edilə biləcəyini cəmiyyətə çatdırmaq üçün geniş elmi konfranslar və seminarlar keçirilmişdir.
•Terror təşkilatlarının inanc və ideologiyasının qavranılması üçün universitetlərlə iş birliyi qurularaq, çoxlu sayda sempozyum və konfranslar həyata keçirilmişdir. Elazığ Fırat Universiteti və İl Emniyyet Müdirliyinin 2000 və 2001-ci illərdə həyata keçirdikləri sempozyumlar buna əyani misal ola bilər. Bundan başqa, universitetlərdə elmi fəaliyyətlə məşğul olan aspirant və doktorlar öz elmi tədqiqatlarını terrorizmin dəyişik formaları üzərində qururlar.
•Terror cinayətlərinə qarşı vaxtında və əhəmiyyətli şəkildə mübarizə aparmaq üçün 3713 saylı Terrorla mübarizə Qanunu qəbul edilmiş və qüvvəyə minmişdir.

Terrorla mübarizədə ən önəmli ünsürlərdən biri olan kəşfiyyat xidmətlərinin müasir, effektiv və səmərəli bir nəticəyə nail ola bilməsi üçün külli miqdarda vəsait yatırılmışdır. Türkiyə bir çox intihar tipli terror hücumlarını həyata keçirmək istəyən terrorçuları vaxtında zərərsizləşdirə bilən ölkələrdən biri hesab olunur.

İnsan hüquq və azadlıqlarını yetərincə təmin edə bilmək üçün 1998-ci ildə Terrorla Mücadilə və Hərəkat Dairəsi Başkanlığının tərkibində İnsan Haqları Şöbəsi yaradılaraq, burada çalışan personalın təhsilinə yüksək önəm verilmişdir.

Terrorla bağlı gerçək və dürüst məlumatları cəmiyyətə çatdıra bilmək üçün Emniyet Genel Müdirliyi tərkibində mətbuat xidməti yaradılmışdır.
Terror təşkilatlarının əsas qaynaq kimi istifadə etdiyi gəncləri doğru yola istiqamətləndirmək məqsədilə kitab, boruşura və afişalar çap edilmiş, konfrans və seminarlarda paylanmışdır. Bu mövzuyla bağlı mütəxəssislərin də qatıldığı radio və televiziya verilişləri təşkil edilmişdir.
Terror təşkilatları tərəfindən aldadılaraq cinayətə sövq edilən insanları cəmiyyətə yenidən hazırlamaq üçün Peşmanlıq qanunu kimi qəbul edilən “Topluma Qazandırma Qanunu” çıxarılmışdır.

Terrorizm qarşısında hökumətin davranışı

Türkiyə Cümhuriyyəti hökuməti digər hökumətlər kimi terrorla mübarizədə kifayət qədər iradəli görünməkdədir. Ordunun kəskin davranışı və mübarizəsi hökumətin davranışındakı ən önəmli məqamı təşkil edir. Fəqət Türkiyədə ana müxalifət partiyası terrorla mübarizədə hökumətin həyata keçirdiyi tədbirləri ciddi tənqid edir. Hökumətin bu məsələdə kifayət qədər siyasi iradə nümayiş etdirmədiyini bəyan edən ana müxalifət kürd DTP partiyasının parlamentdə təmsil olunmasını və terror təşkilatına münasibətdə yaxınlıq göstərməsini səhv bir addım hesab edir.

Bu məqalə 9-11 İyun 2009-cu il tarixdə Qırğızıstanın Cəlilabad şəhərində keçiriləcək “Qloballaşma və Türk Dünyası – VII Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı”nda çıxış üçün hazırlanmışdır.

Əhməd ŞAHİDOV

Bu yazını Facebookda şərh et