Moskvada Şimali Kipr universitetləri sərgisi keçiriləcək – FOTO

atasayan292TURSAM rəhbəri Əhməd Şahidovu qəbul edən ŞKTC Milli Təhsil, Gənclik və İdman naziri Mutlu Atasayan daha çox tələbə cəlb etmək istədiklərini bildirib
Fevralın 26-də Şimali Kipr Türk Cümhuriyyətinin Milli Təhsil, Gənclik və İdman naziri Mutlu Atasayan TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidovu qəbul etmişdir. Görüş zamanı iki ölkə arasındakı əlaqələr və Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin durumu əsas müzakirə obyekti olmuşdur.
Şimali Kipri bütün dünyada daha yaxından tanıtmaq məqsədilə əcnəbi tələbələrin ŞKTC universitetlərinə cəlb edilməsini zəruri hesab edən nazir Mutlu Atasayan Azərbaycanda və Rusiyada təhsil sərgiləri keçirmək istədiklərini bildirdi. Bununla bağlı, Aprel ayında Bakıya səfər edəcəklərini bildirən cənab Atasayan Moskvada da Şimali Kipr universitetlərinin sərgisini təşkil etmək istədiklərini dedi. Bu məsələdə öz dəstəyini göstərməyə hazır olduqlarını bildirən TURSAM rəhbəri Əhməd Şahidov Moskvada Şimali Kipr universitetlərinin sərgisini keçirmək, rus və digər millətlərdən olan tələbələrə ŞKTC-ni tanıtmaq üçün qarşıqlıqlı əməkdaşlığın zəruri olduğunu vurğulamışdır.
Azərbaycan ilə qardaş ölkə olduqlarını bildirən nazir Mutlu Atasayan Şimali Kiprin müxtəlif universitetlərində iki minə yaxın azərbaycanlı tələbənin təhsil aldığını və bu rəqəmin növbəti illərdə daha da artacağına ümidini ifadə etmişdir. Görüşdə ŞKTC Milli Təhsil, Gənclik və İdman Nazirliyinin mərkəzi aparatının rəhbəri Ali Yönel də iştirak edib.

TURSAM Mətbuat Xidməti

Bu yazını Facebookda şərh et