Şimali Kiprin tanınmış tarixçi yazarı TURSAM rəhbəri Əhməd Şahidovla görüşdü – FOTO

hatice_shahinHatice Özler Şahinə TURSAM-ın fəaliyyəti haqqında məlumat verilmiş, Xocalı soyqırımı haqqında kitablar hədiyyə edilmişdi
Xəbər verildiyi kimi, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan TURSAM rəhbəri Əhməd Şahidov bu ölkənin tanınmış tarixçi araşdırmaçısı, yazar Hatice Özler Şahinlə görüşmüşdür. Paytaxt Lefkoşa şəhərində baş tutan görüş zamanı Hatice Özler Şahin Şimali Kipr barədə danışmış, Kipr türklərinin tarixi, mübarizə illəri və müstəqilliyə qovuşması barədə TURSAM rəhbərinə ətraflı məlumat vermişdir. Eyni zamanda Azərbaycanı çox sevdiyini bildirən tarixçi yazar Hatice xanım Dağlıq Qarabağ konfliktinin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini arzuladığını ifadə etmişdir.
Görüşdən məmnun olduğunu bildirən Əhməd Şahidov Şimali Kipr barədə təəssüratlarını çatdırmış, iki ölkə arasındakı münasibətlərdən bəhs etmişdir. Hər iki ölkənin qarşılıqlı əlaqələrindən danışılmış, gələcəkdə bu əlaqələrin rəsmi şəkildə gerçəkləşəcəyi ümidi ifadə olunmuşdur.
Şimali Kiprdə 2000-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığını bildirən TURSAM rəhbəri Əhməd Şahidov gələcəkdə bu rəqəmin daha da artacağını qeyd etmişdir. Paytaxt Lefkoşanın görməli yerlərini gəzən Hatice Özler Şahin və Əhməd Şahidov Lefkoşanın ikiyə bölünmüş və “sıfır nöqtəsi” adlanan yerinə gəlmişlər. Yunan Kipri ilə həmsərhəd olan bu məntəqə adanı iki yerə ayırır.
Sərhədçilərlə söhbət zamanı məlum olmuşdur ki, Avropa Birliyinin üzvü olan qarşı tərəfə – Kipr Respublikasına keçmək ancaq Avropa ölkələri, ABŞ, Kanada və ŞKTC vətəndaşlarına icazə verilir. Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı tərəfə keçmək icazəsi yoxdur. Bundan başqa, Rusiya Federasiyası vətəndaşları da Avropa Birliyi üzvü olan Kipr Respublikasına keçə bilərlər. Bu da son aylar Rusiyanın aktiv surətdə yunan Kiprini maddi və siyasi cəhətdən dəstəkləməsi ilə bağlıdır.
TURSAM Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə yaxından maraqlanan və gələcəkdə keçiriləcək tədbirlərdə yaxından iştirak etmək istədiyini bildirən Hatice Özler Şahinə Xocalı soyqırımı və erməni vəhşiliyi barədə kitablar hədiyyə edilmiş, Qarabağın görməli yerləri həkk edilmiş suvenir təqdim edilmişdir.

TURSAM Mətbuat Xidməti

Bu yazını Facebookda şərh et