Bir ömürlük borcluyuq şəhidlərə… – FOTO

sehidlerBəzən oturub dərindən düşündüyüm anlarım olur… Və həmin anlarda bugün bu həyatda yaşamağıma görə kimlərə borclu olduğumu fikirləşmişəm. Təbii ki, bir inanclı insan kimi ilk növbədə Allaha borcluyam, məni xəlq edən, məni bir heçdən yaradan Odur. Daha sonra valideynlərim gözümün önünə gəlir, məni böyüdüb boya-başa çatdırdıqlarına görə onlara da təşəkkürümü bildirirəm fürsət düşən kimi. Bir də bir vətəndaş kimi borclu olduğumuz insanlar var deyə düşünürəm… Kimdir onlar?
Torpağına ayaq basdığımız Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş insanlar! Onlara Şəhidlər deyirik. Onlar ölməyiblər, canlarından keçiblər… bizlər üçün. Bizim rahat şəkildə yaşamağımız, təhsil almağımız, səhər evdən çıxıb işə getməyimiz, işdən sonra dostlarımızla vaxt keçirmək və ailə üzvlərimizlə xoş günlər yaşamağımız üçün onlar təhsillərindən, işlərindən, dostlarından, ailələrindən vaz keçiblər… ən əsası isə canlarından keçiblər bizim yolumuzda…
Şəhid olublar! Biz həm də həmin insanlara borcluyuq! Onların canı bahasına ayaq üstə dayanan Azərbaycanı qorumağa borcluyuq, bilik və savadımızla, istedadımızla üçrəngli bayrağımızı daim yüksəklərə ucaltmağa borcluyuq, o şəhidlərin qanları ilə yoğrulmuş Müqəddəs Bayrağımızı hər zaman öpüb gözümüz üstə saxlamağa borcluyuq!
Bir sözlə, nümunəvi vətəndaş olmağa borcluyuq! Fəhləsi dəqiq işləməklə, müəllimi dürüst olmaqla, həkimi vicdanlı yaşamaqla, prokuroru, hakimi ədalətli, alimi çalışqan, yazıçısı obyektiv davranmaqla nümunəvi vətəndaş olmalıyıq hamımız! Bir də unutmamalıyıq o insanları, bizim yolumuzda canından keçmiş şəhidlərimizi unutmamalıyıq. Təkcə əlamətdar günlərdə deyil, hər zaman onları ziyarət etməliyik, tək qəbirlərini deyil, xatirələrini ziyarət etməliyik.
Mən də bir Azərbaycan vətəndaşı olaraq, şəhidlərimizi ziyarət etdim və onların ruhunu, uyuduqları məkanı ziyarət etdim. Bu, mənim borcumdur! Vətəndaş olaraq, borcumu yerinə yetirdim. Hələ 23 il bundan öncə Sovet qoşunlarının, erməni gədələri ilə birlikdə rus başkəsənlərinin, Bakımıza yeridilən silahlı muzdluların qarşısına namusu ilə, vicdanı ilə çıxan insanlarımızı ziyarət etdim. Gec saatlarında ziyarət etdim şəhidlərimizi…
Bir az ayaq saxlayıb söhbət etmək üçün, onların daşlara həkk olmuş fotolarına doyunca baxa bilmək üçün və ən əsası onları daha yaxından tanımaq üçün gecə getdim Şəhidlər Xiyabanına. Bir dəstə gül ilə çıxdım qarşılarına, hər bir məzara baxdım, qəlbimdə onlara təşəkkürümü bildirdim, dualar oxudum onlara, söz verdim onlara… yenə gələcəm deyə, onların başlatdıqları bu yolun yarımçıq qalması ilə əsla və əsla barışmayacağıma söz verdim.
Rahat-rahat danışırdım şəhidlərlə… astadan, dinmədən və səssiz-səmirsiz danışırdım onlarla… Çünki, onlar ölməyiblər! Quranda da buyrulub ki, “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. (“Ali-İmran” 169). Odur ki, Bakımızın ən yüksək zirvəsində əbədiyyətə qovuşan qəhrəmanlarımız sağdır, yaşayırlar…
Bizim qəlbimizdə, yaddaşımızda, dilimizdə, dualarımızda yaşayırlar onlar. Əgər bugün biz müstəqil Azərbaycanımızın uğurlarına şahid oluruqsa, bunu ilk növbədə şəhidlərimizə borcluyuq! Odur ki, borcumuzu qaytarmağa çalışaq! Borclu olduğumuz kəsləri ziyarət etməklə, onları yad etməklə və onları unutmamaqla qaytaraq borcumuzu!

Əhməd Şahidov
20 Yanvar 2013-cü il saat 23:40, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et