Azərbaycanlı yazardan Şimali Kiprlə bağlı yeni roman

imzaƏhməd Şahidov: “Yeni romanım atası Qarabağ qazisi olan bir azərbaycanlı gəncin Şimali Kiprdə təhsil alması, daha sonra orada qalaraq adanın birləşməsi uğrunda apardığı mübarizədən bəhs edir”
Türk dünyası ilə sıx əlaqələrə malik və bir çox beynəlxalq elmi konfrans və tədbirlərdə Azərbaycanı layiqincə təmsil edən şair və yazar, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov bir müddət əvvəl qardaş Şimali Kipr Türk Cümhuriyyətindən qayıtmışdır. ŞKTC Prezidenti Derviş Eroğlu və digər rəsmi şəxslərlə görüşən Əhməd Şahidov Azərbaycan diasporunun bu ölkədə təşkil etdiyi bir sıra tədbirlərdə iştirak etmiş və Şimali Kipr mətbuatına müsahibələr vermişdir. Bu barədə söhbət edərkən azərbaycanlı yazar gələcək planlarından da danışdı. Şimali Kiprlə qəlbən bağlı olduğunu deyən Əhməd Şahidov yaradıcılığında bu ölkəyə xüsusi yer ayıracağını qeyd etmişdir: “Bu, mənim Şimali Kiprə artıq beşinci səfərimdir. Bundan öncə də həmin ölkədə olmuş, müxtəlif tədbirlərdə iştirak etmişəm. Artıq ikinci dəfədir ki, ŞKTC Prezidenti Derviş Eroğlu ilə görüşürəm. Bundan sonra da bu qardaş ölkə ilə əlaqələrimi genişləndirəcəm.”
Bir yazar olaraq, gələcək fəaliyətində Şimali Kipr mövzusuna geniş yer verəcəyini deyən Əhməd Şahidov hazırda yeni roman üzərində çalışdığını və yay aylarında həmin romanını dərc etdirəcəyini bildirdi: “Hazırda yeni bir əsər üzərində çalışıram. Yeni romanımın əsas mövzusu iki ölkənin ağrılı problemi olan Dağlıq Qarabağ və Kipr sorunu ilə bağlıdır. Romanımın qəhrəmanı gənc bir azərbaycanlıdır. Riad adlı bu gənc təhsil almaq üçün Şimali Kiprə yollanır, təhsilini bitirdikdən sonra orada qalıb yaşamaq və çalışmaq qərarına gəlir. Təhsil aldığı Doğu Akdeniz Universitetində aktiv ictimai fəaliyyətə başlayan gənc Riad daha sonra aktiv siyasətə qoşulur və Şimali Kiprin millət vəkili seçilir. Romanın əsas məğzi Kiprin birləşdirilməsi və bütün dünyada vahid bir Türk dövləti olaraq tanınmasıdır. İnşallah biz o günü görəcəyik və mənim yeni romanım da o gündən xəbər verən bir qaranquş olar.”
Əsərini əvvəlcə Azərbaycan türkcəsində, daha sonra isə Türkiyə türkcəsində dərc etdirəcəyini bildirən Əhməd Şahidov romana hələ ad fikirləşməsə də, əsərinin böyük maraqla qarşılanacağını vurğuladı. Romanını Ankarada çap etdirməyi düşünən azərbaycanlı yazar onun həm Türkiyədə, həm də Şimali Kiprdə satışda olacağını bildirdi.

Shahidov.com

Bu yazını Facebookda şərh et