RUSİYA VƏ TÜRKİYƏ

qlobusMüharibələrdən müttəfiqliyə doğru…
Rusiya və Türkiyə arasındakı qarşılıqlı münasibətlərin tarixi çox uzun və mürəkkəbdir. Bu tarix  həm müharibələrdən, həm qarşılıqlı uzaqlaşmalardan, həm də isti münasibətlərdən ibarədir. Biri müsəlman, digəri isə xristian ölkəsi olan bu iki güc əslində din maraqlarından çox, regional strateji maraqlardan çıxış edərək, öz xarici siyasətinin konturlarını təyin edir. Bu səbəbdən bu iki dövlətin maraqlarının bir çox nöqtələrdə həm kəsişən, həm də birləşən məqamları var. Türkiyə və Rusiya arasındakı münasibətlərin tarixi çox qədimlərə çıxmaqdadır. Xristianlıq Vizantiyadan qədim rus torpaqlarına qədər uzanırdı. Rusiya ilə Türkiyə arasında dənizə çıxış əldə etmək üçün zaman-zaman müharibələr baş vermişdi. Türkiyədə bir-neçə il birinci rus miqrant dalğası məskən salmışdır. Bu və ya digər cəhətlər bu iki ölkəni bir-biri ilə çox sıx bağlayır.

Rusiyada türk dilinin öyrənilməsi siyasi tələbatdan doğan zərurət idi

Rusiyada türk dillərini əslində çoxdan bilirdilər. Hələ tariximizin tatardan əvvəl vaxtlarında rus dilinə bir çox türk sözləri daxil olmuşdur (Məsələn, “İqor polku dastanı” leksikonundakı türk elementlərini yada salaq).

Rus yazılı mənbələrində rus və türklər arasındakı sülh və düşmənçilik münasibətləri barədə külli miqdarda məlumatlar tapmaq olar. XI əsrdə Rusiyada türkdilli tayfalar meydana gəlir. Türklərin rus torpaqlarında məskunlaşması haqqında ilkin etibarlı mənbələr 1080-1097-ci illərə aiddir.

Rusların türklərlə çox əsrlik birbaşa ünsiyyətləri nəticəsində ruslar türk xalqlarının dilləri, adət-ənənələri, əxlaq və mədəniyyətləri ilə ətraflı tanış olublar. Sonradan artıq Moskvada türk dilinin öyrənilməsinə başlanıldı. XVII əsrdə Moskvada Posol bölgəsində tatar və türk dillərindən tərcüməçilər fəaliyyət göstərirdilər. Türkoloq mütəxəssislərin hazırlanması üzrə ilk dövlət tədbirlərinin həyata keçirilməsi də məhz I Pyotrun adı ilə bağlıdır.

Türk-Rus müharibələri əslində regionda kimin daha güclü olmasının nümayişi idi

Rusiya Türkiyəyə həmişə rəqib kimi baxmış və imkan tapan kimi rəqibini zəiflətmək, daha çox torpaq işğal etmək və regionda nüfuzunu artırmaq siyasəti yürüdürdü. Bu səbəbdən 1695-1696-cı illərin Azov yürüşləri çar I Pyotrun ilk xarici siyasət addımları sayılır. Bu, Osmanlı İmperiyası ilə mübarizənin yeni bir istiqaməti idi. Qızğın müharibələrin təməli qoyulur.

1695-ci ilin yayında rus qoşunları Qolovin, Lefort və Qordonun komandanlığı altında Azov ətrafına irəliləyir. Lakin türk bastionunu qəsb etmək onlara nəsib olmur. Növbəti il Azov rus qoşunları tərəfindən mühasirəyə alınır və 18 iyul 1696-cı il tarixində qala qarnizonu təslim olur. 1697-ci ildə Rusiya, Avstriya və Venesiya Osmanlı İmperiyasına qarşı birlik yaradırlar.

Rəqiblik və güc nümayişi təkcə Rusiyadan deyil, Osmanlı İmperiyasından da nümayiş olunurdu. Türklər də öz növbəsində daha çox torpaqlar əldə etmək, dənizə çıxış əldə etmək və hegemon dövlət qurmaq planlarını gizlətmirdilər. 1735-ci ildə Qara dənizə çıxmaq üstündə növbəti rus-türk müharibəsi başlayır. Müharibənin əsas səbəbi 20 minlik krım tatar qoşunlarının Zaqafqaziyada rus sərhədlərini pozması ilə başladı. Rusiya ilə Osmanlı İmperiyası arasında hərbi əməliyyatlar 1735-ci ilin payızında başladı, 40 minlik korpus Perekopa doğru irəlilədi. Bu müharibə 1739-cu ilin sentyabr ayında Belqrad sülh müqaviləsinin imzalanması ilə sona çatdı. Lakin bu qanlı dördillik müharibədən sonra da Rusiya əvvəlki kimi Qara dənizə çıxışı əldə edə bilmədi.

1768-1774-ci illər – rus-türk müharibəsi də çoxlu itkilərlə yadda qaldı. Rusiya öz qoşunlarını Polşadan çıxarmaqdan imtina etdiyinə görə, Osmanlı İmperiyası ona qarşı müharibə elan etdi. 10 iyul 1774-cü il tarixdə Kiçik-Kaynarcan kəndində Osmanlı İmperiyası ilə sülh müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən, krım, kuban və budcak tatarları Türkiyənin tabeçiliyindən çıxır, Krımdakı Kerç və Yenikale, o cümlədən Qara dəniz sahillərindəki Kinburn Rusiyanın tabeçiliyinə keçir. Rusiya Azovu möhkəmlətməyə müvəffəq olur. Türkiyə rus gəmilərinin maneəsiz olaraq boğazdan keçməsinə icazə verdi və 4,5 milyon rubl kompensasiya ödədi. Rusiya Valaxiya və Moldaviyanı öz himayəsinə aldı.

Türkiyə itirilmiş mövqeləri ilə hec cür barışmaq istəmirdi. O səbəbdən yeni bir müharibəyə başlamaq üçün intensiv hazırlıqlar aparırdı. Nəhayət yeni müharibənin əsası qoyuldu. 1787-ci ildə yeni bir rus-türk müharibəsi başlayır. Krım və digər əraziləri yenidən geri qaytarmaq üçün Türkiyə tərəfindən hərbi əməliyyatların əsası qoyulur. Bu müharibədə Rusiya Avstriya ilə müttəfiq kimi iştirak edirdi. Sülh müqaviləsi 1791-ci ildə Yassaxda imzalanır. Bu müqaviləyə əsasən Rusiya Cənubi Buqdan Dnestrə qədər Qara dəniz sahilləri boyu geri çəkildi.

1806-cı ildə yenidən rus-türk müharibəsi başlanıldı. Qafqazda və Qara dənizin şimal sahillərindəki keçmiş torpaqlara yenidən sahib olmaq üçün Türkiyə tərəfindən hərbi əməliyyatlara start verildi. Bu müharibədə tərəflər arasında vasitəçi rolunu oynayan Napoleon Türkiyəyə siyasi və hərbi dəstək verirdi və Rusiyaya qarşı vuruşmaqda kömək edirdi. 1812-ci ildə Buxarestdə imzalanmış müqaviləyə əsasən sərhədlər Prut çayından Dunaya qədər təyin olundu, Rusiya Dunayda ticarət gəmiləri saxlamaq hüququ qazandı, Serbiyaya muxtariyyət verildi.

1828-ci ildə birillik rus-türk müharibəsi başlandı. Hərbi əməliyyatlar 1828-ci ilin baharında Dunay ətrafında başladı, burada 95 min rus qoşunu toplaşmışdı. Sonda 14 sentyabr 1829-cu ildə sülh müqaviləsi imzalandı. Rusiya Dunay deltasında adalar, Qara dəniz sahilləri, Axalçix və Axalkalaki qalaları, habelə 33 milyon qızıl rubl əldə etdi. Müqaviləyə əsasən rus və əcnəbi tacirlər Qara dəniz sularında maneəsiz hərəkət etmək hüququ əldə etdilər. Müqavilədə Yunanıstanın müstəqilliyi, eləcə də Moldaviya, Valaxiya və Serbiyaya muxtariyyət elan olundu.

1853-1856-cı illər Krım müharibəsi də yadda qalan oldu. Türkiyənin Rusiyaya qarşı layiqincə müharibə apara bilməsi üçün İngiltərə və Fransa türklərə yardım edirdi. Rusiya Balkan yarımadasını Türkiyədən ayırdı. Müharibəyə səbəb Fələstindəki müqəddəs yerlər, yəni Vifleem kilsəsinin kimə məxsus olması üstündə katolik və pravoslav kilsələri arasında yaranmış mübahisə oldu. Baxmayaraq ki, bu məsələnin həlli sultana məxsusdur, amma I Napoleon və I Nikolay Türkiyəyə təsir etmək üçün bəhanə axtarırdı və bu səbəbdən də mübahisəyə girişdilər: birinci – katoliklərin tərəfində, ikincisi isə – pravoslav kilsəsinin tərəfində. Dini mübahisə sərt diplomatik konfliktə çevrildi. Sülh müqaviləsi 30 mart 1856-cı ildə Parisdə imzalandı. Müqaviləyə əsasən, müharibə zamanı işğal olunmuş ərazilər dəyişdirildi. Rusiya Qara dənizdə özünün hərbi donanma və sahilkənarı hərbi-dəniz arsenalı saxlama hüququnu, eləcə də Dunay və Cənubi Bessarabiya boyu torpaqları itirdi.

Getdikcə regionda maraqlarını qurban verən Rusiya bu uğursuzluqlar silsiləsi ilə hec cür barışmaq istəmirdi. Odur ki, itirilmiş torpaqları geri qaytarmq və regionda əvvəlki nüfuza sahib çıxmaq vaxtı çatmışdı. 1877ci ildə yenidən rus-türk müharibəsi alovlandı. Balkanlarda öz nüfuzunu artırmaq üçün Rusiya tərəfindən müharibə başlandı. 1875-ci ildə Bosniya və Hersoqovinanın slavyan vilayətlərində Osmanlı İmperiyasının təzyiqlərinə qarşı üsyanlar başladı. Nəhayət, 19 fevral 1878-ci ildə San-Stefanoda sülh müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən, Türkiyə Çernoqoriya, Serbiya, Rumıniyanın tam müstəqilliyini tanıdı. Yeni bir dövlət Bolqarıstan knyazlığı yarandı. Bosniya və Hersoqovina muxtariyyət aldı. Bessarabiyanın bir hissəsi Rusiyaya qaytarıldı, Qafqazda Ardağan, Batum, Kare, Bayazet Rusiyanın nəzarətinə keçdi. Türkiyə 310 milyon rubl təzminat ödədi.

Rusların Türkiyəyə miqrasiyası həm də iki sivilizasiyanın birləşməsi idi

Vətəndaş müharibəsinin törətdiyi faciə 150 min rusun Bosfor vasitəsilə qaçmasıma gətirib çıxardı: 27 min qadın, 100 mindən çox hərbçi, 6 min xəstə və yaralı insan köçkün həyatı yaşamağa məhkum oldu. Həmin hadisələrin şahidi olmuş yazıçı İlya Surquçev 1920-ci ildə qaçqınların köçməsini belə təsvir edirdi: “Konstantinopol sahillərində sarı sanitar bayraqlar qaldırmış 65 rus gəmisi dayanıb, bu gəmilərdəki çoxlu sayda insanlar amerikan qaletləri və qırmızı ingilis bişməmiş kornbif yeyirdilər. Artıq neçə gündür idi ki, onların adi suya ehtiyacı var idi.”

Ciddi nizam-intizam nəticəsində çadır və komalarda məskunlaşmış əsgər və zabitlər nəinki hərbi hissələrin nömrələrini saxlamış, hətta yaşadıqları məntəqəni əsl hərbi düşərgəyə çevirmişdilər. Burada sıra təlimləri, rota və batalyon məşqləri, hətta parad və baxışlar da keçirilirdi. Zabit toplantılarında teatrlar yaratmaq, jurnallar buraxmaq və rəsm sərgiləri təşkil etmək planları müzakirələri olunurdu. Knyaz Dolqorukov yazırdı: “Küçələrdə iti addımlar atan, qarşısına çıxan generallara hərbi salam verən əsgər və zabitlərə rast gəlinirdi. Eyni zamanda ordu sıralarını tərk etmiş zabitlər cırıx paltarlarda küçələrdə kibrit, karandaş və xırda əşyalar satırdılar”.

Bugün Gelibolu şəhərində sakit balıqçı təknələri, turist avtobusları, Dardanel boğazından keçib gələn paromlar görünür. Nə vaxtsa buranın rus ordusunun sonuncu düşərgəsi olması barədə heç bir nişanə qalmayıb.

İstambulun özündə də rus miqrantlar vəzifəsindən asılı olmayaraq, cəmiyyətə qarışırdılar. Qaçqınlar əsasən şəhərin Avropa hissəsində, Bosforun qərb sahillərində, Qalata rayonunda və şəhərin əsas Avropa arteriyası olan Pera küçəsi ətrafında məskunlaşmışdılar.
Rus qaçqınların rəngarəng fəaliyyətlərinin ən əhəmiyyətlisi onların şəhərin mədəni həyatına təsir etməsi idi. İstambulun rus rəssamları birliyi ən yaxşı rəsmlərin sərgisini təşkil edirdi. Türk tamaşaçılarını ən çox “yüngül” janr cəlb edirdi və məşhur operetta artisti Vladimir Smirnov “Pariziana” adlı kabare-teatr açmışdı.

Rusiya və Türkiyə müasir beynəlxalq münasibətlər fonunda daha çox müttəfiq kimi görünürlər

Rusiya və Türkiyə hərbi-texniki əməkdaşlığı həm ABŞ və Avropanı, həm də İranı narahat edir

XX əsrin sonu – XXI əsrin əvvəllərində dünyanın siyasi xəritəsinə nəzər yetirsək, görərik ki, Rusiya və Türkiyə heç də keçən yüzilliklərdəki kimi düşmən tərəflər deyil, əksinə həyatın bir çox sahələrində yaxın müttəfiq və tərəfdaşlardırlar. Bu iki super dövlət arasında uğurlu hərbi-texniki əməkdaşlıq telləri də mövcuddur.

Türkiyə öz ordusunun sayına və döyüş hazırlığına görə NATO-da ikinci yeri tutur. Hər il türk bazarında silahın satış həcmi 3-5 milyard dollar təşkil edir. 1997-2007-ci llər ərzində türk silahlı qüvvələrinin modernləşdirilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi üçün 27 milyard dollar pul xərclənib. Ümumiyyətlə isə Türkiyə silahlı qüvvələrinin modernləşdirilməsi istiqamıtində 2020-ci ilə qədər 150 milyard dollar xərclənməsi nəzərdə tutulur.

Rusiya və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq hələ 1992-ci ildən başlanmışdır. Türkiyə NATO üzvü olan ilk ölkə idi ki, Rusiya ilə bu sahədə əməkdaşlıq edirdi. İkitərəfli hərbi-texniki əməkdaşlığın təməlini Rusiya Federasiyasının prezidenti Boris Yelsinin Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə Moskvada (may 1992) və İstambuldakı (iyun 1992) görüşləri qoydu. O zaman Türkiyəyə 300 milyon dollar məbləğində rus silah-sursat və hərbi texnikası göndərmək haqqında prinsipial bir razılıq əldə olundu.

1992-1993-cü illər ərzində imzalanmış dövlətlərarası razılaşmaya əsasən Türkiyə tərəfinə, konkret olaraq Jandarm Qüvvələri Baş İdarəsinə və Milli Müdafiə Nazirliyinə BTR-60 və BTR-80 zirehli maşınlar, Mi-17 vertolyotları, 4 köməkçi gəmi, pulemyotlar, snayper tüfəngləri, 190 milyon dollarlıq hərbi sursat verilib. Bunun 100 milyonu Rusiyanın Türkiyəyə olan borcu müqabilində təqdim olunub. Türkiyə ilə əməkdaşlığı təkcə “Rosoboroneksporta” deyil, həm də “Rostvertol” və “Kalaşnikov” şirkətləri həyata keçirir. Bundan başqa, müxtəlif təyinatlı vertolyotlar, tanklar, hərbi hava qüvvələri üçün desant və köməkçi gəmilərin də satışı məsələləri müzakirə olunur.

1994-cü ilin aprel ayında bağlanmış hərbi-texniki əməkdaşlıq barədə hökumətlərarası müqaviləyə əsasən Türkiyənin Dövlət Maşınqayırma və Kimya Sənayəsi Korporasiyası ilə birlikdə taktiki raket komplekslərinin, atıcı silahların və müxtəlif növ silah-sursatın birgə istehsalı nəzərdə tutulurdu. 2001-ci ildə hərbi-texniki əməkdaşlıq üzrə birgə rus-türk komissiyası yaradıldı ki, bunun da məqsədi bu əməkdaşlığa daha stabil və uzunmüddətli xarakter vermək idi. 2002-ci ilin sentyabr ayında Ankarada və 2003-cü ildə Moskvada komissiyanın iki toplantısı keçirildi.

Rusiya və Türkiyə hərbi-texniki əməkdaşlığının perspektivləri regionda stabillik yaratmağa hesablanıb

Rusiya və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın perspektivləri obyektiv maneələrlə qarşılaşır. Bunlara Türkiyədə NATO standartlarının tətbiq edilməsi və tərəflər arasındakı maliyyə çətinliklərini misal göstərmək olar. Bu səbəblərə Türkiyənin hərbi və siyasi dairələrində möhkəm yer alan ABŞ və digər Qərb ölkələri tərəfindən nümayiş etdirilən güclü rəqabət də daxildir. Buna baxmayaraq, Türkiyə ilə bu istiqamətdə əməkdaşlıq etmək Rusiya üçün perspektiv və yüksək siyasi əhəmiyyət kəsb edir.

Rusiyanın Türkiyə ilə hərbi-texniki əməkdaşlığının ən əhəmiyyətli proyekti “ATAK” proyektidir – Türkiyədə 145 kəşfiyyat-hücum vertolyotlarının lisenziyalı istehsalında rusların “Rosoboroneksport” və “Kamov” şirkətləri də iştirak etmişlər. Bu layihənin tenderində əsas rəqib amerikan şirkəti “Bell Tekstron” idi. Bu şirkət hətta prezident Corc Buşu da müdaxiləyə sövq edərək, öz təklifinin tenderdə bəyənilməsi üçün çox böyük və intensiv siyasi lobbi təbliğatı aparırdı. Lakin Rusiya tərəfinin təklif etdiyi şərtlər – türklərə təklif etdiyi silahların keyfiyyəti, hərbi texnikanın hədsiz imkanları, təklif olunan qiymətlər amerikanların təkliflərindən daha da münasib idi. 15 oktyabr 2003-cü il tarixdə Türkiyənin milli müdafiə nazirinin müavini, müdafiə sənayəsi aparatının rəhbəri D.Erdcan ruslara məxsus “Kamov” şirkəti ilə müqavilə imzalamaq qərarına gəldi.
Lakin 1 aydan sonra həmin məmur istefaya göndərildi. 14 may 2004-cü ildə həmin tender qalib elan olunmamış ləğv olundu. “ATAK” layihəsi üzrə təkrar tender 2004-cü ilin avqust ayında keçirildi.

Rusiya və Türkiyə arasındakı əməkdaşlıq kosmik sahədə də baş tutmuşdur. Rusiya və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq üzrə birgə komissiya kosmik sahədə, o cümlədən hərbi təyinatlı peyklər sahəsində birgə fəaliyyət barədə maraqlarını ifadə etmişlər. Bundan başqa, Türkiyə bu əməkdaşlıq çərçivəsndə türk kosmonavtların və kosmik mütəxəssislərin hazırlanmasında maraqlıdır.

Bütün bunlar bir daha sübut edir ki, Türkiyə Rusiyaya potensial silah satıcısı kimi baxır, regional məsələlərdə ziddiyyətlər yarandığında Qərb ölkələrinin təzyiqləri zamanı Rusiyadan mümkün olan bütün hərbi-texniki yardımları alacağına qarant qazanır. Başqa sözlə desək, türk hərbi-sənaye kompleksi Rusiyaya potensial eksklyuziv texnologiyalar (aviasiya, donanma, kosmos, HHQ vasitələri, atıcı alətləri) istehsalçısı kimi baxır. Belə ki, Türkiyə bu silahları Qərb və ya digər ənənəvi tərəfdaşlarından ala bilmir.

Təcrübə göstərir ki, rus-türk qarşılıqlı münasibətlərinin hərbi-texniki sahədə inkişafı bugün tərəflər arasındakı siyasi əlaqələrdən və hərbi münasibətlərdən daha çox asılıdır. Ekspertlərin fikrincə, Rusiya və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişaf etməsi üçün dövlətlərarası sənədlərin imzalanmasına ehtiyac var. Bu sənədlər həm intellektual mülkiyyətin müdafiəsi və hərbi-texniki əməkdaşlıq sahəsində məxfi informasiyaların qorunması barədə olmalıdır.

Ümumiyyətlə, Rusiya və Türkiyənin siyasi yaxınlaşmasının başqa bir səbəbi də Qafqazda sülhə nail olmaq niyyətindən doğur. Türkiyənin Qafqazda Sülh Paktının yaradılması təklifi əsasən dünya siyasətində daha böyük rol oynamaq istəyindən irəli gəlir. Türkiyə NATO üzvü olan yeganə ölkədir ki, eyni zamanda dünyanın ən qaynar nöqtəsi sayılan iki ölkəsi – İraq və Gürcüstan ilə həmsərhəddir. Bucür situasiyanı özünə sərf edən aspektdə istifadə etməmək ən azından uğursuzluq olardı. Bosfor sahillərində də bunu çox gözəl başa düşürlər. Bu səbəbdən bugün Türkiyə əlindən gələni edir ki, bu tarixi şansdan maksimum yararlansın və özünü təkcə regional qüdrətə sahib ölkə kimi deyil, həm də beynəlxalq təhlükəsizlik sisteminin mühüm bir faktoru kimi nümayiş etdirsin.

Özünün xarici siyasətindəki ambissiyalarına nail olmaq üçün rəsmi Ankara çox böyük cəhdlər edir. Bu səbəbdən beynəlxalq siyasətin bir çox məsələlərində Türkiyə və Rusiyanın yaxınlaşması xüsusi diqqət çəkir. Bir çox əhəmiyyət kəsb edən problemlərdə anlaşma əldə etmək üçün sadəcə dialoq əldə etmək yox, konkret nəticələrə hesablanmış dialoq başlamaq gərəkdir.

Bir sözlə, artıq anlaşmaq zamanıdır. Moskva və Ankara bunu vaxtında başa düşüblər. Təsadüfi deyil ki, Qafqazdakı “beşgünlük müharibə” zamanı və sonra Türkiyənin tutduğu mövqe region üçün daha ağır nəticələrin meydana gəlməsinin qarşısını aldı, yoxsa Ankara rəsmi Tiflisin tərəfini tutsaydı, hadisələr öz məcrasından çıxa bilərdi. Ümumiyyətlə, Gürcüstandakı müharibə öz gücünü nümayiş etdirmək üçün Türkiyəyə böyük bir şans verdi. Bununla da Türkiyənin Qafqazdakı nüfuzu artmağa başladı. Artıq rəsmi Ankara Qafqazda platforma təklifi ilə çıxış edir və regionun stabilliyinin qarantı olmağa çalışır. Təbii ki, burada Rusiya faktorunu da yaddan çıxarmaq düzgün olmazdı. Əslində Rusiya ilə yaxınlaşan Türkiyə ilk növbədə İranın regiondakı təsirini azaltmağa çalışır. Necə deyərlər, rəqiblərini bir-bir zərərsizləşdirməyə çalışır, əvvəlcə İranı, sonda isə Rusiyanı. Türkiyə regionda İranın nüfuz dairəsini daraltmaqla əslində özünün də əziyyət çəkdiyi PKK problemini həll etməyə çalışır. Belə ki, İran ərazisindən İraqa keçən və oradan da Türkiyəyə qarşı ərazi iddiaları ilə müharibə aparan kürd separatçılarını birdəfəlik zərərsizləşdirmək üçün ilk növbədə İranı neytrallaşdırmaq gərəkdir.

Türkiyə və Rusiyanın Qafqazdakı uzunmüddətli maraqları üst-üstə düşür. İki ölkənin rəhbərlərinin siyasi əlaqələrinin səviyyəsi, o cümlədən regional və beynəlxalq siyasətin bir sıra mühüm istiqamətlərində dialoqun intensivləşdirilməsi də bunu açıq şəkildə göstərir.

İki ölkənin yaxınlaşması həm də Dağlıq Qarabağ konfliktinin ətrafında yaranmış regional problemlər kompleksinin həll edilməsi prosesində də özünü göstərir. Ankara ilə Yerevan arasında sentyabr ayında başlanan və Moskva tərəfindən aktiv şəkildə dəstəklənən, Bakıda da anlayışla qarşılanan dialoq region ölkələrinin liderlərinin görüş və məsləhətləşmələrində öz əksini tapmışdır. Rusiya prezidenti Dmitriy Medvedevin Azərbaycan və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı Moskvada görüşməsi təklifi Ankaranın səyləri nəticəsində mümkün olmuşdur. Hətta Moskvanın bu məsələdə aktivliyi Ankara tərəfindən mülayim qarşılanır. Əsas olanı nəticədir. Türk politoloqları birbaşa bəyan edirlər ki, türk-rus yaxınlaşması uzun illər boyu donmuş vəziyyətdə qalmış bu problemin həllində müsbət rol oynaya bilər.

Bununla belə Moskva və Ankaranın siyasi yaxınlaşması Avropada, daha çox isə okeanın o tayında bir mənalı qarşılanmır. Hətta belə bir hökm də çıxarılıb ki, Ankara özü üçün seçim etməlidir: bundan sonra kiminlə və hansı oyunu oynamalıdır.

Anadolu tərəfdə bu məsələ ilə bağlı özəl bir fikir var. Burada xarici siyasətin təməl prinsipi kimi hər zaman şəxsi maraqlar ön plana çəkilib və Türkiyənin bu prinsipdən geri çəkilmək fikri yoxdur. Hətta 1962-ci ildən bəri ilk dəfə olaraq, Türkiyənin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi kimi mühüm bir hadisə də bu ölkənin öz xarici siyasətində hər hansı korrektə etməsinə səbəb olmadı. Bunu Türkiyənin xarici işlər naziri Əli Babacan da son günlərki çıxışında qeyd etmişdir. O qeyd etmişdir ki, Türkiyə Kipr məsələsində öz mövqeyindən geri çəkilməyəcək və Qafqaz problemində də eyni mövqedən çıxış edəcək.

Qeyd etmək lazımdır ki, ikitərəfli siyasi münasibətlər yüksək səviyyədə olduğu kimi ticari-iqtisadi münasibətlər də kifayət qədər inkişaf etmişdir. Belə ki, Rusiya son zamanlar Türkiyənin xarici ticarət dövriyyəsində Almaniyadan sonra ikinci yeri tutur. Qarşılıqlı investisiyaların həcmi və xarakteri də diqqət çəkir.

Türk iş adamlarının 2007-ci ildə Rusiya iqtisadiyyatına yatırdığı investisiya təqribən 3,9 milyard dollar təşkil edirdi. İnvestisiyalar qida, şüşə, elektrik, elektrotexnika, ağacqayırma sənayesi, tikinti materialları istehsalı, məişət kimyası, eləcə də xidmət sferası, ticarət, turistik və bank sektoruna yatırılıb.
Hal-hazırda Türkiyə ilə Rusiya arasında ən böyük investisiya layihəsi Türkiyənin mobil rabitə sahəsi sayılır – xatırladaq ki, Rusiyanın “Alfa Telekom” kompaniyası “Türkcell” mobil operatorunun 3,2 milyard dollar məbləğində olan 13,2 % payına sahibdir. Son zamanlar rus şirkətlərinin Türkiyə iqtisadiyyatının digər sahələrinə də maraq göstərdiyi müşahidə olunur. Ruslar istilik-energetika, qara metallurgiya və tikinti materialları istehsalı sahələrinə də kapital yatırmaq niyyətindədirlər.

Rusiya-Türkiyə işgüzar Şurası Rusiyanın regionları ilə birbaşa işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsinə çalışır ki, bu şurada da 36 rus regionu və 150-dən çox türk şirkəti birləşib.

Əlbəttə, dünya iqtisadi böhranı çərçivəsində investisiya əməkdaşlığının forması dəyişə bilər, lakin investisiya layihələrinin tükənməsi və ya hər iki ölkənin iş adamlarının bir-birinə maraqlarının azalmasını söyləmək yersizdir.
Buna əyani sübut kimi 30 oktyabr-01 noyabr 2008-ci il tarixdə İstambulda keçirilmiş Avropa və Mərkəzi Asiya üzrə Birinci beynəlxalq iqtisadi forumu göstərmək olar.

Bir çox əsrlər ərzində Rusiya və Türkiyə rəqib olmuşlar. Bu rəqiblik bir çox hallarda uzun-uzadı müharibələrlə nəticələnirdi. Bu iki dövlətin ambissiyaları milli hegemonluq ideologiyasından cücərirdi. Lakin keçmişdəki təsəvvürlər və stereotiplər indi öz yerini siyasi realizmdən doğan rasional sxemlərə və praqmadik gedişlərə verir ki, bunun nəticəsində qarşılıqlı münasibətlərin səviyyəsi yüksələrək taktiki birlikdən strateji partnyorluğa gətirib çıxarır. Bu proses o qədər intensiv cərəyan edir ki, hətta ölkə prezidentləri qarşılıqlı səfərlər etməyə və ölkələr arasındakı münasibətləri daha da qaldırmağa çalışırlar.

Əhməd ŞAHİDOV

Bu yazını Facebookda şərh et